Dünən axşam Bakıda dəhşət yaşanıb – sərnişin avtobusu dayanacaqda dayanan sərnişini əzərək öldürüb. APA TV-nin məlumatına görə, hadisə “Ulduz” metrosunu yaxınlığında baş verib. 131 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobus səkiyə çıxarkən orada dayanan qadın təkərin altında qalıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü bir müddət bundan xəbərsiz olsa da, dayanacaqdan keçən şəxslərdən biri avtobusun altında insan qaldığını görüb. Bundan sonra qadın ehtiyatla avtomobilin altından çıxarılıb.
Ölümcül xəsarət alan qadını 3 saylı Kliniki Tibbi Mərkəzə Kamran adlı şəxs çatdırıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, xəstəxanaya çatdırılarkən qadın artıq ölübmüş. Onun şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib. Avtobusu idarə etdiyi ehtimal olunan Kamran adlı şəxs ifadəsinin alınması üçün polisə aparılıb.
Avtobusun əzdiyi qadının şəxsiyyəti dəqiqləşdirilir.