Dağlıq Qarabağda və Azərbaycanla həmsərhəd olan digər bölgələrdə Ermənistan hərbi birləşmələri bəlkə də atəşkəs dövründə yanvar ayındakı qədər itki verməyib. Bu, Azərbaycan ordusunun hər anlamda düşməndən güclü olduğuna və istənilən təxribat cəhdinin qarşısının anındaca alınmasına sübutdur.
Modern.az saytı düşmənin həm işğal olunmuş Dağlıq Qarabağda, həm Azərbaycanla həmsərhəd digər bölgələrdə yanvar ayındakı itkiləri (əlbəttə, itkilərin qarşı tərəfdən gizlədildiyi də qətiyyən şübhə doğurmur) ilə bağlı statistikanı təqdim edir.
Beləliklə, düşmən ordusunun ilk itkisi yanvarın 3-də də Dağlıq Qarabağda, qoşunların təmas xəttində qeydə alınıb. Bu zaman iki erməni hərbçisi – Karen Qriqoryan və Vardan Mkrtçyan öldürülüb, 1 erməni hərbçi isə yaralanıb.
Yanvarın 5-dən 6-na keçən gecə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin cənub səmtində daha 2 erməni hərbi qulluqçusu ölüb. Ermənistan mətbuatı hərbi qulluqçuların təmas xəttində baş verən atışma nəticəsində öldürüldüklərini bildirib.
Düşmən orduda növbəti hərbçi itki Ermənistanın Tavuş vilayətində qeydə alınıb. Müddətdən artlıq xidmət edən hərbçi Arman Arutyunyan güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda keçinib.
Yeri gəlmişkən, yanvar ayında Ermənistan ordusunun itkiləri arasında döyüş bölgələrindən kənarda baş verən hadisələr nəticəsində qeydə alınan itkilər də olub. Məsələn, yanvarın 18-də axşam Kəlbəcər rayonu ərazisində 3 Ermənistan hərbçisi avtomobil qəzasına düşüb.
Qəza nəticəsində maşında olan mayor Artur Vartevanyan yerindəcə keçinib. İkinci mayor Karen Simonyan ağır vəziyyətdə Muraçan hospitalına, baş leytenant Lavrent Hakopyan isə hərbi hissənin tibb mərkəzinə yerləşdirilib.
Yanvarın 20-nə keçən gecə işğalçı ordunun Dağlıq Qarabağdakı bölməsində qulluq edən 20 yaşlı Suren Pilosyan da olüb. Düşmən tərəfi hərbçinin Azərbaycan Ordusunun açıdığı atəş nəticəsində öldürüldüyünü iddia edib.
Yanvarın 21-də gecə saat 3 radələrində Ermənistanın işğal etdiyi Kəlbəcər rayonu ərazisində düşmən ordusu yeni itki verib. Ermənistan KİV-nin yaydığı məlumata görə, qoşunların təmas xəttində 23 yaşlı Naapet Asatryan ölüb, 42 yaşlı hərbçi Ovannes Qasparyan isə yaralanıb. Erməni tərəfinin növbəti iddiasına görə, hadisə Azərbaycan ordusunun atəşkəs rejimini pozması nəticəsində baş verib. Qeyd edək ki, Ermənistan tərəfi döyüş bölgəsindəki bütün itkilərini Azərbaycan tərəfinin boynuna yıxmağa cəhd edir.
Yanvarın 21-də düşmənin ordusunda daha bir itki qeydə alınıb. Bu dəfə Ermənistanın Tavuş vilayətində müqavilə ilə xidmət edən hərbçi ölüb. Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, həmin gün axşam saatlarında Çoratan kəns sakini, 35 yaşlı Arman Udumyan Azərbaycan tərəfdən açılan atəş nəticəsində ölüb. O, kiçik serjant kimi orduda xidmət edirmiş.
Bundan iki gün sonra, ayın 23-də səhər saat 9 radələrində Azərbaycan ordusu işğal altında olan Dağlıq Qarabağda düşmənin növbəti təxribat cəhdinin qarşısını alıb. Ermənistan KİV-nin iddia etdiyinə görə, bir saata yaxın davam edən döyüş zamanı leytenant Karen Qalstyan və sıravi Artak Sərkisyan ölüblər. Sıravi Ovannes Avanesyan isə ağır yaralanıb. Müalicə üçün Yerevana aparılan əsgərin vəziyyətinin hələ də ağır olduğu bildirilir.
Yanvarın 29-da Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aykaz Barseqyanın intihar etməsi barədə məlumat yayılıb. Onun asılmış meyitinin Yerevandakı hərbi hissələrdən birinin idman zalında aşkar edildiyi bildirilib. Aykaz Barseqyan Vazgen Sərkisyan adına hərbi institutun birinci kursunda oxuyurdu. Bir neçə gün sonra məhz həmin ölüm faktına görə adıçəkilən institutun 4 kursantı həbs olunub. Onlar Aykazın ölümünə görə ittiham olunurlar. Göründüyü kimi, Ermənistan ordusunda belə betər dərəbəylik də hökm sürür.
Yanvarın 29-da gecə cəbhənin şimalında – Qazax-İcevan istiqamətində baş verən atışmada Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu yaralanıb. Bunlar 28 yaşlı Qrişa Otaryan və 58 yaşlı Surik Movsisyan olublar.
Azərbaycan Müdafiə Nazirliyinin yanvarın 31-də yaydığı məlumata görə, həmin gün saat 15 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısı uğurla alınıb.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusu tam məhv edilib.