“Qaraciyər risklidir, qorxuram, yaxşı, əməliyyat harada olacaq?”
“Salam, 41 yaşım var. Qan qrupum 1+. Kimə donor böyrək lazımdırsa, donor ola bilərəm. Tel: 051-7XX-XX-XX. Zəng edin. Roska Kurbanzade”.
Dekabrın 3-də internetdə yayılmış elandır. Nə zarafatdır, nə də lağ-lağı…
***
– Salam. Elana görə sizi narahat edirik. Böyrəyinizi satdığınızı yazmısınız.
– Bəli. Satıram. Alacaqsız?
Sevinclə soruşur.
– Bizə qaraciyər lazımdı.
Susur…
– Qaraciyər risklidir. Qorxuram. Yaxşı, əməliyyat harada olacaq?
– Bakıda.
– Burda yaxşı eləmirlər.
– Yooo, həkim türkdü. Bakıya gələcək. Xəstənin vəziyyəti yaxşı deyil. Yola çıxa bilməz.
– Sirroz?
– Hə.
Bir qədər də düşündü. “Yox, istəmirəm. Qorxuram. Risklidi qaraciyər. Mən böyrəyimi satıram”, deyib telefonu qapadır.
***
“Azərbaycan Respublikasının Qanunlarına görə, insan orqanı mülki dövriyyədə ola bilməz. Nəticə etibarilə bunun satılması qanunsuzdur və qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmalıdır. İnsan orqanların transplantasiyasına gəldikdə isə insan həyatının xilas edilməsi, sağlamlığının bərpası üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan, zədələnən orqanların donorun və ya insan meyitinin orqan ilə əvəz edilə bilər”.
Bunu hüquqşünas Aqil Layıc deyir. Hüquqşünas ürək, ağ ciyər, böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən digər orqan transplantasiyanın obyekti ola biləcəyini də qeyd edir. Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ancaq bu müəssisələrdə aparıla bilər.
– Donordan orqan götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir. Transplantasiya yalnız resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Resipiyent 18 yaşına çatmamışsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən razılıq verilir. Resipiyentin həyatı təhlükədə olarsa, istisna hal kimi onun özünün, valideynlərinin və qanuni nümayəndəsinin razılığı alınmaya bilər.
“Şəxs sağlığında donorluğa yazılı razılığım bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqanlarından istifadə oluna bilər. Münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqanlarının götürülə bilər. Lakin şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir”.
Qanunlar belə deyir. Göründüyü kimi transplantasiya ancaq qanunun şərtlərinə əməl etməklə reklam edilə və təklif oluna bilər. Bunun isə küçələrdə və internet üzərində reklamı qadağandır. Ən azı digər insanların psixologiyasına təsir ehtimalını nəzərə alaraq, qanun bunun açıq reklamını və təklifini qadağan edir. Donor olaraq orqan təklif edən şəxs bunu ancaq prosedura uyğun təklif edə bilər. Orqan təklifi ancaq müəyyən edilmiş jurnallar və saytlarda ola bilər. İnternetdə orqanlarını satması ilə bağlı elanlar qanunsuz reklam hesab edilsə də, cinayət məsuliyyəti yoxdur. Qanunda boşluqlar var deyə.
Qanunu pozmaqla orqanlarını və ya hansısa toxumasını təklif edən insanlar əksər hallarda orqan mafiyasının qurbanına çevrilir, əksər hallarda ilkin olaraq onlar aldadılır və nəticədə onların iradəsinin ziddinə olaraq orqanları onlardan alınmış olur. Bu isə həmin işbazların yüksək məbləğdə pul qazanmasına, orqanını təklif edən şəxsin isə səhhətində ciddi problemlərin olmasına gətirib çıxarır. Ona görə də, məhz vətəndaşlar bu yöndə maariflənməsi zəruridir.
“Bioloji və Tibbi Xidmət Zamanı İnsan Haqlarının və Ləyaqətinin Qorunması Haqqında” Avropa Şurası tərəfindən qəbul edilən Konvensiyanın (Azərbaycan hələ də bu Konvensiyaya qoşulmayıb) 19-cu maddəsində qeyd edilir ki, orqan transplantasiyası zamanı orqanını təklif edən donor mütləq “səlahiyyətli dövlət orqanları” qarşılığında öz razılığını verməlidirlər. Məhz səlahiyyətli dövlət orqanları qarşılığında razılıq şərti ona görə seçilib ki, şəxs orqan mafiyasının qurbanı olmasın. Qanunvericiliyimizdə orqan və toxumaların qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyəti də nəzərdə tutulub.
Azərbaycanda orqan transplantasiyasının tarixi 1971-72-ci illərə təsadüf edir. Hələ o zamanlar akademik M. Cavadzadə tərəfindən həm canlıdan, həm də meyitdən böyrək transplantasiyası icra olunub. Buna görə akademikə SSRİ Dövlət Mükafatı da təqdim olunub. Amma müəyyən səbəblərdən bu iş sonralar dayanır. 2000-ci illərin əvvəllərində professor Kamal Abdullayev iranlı mütəxəssislərlə birlikdə bir neçə böyrək transplantasiyası əməliyyatları icra edir. Təəssüflər olsun ki, yerli mütəxəssislər olmadığından bu iş də yarımçıq qalır.
Müstəqillik dövründən sonra səhiyyəmizin tarixində ilk canlıdan qaraciyər transplantasiyası əməliyyatı 2008-ci ilin dekabrın 12-də olub. Bu əməliyyatı hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, Tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi edib. M. Kazımi Türkiyənin dünyada məşhur olan Ege Universitetinin Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsində təhsil alıb. Bu sahə üzrə Türkiyədə işlədikdən sonra 2008-ci ilin oktyabrında Mərkəzi Neftçilər Xəstəxanasına işləmək üçün dəvət alır.
Bundan sonra M. Kazıminin komandasına Türkiyənin Gülhanə Hərbi tibb fakültəsinin məzunu cərrah Eldar Əhmədov, nefroloq, Yaponiyanın Toxoku Universitetinin məzunu Elnur Fərəcov və başqaları da qoşulur. Beləliklə, qısa bir müddət ərzində sırf azərbaycanlılardan ibarət olan cərrah, anestezioloq, reanimatoloq, radioloq, pediatr, orta və kiçik tibb heyəti – ilk milli transplantologiya komandası yaranır.
Yarandığı gündən bu yana ilk milli transplantologiya komandamız 68 qaraciyər və 176 böyrək transplantasiyası icra edib. Bölgələrdə, Naxçıvan MR, Qəbələ, Quba, Şamaxı, Şirvanda dövlətin dəstəyi ilə təmənnasız böyrək transplantasiyası əməliyyatları keçirilib.
“Ölkəmizdə kadavra (meyit) orqanlarını hələ ki, istifadə edə bilmir”, şöbə müdiri təəssüflə qeyd edir.
– Bu səbəbdən də yalnız canlı qohum donor orqanları vasitəsiylə transplantasiya edirik. Buna görə də, qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunur. Əslində müraciətlər bütün orqan çatışmamazlığına görə olur. Amma yenə təkrar edirəm, qaraciyər və böyrək xəstələri daha şanslıdır. Çünki canlı qohum donor tapa bilmək imkanları var. Donorlar könüllü, qohum, heç bir maddi təmənna güdməyən sağlam şəxslər də ola bilər. Orqan alış-verişi isə cinayətdir və qanunla cəzalandırılır.
Lent.az-a danışan ilahiyyatçı Ceyhun Şükürov isə İslamda başqasının həyatını məhv etməmək şərti ilə orqan köçürülməsinə icazə verildiyini deyir. Yəni orqanını bağışlayan adamın həyati təhlükəsi olmadığı halda və özünün razılığı ilə başqasının həyatını xilas edə bilər.
Orqan transplantasiyasını İslam təriqətlərində konkret haram sayan yoxdur, lakin hər bir məzhəbdə müxtəlif rəy sahibi olan alimlər var.
– Məsələn, Hənbəli təriqətində diri adamın hər hansı bir orqanını bağışlaması və transplantasiyası yalnız ciddi zərurət olduğu təqdirə icazəlidir. Amma Hənbəli məzhəbinin alimlərindən olan İbn Useym tamamən bunun əleyhinədir. Cəfərilərdə də bu məqamla bağlı fikir ayrılıqları var. İmkansızlıqdan, yaxud maddi gəlir qarşılığında bir insanın orqanlarını satmağına gəlincə, bu haramdır.
Çünkü Allah o bədəni və onun üzvlərini sənə əmanət olaraq verib. Qaldı imkansızlığa, sən ruzini axtarmalısan və mümkün səbəblərdən yararlanmalısan.
Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir (Talaq surəsi 2-3).
***
İstər qanunsuz olsun, istərsə də haram, fakt odur ki, onlarla insan imkansızlıqdan internetdə orqanını satmasıyla bağlı elan verib. Və böyrəyinin, qaraciyərinin müştərisini gözləyir… Söhbət bundan gedir. O ki qaldı ruziyə… bu, başqa söhbətin mövzusudur.
http://s020.radikal.ru/i704/1502/0f/93cfa5a4b084.jpg
http://s008.radikal.ru/i306/1502/8e/f8c8b1aef971.jpg
http://s019.radikal.ru/i626/1502/73/f6990828f3e9.jpg
http://s020.radikal.ru/i703/1502/87/036394f32bc1.jpg