Загрузка...

jaleee

“Özəl televiziya kanalları səviyyəsi aşağı olan insanları efirə buraxmaqdan çəkinməlidir”. 

Bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyevason dövrlərdə özəl televiziya kanallarında baş verən mənfi hallara münasibət bildirərkən deyib.

J.Əliyeva qeyd edib ki, özəl televiziya kanallarında bu problemin aradan qaldırılmasının müxtəlif yolları var: “Televiziya cəmiyyətin bir aynasıdır. Biz televiziyalarda mənəvi-mədəni köklərimizlə bağlı verilişlərin sayının artmasını çox istəyirik. Lakin o zaman özəl kanallardan aldığımız cavab ondan ibarət olur ki, özəl televiziya kanalları reklamdan asılıdır, televiziyalarda reklam yerləşdirənlər öz reklamlarının daha çox şou xarakterli, ucuz əyləncəli proqramlar zamanı yayımlanmasını istəyirlər”.

Onun sözlərinə görə, televiziya kanallarının rəhbərlərinin özləri də bu problemdən narahatdırlar: “Bəzən görüşlərdə onlar özləri də bunu deyirlər. Özəl televiziya kanallarının rəhbərliyində dayanan insanlar Azərbaycan mədəniyyətinə, mənəviyyatına dərindən bələd olan insanlardır. Sadəcə olaraq, bu gün onlar, sanki, sosial tələbi yerinə yetirirlər. Sosial tələb isə bu cür verilişlərin üzərində cəmləşib”.

J.Əliyeva hesab edir ki, bu problemin həll olunmasının müəyyən yolları var: “Əlbəttə, özlərinin dediyi kimi, televiziya kanalları maddi baxımdan özlərini saxlamaq üçün bu kimi verilişləri efirə verməyə məcburdurlar. Amma müəyyən mənada bir limit qoymaq olar, müəyyən bir saat qoymaq olar ki, bu cür verilişlər məhz günün bu saatında yayımlansın, mümkün dərəcədə efirə aşağı səviyyəli insanlar buraxılmasın. İnsanlarımız, xüsusilə də böyüməkdə olan nəslimiz bunları görməsin, elə düşünməsin ki, musiqimiz 2-3 nəfərin qolunu-qanadını qırdığı musiqidən ibarətdir, elə düşünməsinlər ki, aktyorluq sənəti ancaq təlxəklik etməkdən ibarətdir. Sənətin ciddi tərəflərinin olduğunu, sənətin, həqiqətən, bir mənəviyyat körpüsü olduğunu anlatmalıyıq”.

Millət vəkilinin fikrincə, cəmiyyətin də bu məsələdə günahı var: “Əgər cəmiyyət bu cür verilişlərə baxırsa, nə etmək olar? Problemi bu yöndən də görmək lazımdır. Birmənalı olaraq hamı televiziya kanallarını günahlandırır. Amma gəlin görək bizim insanımız nəyə baxmaq istəyir? İnsanlarımızın hansı hissəsi tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi anladan verilişlərə baxır? Ancaq ziyalılarımız, tarixçilərimiz, ədəbiyyatçılarımız baxırlar. Digər insanlar isə bu cür şou xarakterli verilişlərə baxırlar. Belə çıxır ki, sosial tələbat hələlik bundan ibarətdir. Amma bunu başqa istiqamətə yönəltmək, əlbəttə ki, tək televiziya kanallarının yox, hər kəsin əlindədir. Hər kəs öz evindən başlamalıdır. Birinci növbədə evimizdə tərbiyəni düzgün qursaq, o proqramlara baxanların sayı da azalacaq”.