porosenkooo

Ukrayna prezidenti Pyotr Poroşenko bu il Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişşenko məlumat açıqlayıb. Diplomat səfərin dəqiq tarixinin məlum olmadığını, amma hazırda bu istiqamətdə hökumətlər arasında danışıqların aparıldığı vurğulayıb.

Hazırda Ukraynada qanlı döyüşlərin getdiyi bir məqamda və Qərblə Rusiyanın gərgin münasibətlərinin fonunda Poroşenkonun Bakıya səfəri diqqət mərkəzindədir.

Haqlı olaraq sual yaranır: Poroşenko Azərbaycana niyə gəlir? Səfərin əsas məqsədi nədir? Görüşlərdə müzakirə olunacaq əsas məsələlər hansılar olacaq?

Politoloq Qabil Hüseynli Poroşenkonun Bakı səfərini şərh edib. Ekspert AzVision.az-a bildirib ki, Ukrayna prezidentinin səfəri təbii qarşılanmalıdır, çünki Poroşenko Ukraynanın hazırkı vəziyyəti ilə əlaqədar olaraq özünə müttəfiq axtarır:

“Poroşenko Azərbaycanın simasında özünə müttəfiq axtarır. Bu da qeyd etdiyim kimi Ukraynanın düşdüyü çətin vəziyyətlə əlaqədardır. Ukrayna Azərbaycanın timsalında beynəlxalq qurumlarda özünə dost və yaxın ölkə qazanmaq istəyir. Buna nə qədər nail olacaq deyə bilmərəm, amma səfərin reallaşmasını vacib hesab edirəm”.

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfinin də 90% ehtimalla Ukrayna ilə yaxınlaşacağı gözlənilir:

“Bir tərəfdə Rusiya, digər tərəfdə isə Ukrayna var. Azərbaycan Rusiyadan çəkinməsə, müəyyən qədər Ukraynanın arzularını ödəyə bilər. Eyni zamanda da Rusiyadan vaz keçə bilməz. Azərbaycan Ukraynanı BMT-nin Baş Assambleyasında bacardığı qədər dəstəkləyib. İnsandan gücü çatan şeyi tələb edə bilərsən, gücündənn artığını yox”.

Politoloq Elman Nəsirov isə hesab edir ki, Azərbaycan və Ukrayna strateji tərəfdaşlardır və Poroşenkonun səfəri həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın və məsələlərin geniş formatda müzakirəsi baxımından önəmlidir:

“Təsadüfi deyil ki, Ukrayna birməanlı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. Qarşılıqlı olaraq Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü həm BMT Baş Məclisində, həm AŞ PA-da, həm də digər beynəlxalq qurumlarda müdafiə edir. Hazırda Ukraynanın ciddi katakilizmlər yaşadığı məlumdur və indiki vəziyyətdə Azərbaycanın Ukraynanın müdafiə etməsi heç kimin əleyhinə deyil və beynəlxalq hüququn əsas prinsiplərinə söykənən qətiyyətli mövqedir”.

E.Nəsirov hesab edir ki, səfər zamanı Ukraynanın hazırkı vəziyyəti və eyni zamanda da enerji təhülkəsizliyi ilə bağlı məsələlərin müzakirəsi kifayət qədər aktual ola bilər:

“Azərbaycan enerji sahəsində də şaxələndirilmiş siyasət yeridir. Ukrayna ilə əməkdaşlıq məsələri də hesab edirəm ki, gündəmdə olacaq. Bütövlükdə isə hesab etmək olar ki, bu səfər dünyanın diqqət mərkəzində olacaq. Çünki Ukrayna hadisələri fonunda Rusiya ilə Qərbin münasibətləri qarşıdurma səviyyəsindədir. Nəzərə alsaq ki, Azərbaycanın hər iki münaqişə tərəfi ilə müsbət, inkişaf etməkdə olan münasibətləri var. Azərbaycan həm Qərblə, həm də Rusiya ilə dinamik inkişaf edən münasibətlər qurub. Ukrayna ilə də münasibətlər normal səviyyədədir. Belə vəziyyətdə hesab edirəm ki, Ukrayna tərəfi çox istəyər ki, Azərbaycan münaqişənin həllində öz vasitəçilik missiyasını ortaya qoysun. Eyni zamanda Azərbaycan beynəlxalq aləmdə öz yeri, çəkisi olan dövlətdir və Ukrayna da bu reallığın fərqindədir. Bütövlükdə hesab edirəm ki, Poroşenkonun Bakı səfəri dünya mətbuatı və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan hadisəyə çevriləcək”.

Загрузка...