b_23102013h8gfgkmrocm_z8u1

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) direktoru Hakan Fidan fevralın 7-nə keçən gecə gözlənilmədən istefa verib.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, Hakan Fidan istefa ərizəsini gecə saat 12-ni bir dəqiqə keçmiş baş nazir Əhməd Davudoğluna təqdim edib.

Ə.Davudoğlu istefanı qəbul edib, ancaq MİT direktorunun istefası fevralın 10-dan qüvvəyə minəcək.

Hökumətdəki mənbələrdən əldə edilən məlumata görə Hakan Fidan istefasına əsas kimi bu il iyulun 7-də keçiriləcək parlament seçkilərində millət vəkilliyinə namizədliyini irəli sürmək qərarını göstərib.

Hakan Fidan Türkiyə hakimiyyətinin ən qüdrətli simalarından biri və prezident Rəcəb Tayyib Ərdoğanın “sağ əli” idi.

Maraqlıdır ki, hökumət sözçüsü, baş nazirin müavini Bülent Arınc MİT direktorunun istefasını müsbət qarşılamayıb. Onun millət vəkili olmaq üçün istefa etməsini “münasib saymadığını” deyib.

“Onun indi gördüyü iş daha önəmli idi. Əgər vəkil olacaqsa hər vəkil onun gördüyü işi görə bilməz. Adi millət vəkili olacaqsa, məncə, bu vəzifəsi daha önəmli idi. Şəxsən onun nazir olmasını münasib hesab etmirəm. Supermen vəzifəsi verilmiş bir adamın millət vəkili olaraq parlamentdə daxil edilməsini israf kimi görürəm”– Bülənt Arınc deyib.

Hakan Fidan Türkiyə hakimiyyətinin ən önəmli fiqurlarından biri olmaqla yanaşı həm də ən qaranlıq, eyni zamanda ən qalmaqallı fiquru hesab edilirdi. O, Ankarada anadan olub, ancaq əslən haralı olduğu dəqiq məlum deyil. Bəzi iddialara görə, milliyyətcə kürddür. Vaxtilə Suriyada İŞİD-çilərə silah göndərilməsini təşkil etməkdən tutmuş İmralı həbsxanasında Abdullah Öcalanla gizli danışıqlar aparmağa qədər çoxsaylı qalmaqallara görə Ərdoğan Hakan Fidanın istefasını tələb edən müxalifətə cavab olaraq demişdi ki, MİT direktoru onun “sirr küpüdür” və heç vaxt təslim etməz.

Hakan Fidan 2010-cu ildə 42 yaşında MİT direktoru təyin edilib. O, kəşfiyyata rəhbərlik edən ikinci “mülki şəxs” hesab edilir. Belə ki, Türkiyə kəşfiyyatına ənənəvi olaraq generalitetin təmsilçiləri rəhbərlik edirdi. Onun həyatının 2001-ci ilə qədər olan dövrü barədə məlumat olduqca məhduddur.

Hakan Fidan MİT direktoru təyin edilməzdən əvvəl orduda kəşfiyyat zabiti kimi xidmət edib. Almaniyadakı NATO çevik reaksiya qüvvələri komandanlığında kəşfiyyat zabiti olub. 2001-ci ildə ordudan ayrılıb. Ordudan ayrılandan sonra mülki həyatda ilk işini sonradan AKP millət vəkili olan Suat Kınıklıoğlunun sayəsində tapıb.

S.Kınıklıoğlu onu öz yerinə – Avstraliyanın Ankaradakı səfirliyində siyasət və iqtisadiyyat üzrə müşavir vəzifəsinə düzəldib.

Hakan Fidanın karyerasında sürətli yüksəliş 2003-cü ildə Türk İşbirliyi və Kalkınma İdarəsi (TİKA) başqanlığına təyin edilməsindən sonra başlayıb. TİKA həmin dövrlərdə baş nazirin müavini və xarici işlər naziri olan Abdullah Gülə bağlı idi. Fidan Güllə çox yaxın təmasda çalışıb və münasibətləri o qədər yaxşılaşıb ki, Gül prezident olanda onu öz administrasiyasında işə təyin etmək istəyib.

TİKA həm XİN, həm MİT-lə, həm də digər kəşfiyyat strukturları ilə sıx təmasda işlədiyi üçün bu struktura rəhbərlik Hakan Fidan üçün çətin olmayıb. Onun dövründə TİKA Orta Asiya və Türkiyənin tarixi, mədəni bağları olan digər regionlarla əlaqələri gücləndirib, Afrikada fəaliyyətə başlayıb. Onun TİKA-ya rəhbərliyi həmin dövrlər baş nazir olan Ərdoğanın da diqqətini çəkib.

2007-ci ildə Ərdoğan onu öz aparatında xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müşavir vəzifəsinə təyin edib. Çox keçmədən o, Ərdoğanın aparatında ən önəmli şəxslərdən birinə çevrilib. Hakan Fidan Ərdoğan kimi İstanbullu olmasa da onunla siyasət illərindən şəxsi dostluğu yaranmasa da baş nazir ona çox etimad bəsləyib. Hakan Fidan Ərdoğanı xarici səfərlərdə müşayiət edir, xarici qonaqları qəbul edərkən görüşlərində yer alırdı.

Və çox keçmədən Ərdoğanın ən sadiq adamına çevrilən Hakan Fidan ətrafında böyük qalmaqal başladı. 2011-ci ildə internetə sızdırılan səs yazısında (bu səs yazısının indi “paralel yapı” adlandırılan Gülən şəbəkəsi, yaxud İsrail kəşfiyyatı tərəfindən qeydə alındığı ehtimal edilir) məlum olurdu ki, Türkiyə dövləti PKK terror təşkilatı ilə gizli danışıqlar aparır. Norveçin Oslo şəhərində aparılan bu gizli danışıqlarda Türkiyə dövlətini cəmi il yarım əvvəl MİT direktoru təyin edilmiş Hakan Fidan təmsil edir.

Həmçinin məlum olmuşdu ki, Hakan fidan Osloda PKK təmsilçiləri ilə danışıqlara başlamazdan əvvəl İmralıya gizli səfər edərək Abdullah Öcalanla görüşüb.

Oslo danışıqlarının üzə çıxması Türkiyədə siyasi zəlzələyə səbəb oldu, müxalifət ayağa qalxdı. Ərdoğandan izahat tələb edildi və bu danışıqlar böyük xəyanət olaraq qiymətləndirildi. Ərdoğan əvvəlcə bu gizli danışıqları təkzib etdi, ancaq daha sonra danışıqların onun göstərişi ilə başladığını bildirdi və Hakan Fidanı təslim etməyəcəyini bildirdi.

“Onu İmralıya göndərən də mənəm, Osloya göndərən də. Fidan mənim sirr küpümdür, Türkiyə dövlətinin sirr küpüdür. Onu heç vaxt təslim etmərəm” – dedi.

Bu qalmaqal təzəcə sakitləşmişdi ki, PKK-nın qolu olaraq elan edilən KCK-nin işi üzrə istintaqı aparan prokuror Hakan Fidanı şahid qismində ifadə verməyə çağırdı. Prokurorun sanksiyasına görə, Hakan Fidan ifadə verməyə məcburən gətirilməli idi və polislər onu evindən götürüb aparmalı idi. Lakin Ərdoğan buna imkan vermədi, MİT direktorunun baş nazirin icazəsi olmadan istintaqa cəlb edilməsini qadağan edən xüsusi qanun da çıxardı.

Hakan Fidanın istintaqa çağırılması o vaxt “Gülən camaatı” ilə AKP arasında gizli gedən çəkişmənin nəticəsi idi.

Nəhayət, bu qarşıdurma açıq fazaya keçəndə məlum olacaqdı ki, Hakan Fidan Gülən şəbəkəsinin hədəfində olan əsas fiqurlardan biridir. Onun və MİT-in barəsində dalbadal kompromatlar internetə, mətbuata sızdırıldı. MİT əməkdaşlarının Suriyada müxaliflərə silah daşıyan TİR-ləri müşayiət edərkən görüntüləri çəkildi. Hətta baş nazirin iqamətgahında dinlənilməsi mümkün olmayan və “kosmik otaq” adlandırılan otaqda Hakan Fidan, o vaxt xarici işlər naziri olan Əhməd Davudoğlu və jandarma komandanı arasında Suriyaya dair olduqca məxfi danışıqların səs yazısı da internetə ötürüldü.

Lakin Hakan Fidan da Gülən şəbəkəsinə sarsıdıcı zərbə vuran əsas fiqur kimi tanındı. Bu şəbəkənin dövlət strukturlarında möhkəmlənmiş üzvlərinə qarşı əməliyyatlar MİT-in koordinasiyası ilə keçirilirdi. Ərdoğan məhz Hakan Fidanın sayəsində bir vaxtlar Türkiyə dövlətini idarə edən əsas güc hesab edilən Gülən şəbəkəsini xeyli zəiflədə bildi və hakimiyyətini möhkəmləndirdi.

İndi Ərdoğan prezident kürsüsündə öz hakimiyyətini daha da möhkəmləndirir və konstitusiyanı dəyişdirib prezident üsul-idarəçiliyinə keçməyə hazırlaşır. Belə bir vaxtda onun Hakan Fidan kimi önəmli adamının MİT direktorluğundan qəfil ayrılması olduqca müəmmalıdır.

Heç bir şübhə yoxdur ki, Hakan Fidan sıradan millət vəkili kimi parlamentə seçilmək üçün istefa verməyib. İndi Ərdoğanın onunla bağlı gələcək planlarının nədən ibarət olduğu haqda təxminlər müxtəlifdir. Bəzilərinə görə, Hakan Fidan seçkilərdən sonra formalaşacaq yeni hökumətdə baş nazirin müavini, yaxud xarici işlər naziri kimi postlar tuta bilər. Lakin bu ehtimallar da o qədər inandırıcı görünmür.

Bəlkə Hakan Fidan elə baş nazir olmaq üçün MİT-dən istefa verib? Bəlkə onun istefası növbəti məxfi missiyanın başlanğıcıdır? Axı indiki baş nazir Əhməd Davudoğlu AKP-nin qarşıdakı seçkilərdə qələbəsini təmin edə biləcək qədər güclü lider hesab edilmir…

Загрузка...