321515

Teleaparıcı Şəbnəm Turanın Milli.Az-a müsahibəsi.

– Şəbnəm xanım, sizin simanız tamaşaçılara bir neçə il öncə də yaxşı tanış idi. Sonra efirdən bir müddət uzaqlaşdınız. Nə baş vermişdi onda?

– Analıq məzuniyyətinə çıxdım. Başım bir müddət uşağa qarışdı. Sonra yenidən televiziyaya qayıtmaq istədim, ancaq müəyyən maneələrlə rastlaşdım. Nəticə etibarilə, o maneələrin hamısını dəf edib, efirə qayıtdım. Elçin Əlibəylinin dəstəyi ilə yenidən öz aparıcılıq yoluma davam etdim. Şükürlər olsun ki, çox sevdiyim bir peşədə çalışıram.

– Efirdən uzaq qaldığınız zamanlarda başqa bir işlə məşğul olmadınız?

– Kosmetika və ətriyyat dükanlarının birində menecer kimi fəaliyyət göstərdim bir müddət. Ancaq sıxılırdım. Efir məni özünə “dartırdı” sanki. Get-gedə anlamağa başlayırdım ki, həyatımı televiziyasız təsəvvür edə bilmirəm. Çox darıxırdım.

– Şükürlər olsun ki, öz arzunuza çatdınız və qısa zaman kəsiyində tamaşaçı sizi çox istəməyə başladı. Bunu, yəqin ki, sizin özünüzə gələn mesajlar da təsdiq edir…

– Bəli, tamaşaçılara minnətdaram daim məni diqqətdə saxladıqları üçün. İndiyə qədər barəmdə pis bir fikir eşitməmişəm. Təki, bundan sonra da belə olsun, inşallah.

– Hazırda “Kişilər evdə olmayanda” və “Oturduğumuz yerdə” adlı verilişləri paralel olaraq aparırsınız. Çətin olmur ki?

– İşdən zövq alırsansa, onun çətinliyi gözünə görünmür. Heç nəyin fərqinə varmırsan.

– Maraqlıdır, sizə yerinizdə rahat oturmağa imkan verirlər?

– Şükürlər olsun ki, hə. Yerim çox rahatdır. Heç kimin mənimlə bir işi yoxdur.

– Sizi efirdə daha çox qısa ətəklərdə görürük. Bu, efir xatirinə olan bir addımdır, yoxsa öz seçdiyiniz bir geyim tərzidir?

– Efirə çıxan hər bir teleaparıcı üçün gözəl geyinmək başlıca amillərdən biridir. Mən də buna çox önəm verirəm. Düzdür, qısa ətəklərdən mütəmadi olaraq istifadə edirəm. Amma zənnimcə, belə ətəklər mənim əynimdə vulqar görünmür. Yaraşdığı üçün geyinirəm. Bunu ətrafımda olan insanlar da deyirlər.

– O insanların arasında olan əks-cinsin nümayəndələrinin fikirlərini nəzərə alırsınız?

– Öz geyimimlə efirdə, yaxud da hansısa bir məclisdə diqqət çəkməyim normal haladır. Amma mən bunu kişilərin “nəzər nöqtəsi”nə düşmək üçün heç vaxt bilə-bilə etməmişəm, etmərəm də.

– Gənclik illərində də belə geyim tərzinə üstünlük verirdiniz?

– Əslində, çox sərt və zəhmli bir kişinin qızı olmuşam. Atam həmişə ailəsinə qarşı mühafizəkar olub. Onun yanında oturuşumuza, danışığımıza fikir vermişik. Qardaşımın biri də çox qısqanc olub. Məni hərdən döyürdü (gülür). O dövrlə bu dövr arasında fərq çoxdur. İndi qısa geyinmək dəb halını alıb. Qadının özündə əxlaqi baxımdan bir problem yoxdursa, qısa geyinməyində bir eyib görmürəm. Amma çərçivədən kənara çıxmamaq şərti ilə…

– Elə atanın və qardaşın əlindən çıxıb ər evinə düşdünüz… Həyat yoldaşınız sizi daha çox qoruyur, yoxsa qısqanır?

– Yoldaşımla artıq neçə ildir ki evliyik, amma bu vaxta qədər nə geyim üstündə, nə də başqa bir məsələyə görə mübahisəmiz yaranmayıb. O, məni qısqanmır, qoruyur.

– Heç sizə əl qaldırmayıb?

– İnanın, elə bir şey yadıma gəlmir. Nəinki yadıma, heç ağlıma da gəlmir ki, o, mənə haçansa əl qaldırar. Onun üçün mən onu heç ömrüm boyu o həddə çatdırmaram axı.

– Həyat yoldaşınızı ilk baxışdan sevmisiniz, yoxsa tədricən?

– Sevginin gözü kordur deyirlər, mən onu görən kimi, nədənsə, mənim həyat yoldaşım bu insan olacaq dedim. Buna ilk baxışdan sevgi deyim, yoxsa nə, bilmirəm, bircə onu bilirəm ki, onunla birlikdə çox xoşbəxtəm. Məni başa düşür. Mən də onu. Gündə ən azı on dəfə zəng edib mənimlə maraqlanır (gülür).

– Bu, bəlkə qısqanclığından irəli gəlir?

– Qətiyyən. Sadəcə olaraq, mənə qarşı çox diqqətcildir, qayğıkeşdir. Bu da mənim xoşbəxtliyim üçün kifayət edir.

– Deyirlər ailə qurandan bir müddət sonra sevgi tədricən yox olur. Sizdə bu hallar baş veribmi?

– Mən sevgidən daha çox hörmətə, ehtirama önəm verən insanam. Əgər bunlar varsa, ailənin təməli də möhkəm olacaq. İki insan bir-birinə daha möhkəm bağlanacaq.

– Dediniz ki, ehtirama və hötmətə öməm verən birisiniz. Bəs nəyə önəm vermirsiniz?

– Bəlkə də, səmimi olaraq qəbul etməyəcəksiniz bu fikrimi, amma inanın ki, maddiyat, var-dövlət bu dünyada mənim üçün ən axırıncı şey sayılır.

– Xəyanətlə qarşılaşmısınız?

– Söhbət həyat yoldaşımın xəyanətindən gedirsə, heç bir dəfə də olsun belə halla rastlaşmamışam. Çox əminliklə deyə bilərəm ki, bundan sonra da olmayacaq.

– Hər bir kişinin arxasında ağıllı bir xanım dayanır, deyirlər. Amma eyni zamanda, hər bir xanımın da yanında güclü bir kişi olmalıdır… Buna münasibətiniz necədir?

– Mənim fikrimcə, kişi elə kişidir. Fiziki baxımdan qadın, sözsüz ki, kişidən zəifdir. Amma kişi təkcə fiziki olaraq deyil, mənəvi olaraq da qadının arxasında dayanmağı bacarmalıdır. Ağıla qaldıqda isə, “iki baş”ın düşüncəsi daha məqsədəuyğundur, yəqin ki. Məsələn, mənim həll edə bilmədiyim elə məsələlər olur ki, həyat yoldaşım onu çox rahatlıqla həll edə bilir. Bu baxımdan kişiləri daha güclü sayıram.

– Sizin çox vətənpərvər olduğunuzu eşitmişəm…

– Doğurdan da, elədir. Azərbaycanı çox sevirəm. Millətimə çox bağlıyam. Oğlumun adının Turan olması da məhz bundan qaynaqlanır.