Dünən spirtli içkilərin və tütün məmulatlarının bahalaşacağı barədə xəbəri oxumazdan bir az qabaq bir rusdilli saytda insanın beynini məhv edən 10 şeyə dair yazı oxudum.
Heç demə, insanın beynini az yemək də xarab edirmiş, çox yemək də, səs-küy və çirkli hava da.
Ancaq tibb alimlərinin uzun illər apardıqları təhqiqatdan sonra gəldikləri nəticə budur ki, insanın beynini ən çox xarab edən şey tütün və alkoqoldur. Bildiyiniz – siqaret və araq. Bunlar insanın beyninə o dərəcədə mənfi təsir göstərir ki, onlarda alzheymer mərəzi yaradırmış.
İndi deyirlər ki, məhz bu məmulatların qiyməti qalxacaq. İqtisadçılar aksiz vergilərindən-filandan danışır, ağıllı izahatlar verir, bahalaşmanı layiqincə əsaslandırırlar, amma bu, siqaret və araq istehlakçılarının qulağına girmir. Onlar üçün əsas odur ki, siqaretin və arağın qiyməti qalxır və bu pis şeydir.
Belə çıxa bilər ki, tütün və spirtli məmulatların qiymətini artırmaq istəyənlər ölkə vətəndaşlarının sağlığının qeydinə qalır, onların xərçəng və alzheymer kimi mərəzlərə yoluxmasının qarşısını almaq, heç olmasa risk faizini aşağı salmaq istəyirlər.
Elə şey yoxdur. Məqsəd pul qazanmaqdır. Məlumdur ki, neftin qiyməti düşüb, dövlət büdcəsində kəm-kəsir, yırtıq-deşik əmələ gəlib. Büdcəni doldurmaq üçün yeyib-içən, çəkən adamların yardımına ehtiyac var.
Məsələ bu qədər bəsitdir. Kimsə deyə bilər ki, bəs niyə kasıbları nəzərə almırlar. Niyə almırlar ki? Bu qiymət artımı dolayısı ilə kasıblara xeyirdir. Ucuz siqaret çəkməzlər, ucuz araq içməzlər, qara və ağ ciyərlərini, eləcə də beyinlərini xarab edib ölməzlər.
Birdəfəlik bilmək lazımdır ki, bir sıra şeylər sırf varlılar üçündür. Keçmişdə siqarı, qəlyanı lordlar çəkirmiş, indi hamı çəkir. Qədimlərdə göz yaşı kimi duru arağı, viskini varlılar içirmiş, indi hamı içir, heç baxmırlar da ki, bu, prinsipcə, haramdır.
Əgər kimin pulu çoxdursa və tamahını boğa bilmirsə, zəhmət çəksin, sevimli məmulatına daha çox pul versin. Arada da dövlət büdcəsinə daxilolmalar azalmasın.
Deyilə bilər ki, dövlət büdcəsindən qamarlamalar, silib-süpürüb boşaltmalar olmasa, daha effektiv olar və tütündən, spirtdən gələn daxilolmalara ehtiyac qalmaz. Amma bu, başqa söhbətdir. Bunu biz bilmərik, iqtisadçılar, maliyyəçilər bilər.
Mütəxəssislər isə deyirlər ki, sözü gedən məmulatların qiymətinin artması onların istehlakını azaldacaq. Yəni tutaq ki, Əşrəf və Mürsəl kişi gündə bir qutu, 20 gilə siqaret çəkirdisə, indi günə 15 gilə çəkəcəklər ki, ailə büdcəsinə ziyan olmasın. Yaxud adını çəkmək istəmədiyim tanış alkoqoliklər həftədə 5 şüşə araq içirdilərsə, indi birinə qənaət edəcək, dörd şüşə içəcəklər.
Hərçənd ola bilər ki, bu islahat istehlaka o qədər də təsir göstərməsin, milli nəxunəkliyin inkişafına təkan versin. Yəni ola bilər ki, Əşrəf və Mürsəl kişilər gün ərzində çəkdikləri 20 gilə siqaretin beşini dənə-dənə məhəllədəki tay-tuşlarından alsınlar. Yaxud içki aludəçiləri həftəlik spirt limitlərinin çatışmayan hissəsini kiminsə boynuna qoya bilərlər.
Amma bunun dövlət büdcəsinə istisi-soyuğu yoxdur, məmulatların pulunu kim verir, versin, əsas odur ki, büdcəyə pul gəlsin.
İçməyən və çəkməyənlərin vecinə deyil, deyirlər, Allah eləsin, araq da, siqaret də qızıl qiymətinə olsun. “Biz çəkmirik, ölmürük ki… Çörək deyil, su deyil. Siqaretsiz, araqsız da yaşamaq olar” – belə deyirlər.
Düzdür, onlarsız da yaşamaq olar. Ancaq çəkən və içənlərin fikrincə, bu artıq yaşamaq deyil, guya ki, belə yaşayışın ləzzəti yoxdur.
Alkoqola və tütünə qarşı qətiyyətli mübarizə aparan bir tanış adam var, qohum-əqrəba arasında, iş yerində həmişə hamıya sağlam həyat tərzi keçirməyi təbliğ edir, bu yaxınlarda özü mənə etiraf etdi ki, yalnız pis adamlara spirtin və tütünün ziyanından danışmır. Deyir, zəhləm gedən adamlara bu barədə danışmıram, qoy çəksinlər, içsinlər, tez ölsünlər.
Xüləs, bu xüsusda çox fikirləşməyə də dəyməz. Tibb alimləri sübut edirlər ki, insanın beynini xarab edən 10 şeydən biri də boş-boş fikirləşməkdir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.