“İstehlakçılardan bizə tez-tez şikayət daxil olur. Son dövrlər daha çox “Music Gallery” dükanlar şəbəkəsindən narazılıq edirlər. Həmin dükanlarda istehlakçıların hüquqlarının müxtəlif şəkildə pozulması qeydə alınır. Vətəndaşların narazılıq bildirdiyi əsas məsələ endirim kampaniyaları ilə bağlıdır. Bu adla cəlb olunan müştəri əslində endirim olmadığının və ya endirimin istehsala az yararlı məhsullara cüzi tətbiq edildiyinin, nəticə etibarı ilə aldanıldığının fərqinə varır”.
Bu haqda Modern.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
O, müştərilərin qiymət baxımından daha çox aldanıldığını iddia edir: “Müştərinin daha bir şikayəti budur ki, dükandakı printerlə katric bir yerdə 55 manat, həmin printerin katrici tək halda 56 manatdır. Müştəri bunun səbəbini anlaya bilmir.
“Music Gallery” dükanlar şəbəkəsindən mürəkkəb texniki məhsullar, bu qəbildən olan televizorlardan ardıcıl şikayətlər daxil olur. Televizorlarla bağlı narazılıqların sayı-hesabı yoxdur. İnsanlar məhsulu alıb evinə aparır, bir neçə gün sonra avadanlıq işləmir”. AİB sədri qeyd edib ki, “World telecom” mobil şirkətindən alınan telefonlar keyiffəyt baxımından çox aşağıdır: “Eyni zamanda, mobil telefonlardakı nasazılıqlarla bağlı müarciətlər çoxalıb. Xüsusilə də “iPOD” mobil telefonların göstərildiyi qaydalarda işləməyi əsas gətirilir. Yəni reklam olunduğu kimi suya davamlılıq yoxdur, su altında çəkilişlərin həyata keçirilməsi mümkün olmur, bir müddət sonra telefonların əyilməsi baş verir və s. Şəbəkə olaraq “World telecom”dan alınan məhsullar verilən zəmanət müddətinə çatmadan sıradan çıxır”.
Eyyub Hüseynov bildirib ki, qadınları aldadan parfümeriya dükanı da peyda olub. Bu haqda birliyə “Deşile” firmasından məhsul alaraq aldadılan Nigar Səfərova məlumat verib. Belə ki, dükan müştərisilə bağladığı müqaviləyə əsasən, özündən əlavə 10 rəfiqəsinə məhsullarını təklif edir. 3 min manatlıq məhsulu istehlakçıya verir və deyir ki, bir il müddətində vəsaiti ödəyərsən. Satdığı məhsulun keyfiyyətinə zəmanət versə də, həmin məhsuldan istifadə edən şəxslərin üzlərində müəyyən fəsadlar meydana gəlir. Müqavilə bağlansa da, şərtlərə əməl olunmur”.
AİB sədri banklardan, sığorta şirkətlərindən kobud rəftarla bağlı daha çox müraciət edildiyini də bildirib. Qida məhsullarından isə açıq şəkildə satılan konfet qutularının, xurmaların altında qurd olmasından narazılıq edən istehlakçıların olduğunu vurğulayıb. Bundan əlavə, “İvanovka” brendinin saxta variantının peyda olduğunu da açıqlayıb: “Uzun ömür İvanovka” deyilən süd məhsullarından şikayətlər var. Məlum olub ki, həmin məhsulların İsmayıllının İvanovka kəndilə əlaqəsi yoxdur. O məhsulların hazırlanması üçün İsmayıllıdan süd gətirilmir. Bakıda bir neçə yerdə saxta “İvanovka” dükanı açılıb.
Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, eyni zamanda İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişəm. Dəfələrlə müarciət etməyimizə baxmayaraq, bizə ətraflı cavab verilməyib. Yalnız “araşdırma, tədqiqat aparılır” deməklə şablon cavablar verilib. Biz işimizi görür və lazımi qurumları bu haqda məlumatlandırırıq”.