“Qoşa həyat” layihəsində
Mədəni, dürüst, geniş intellekt sahibi olduğu qədər də səmimi, təvazökar… Məşhur bir ailənin övladı, ən əsası isə bilgili, sayğılı…
Axar.az -ın müsahibi tanınmış sənətçi, Azərbaycanın xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyevadır.
Qısa arayış:
Şəfiyeva Zümrüd Faiq qızı 1980-ci il iyulun 31-də Bakı şəhərində dünyaya gəlib. 1996-cı ildə 6 saylı orta məktəbi bitirən Zümrüd ali təhsilini ABU-da müalicə işi ixtisası üzrə alıb. 2006-ci ildə ailə həyatı quraraq İngiltəryə köçüb. Daha sonra İngiltərə vətəndaşlığını alaraq Siti London Univerisitetinin Psixologiya fakültəsində oxuyub. Hazırda Londonda yaşayır və doktorantura pilləsi üzrə təhsil almağa hazırlaşır.
Bir kişi, bir qadın… bir qucaqlıq ayrılıq
– Zümrüd xanım, həyat yoldaşınızdan ayrılmısınız. Bu ayrılıqdan sonra həyatınızı necə davam etdirirsiniz? Çətin deyil ki! Həyat yoldaşınızla, ailəsilə münasibətləriniz nə yerdədir?
– Əvvəla, mənə doğma olan Axar.az saytının bütün kollektivini və oxucularını salamlayıram. Yadımdadır, yay aylarında Flora xanım da saytınıza müsahibə vermişdi və qərəzsiz, olduğu kimi sayta yerləşdirilmişdi. Onun üçün də sizə təşəkkür edirəm. Bu doğma sayta müsahibə vermək mənim üçün xoşdur. Qaldı ki, keçmiş həyat yoldaşıma və onun ailəsinə, bəli, biz ayrılsaq da, münasibətimizi iki normal insan kimi davam etdiririk. Onun ailəsi hər zaman mənim yanımdadır. Mənə münasibətləri dəyişməyib, daha da möhkəmlənib, qarşılıqlı dostluq əlaqələrimiz davam edir. Keçmiş həyat yoldaşımın qohumları da burada, Londonda yaşayırlar. Onlarla da əlaqəm yüksək səviyyədədir. Amma Allaha şükür, mənim maddi olaraq kimsənin yardımına ehtiyacım yoxdur. Mənəvi dəstək hər şeydən önəmlidir. Bilirəm, bu dediklərim kənardan normal səslənmir, çünki ayrılıqlar müsibətlərlə nəticələnir. Amma bizdə belə olmadı, mən hər zaman onların dəstəyini, sevgisini hiss etmişəm! Bunun üçün də keçmiş həyat yoldaşıma və onun ailəsinə minnətdaram. Bu evlilik mənə dərs oldu. Mənəvi olaraq məni çox böyütdü.
– Bəs ayrılığa səbəb nə idi?
– Bizim ayrılığımıza səbəb təbiətən ayrı-ayrı insanlar olmağımız idi. Vallah, çox adam danışır ki, guya biz uşaq söhbətinə görə, xəyanətə görə ayrılmışıq. Amma inan ki, belə şey yoxdur. Bu, nə bir qadın, nə də bir kişi söhbəti deyil. İnsanlar evlənəndə havalı olurlar, amma zaman keçdikdən sonra hər şeyə fərqli baxırlar. Bizdə də belə oldu… Bir neçə il sonra fərqli insanlar olduğumuzu anladıq. Biz tamamən ayrı dünyanın insanlarıydıq. Qəribə səslənsə də, biz dostca qucaqlaşıb ayrılmışıq. İndi də dost kimi görüşürük.
– Yenidən ailə qurmaq fikriniz varmı? Əgər evlənsəniz, sıradan biriylə evlənərsizmi?
– Təbii ki, bütün qadınlar kimi mənim də belə bir istəyim var. Amma bunun hələ nə vaxt baş verəcəyini bilmirəm. İçimdə belə bir hiss var ki, bu baş verəcək. Məncə, insan normal, özünə uyğun biriylə evlənməlidir. Mənə insan lazımdır, bunu bir psixoloq kimi deyirəm. Varlı, tanınmış birini axtarmaq gülünclük, səviyyəsizlik olardı. Qısası, evlənəcəyim insan mənim düşüncə və həyat tərzimə uyğun biri olmalıdır.
Heç kimin köməyinə ehtiyacım yoxdur
– Maddi ehtiyaclarınızı kim qarşılayır, gəliriniz hardandır?
– Həm təhsilimi davam etdirir, həm də işləyirəm. Nə anamın, nə də başqasının maddi köməyinə ehtiyacım var. Özümü necə lazımdır, maddi olaraq təmin edirəm. İşim ixtisasım üzrədir. Psixoloji və fiziki promlemləri olan insanlarla işləyirəm. Çox çətin işdir. Bu təcrübəni keçməliyəm ki, gələn il doktoranturaya qəbul olum və artıq tək başıma psixoloq kimi işləyim. Bura sivil, maraqlı, insanın dünyagörüşünü inkişaf etdirən bir ölkədir. Mən şanslı inasanam. Ona görə ki, qohumlarım, dostlarım burada yaşayır. Dostluq etdiyim şəxslər pozitiv insanlardır. Həyat məni həmişə yaxşı insanlarla qarşılaşdırır. Şükürlər olsun Allaha.
– İstərdik ki, İngiltərə ilə Azərbaycanı müqayisə edəsiniz…
– Bunu müqayisə etsəm, obyektivlik olmayacaq. Mən öz vətənim haqqında başqa bir şey desəm, nankorluq olar. Deməsəm də yenə nəsə düzgün olmayacaq. Amma belə deyə bilərəm ki, buranın insanları daha soyuqqanlıdır. Bizim insanımız qonaqpərvər, istiqanlıdır. Burda insanlar bütün qaydalara riayət edirlər. Bizimkilər isə bunun tam əksini edir, amma mən məmləkətimin insanlarını sevirəm. Vətənimdə daha çox xoşbəxt, rahat oluram. Çünki istiqanlı insanları çox sevirəm.
– Burdan bir sual ortaya çıxır. Siz niyə Vətəndə yox, İngiltərədə yaşamağa getdiniz?
– Bilirsiz, mən ailə qurduqdan sonra Londona köçdük. Burada universitetə daxil oldum. Ailə həyatımın bitməsi ilə universiteti bitirməyim eyni ilə təsadüf etdi. Amma bu ixtisası dərindən bilmək üçün yenidən bura gəldim. Bildiyimiz kimi, bizdə psixologiya çox da inkişaf etməyib. Onun üçün də burda doktorantura təhsili alıb, peşəkarlıq səviyyəmi yüksəltdikdən sonra vətənimə qayıdıb millətimə xidmət etmək istəyirəm. Bu mənim seçimim deyil, taleyin işidir.
“Ruhumuz qovuşacaq”
– Flora Kərimova sizin üçün kimdir? Sizcə, o, xaricdə nə dərəcədə tanınır, dinlənilir, sevilir? Ən çox sevdiyiniz mahnısı hansıdır?
– Flora Kərimova mənim üçün Anadır. Anamın köhnə mahnılarını daha çox sevirəm. O mahnıların səsi dünyadan gəlməli idi. Amma yeni mahnılar da var. Onların bəzilərini çox sevirəm. Yeni mahnılardan “Məhəbbətim”, “Nəyim var mənim”, “Ruhumuz qovuşacaq”… Köhnələrin isə hamısını sevirəm. Bilirsiniz, Flora xanım haqqı çatdığının heç yarısı qədər də tanınmır. Bunun da səbəbləri var. Əslində, Flora xanım bu potensialının qarşılığında ən az Müslüm Maqomayev qədər tanınmalıydı. Bəzən çox heyfsilənirəm. Flora xanımın öz potensialının gərçəkləşməməsi onun əyilməzliyi ilə bağlıdır. Yəqin taleyi elə gətirdi. Bu bir az da onun xarakteri ilə bağlıdır. Amma buna baxmayaraq, yenə də çox sevilir, tanınır. Flora xanım müqaisəsiz insandır.
– Bizim şou-biznesdəki söz-söhbətlərə, Flora xanımın İlhamə Quliyeva ilə, Faiq Ağayevlə olan münasibətlərinə necə baxırsınız?
– Bilirsiniz, biz elə bir ailədə böyümüşük ki, o bizə seçmək hüququ verib. Deyib ki, mənim kimlərləsə münasibətim sizə aid deyil. Onun kimlərəsə münasibətindən asılı olmayaraq, biz o insanlara nəinki düşmənik, hətta bir çoxu ilə dostuq. Onları anamın gözündə böyütməyə çalışmışam, bəzən müdafiə də etmişəm.
Kaş atam sağ olaydı…
– Bir az da atanızdan danışaq.
– Əfsuslar olsun ki, mənim yeddi yaşım olarkən atam rəhmətə gedib. Onu tanıya bilməmişəm. 34 yaşım var… indi başa düşürəm ki, bir qızın həyatında atanın rolu nə qədər böyükmüş. İndiyə qədər anam mənim dünyamı öz dünyasıyla o qədər doldurmuşdu ki, kor kimi idim. Heç atasızlığımın fərqinə varmırdım. Bu, çox aktual məsələdir. İndiyə qədər heç kim mənə atamla bağlı sual verməyib… Düşünürəm ki, atam yaşasaydı, anam etdiyi çox şeyi etməzdi. Əsasən, son vaxtlar atam haqqında çox düşünürəm. Atanın qız uşağının həyatındakı rolu başqaymış. Atasız qız yarım olur. İlk dəfədir bunu deyirəm: kaş atam sağ olaydı. Əvvəllər bu haqda düşünməmişdim belə. Atam üçün darıxıram.
– Qardaşınızla münasibətiniz necədir?
– Qardaşım bu dünyada hər kəsdən, hər şeydən əzizdir mənə. Onunla nəfəs alıram. Allah hər kəsə belə qardaş, arxa, dayaq qismət etsin. O mənim atam, anam, hər şeyimdir. Tez-tez görüşürük. Anamdan daha çox onunla zəngləşirəm. Bu da anamı çox sevindirir. O, yalnız bizim xobəxtliyimizi, mehriban olmağımızı istəyir. Buna görə də dünyanın ən xoşbəxt bacısıyam.
– Nə əcəb müğənni və ya aktrisa olmadınız, ananınzın yolunu davam etdirmədiniz?
– Bu məsuliyyəti boynuma götürə bilməzdim. Amma özümdə bu qabiliyyətin olduğunu düşünürəm. Çox istərdim… bir maraqlı, səviyyəli təklif, layihə olsa, məmnuniyyətlə qəbul edərdim, amma aktrisa olmaq fikrim yoxdur. Çünki mənim incəsənət təhsilim yoxdur. Müğənnilikdən söhbət belə gedə bilməz. Mənim nə müğənnilik istedadım, nə də səsim var.
Qızmar günəş, piti, qutab, aş…
– Ölkəmizin ən çox nəyi üçün darıxırsınız?
– Vətənimin hər şeyi üçün darıxıram. Məsələn, qızmar günəşi, pitisi, aşı, qutabı və s. Bilirəm, bunlar bəsit şeylərdir və insan əslində bəsit şeylər üçün darıxır bəzən.
– Nə vaxtsa vətənə qayıdıb, siyasətlə məşğul olmağı düşünürsünüzmü? Məsələn, millət vəkili olmaq istərdinizmi?
– Siyasətlə yox, əsla. Ola bilər ki, mən ictimai xadim olum, özümü elə də görürəm, amma siyasətçi olmaq istəməzdim…
– Sizin bu sadəliyiniz hardan gəlir?
– Anamdan, atamdan gəlir. Bu, genetik bir şeydir. Amma bəlkə də mən başqasına sadə görünmürəm. Mənim atam çox sadə, ziyalı, intellektli biri olub. Onun insanlığı, sadəliyi, ağırlığıyla bağlı əfsanələr belə var desəm, yanılmaram. Anamla qürurlanmağım şişirdilmiş görünər bəlkə də, amma mən daha çox atamla, elə anam qədər qürur duyuram. Sizə də atamla bağlı verdiyiniz suala görə təşəkkür edirəm…