Cümhuriyyətimizin banisi Novxanıda ölkə müxalifəti tərəfindən yad ediləcək
Bu gün cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Görkəmli dövlət xadiminin 131 yaşı tamam olur.
M.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1902-ci ildə – on yeddi yaşında ikən M.Ə.Rəsulzadə “Müsəlman Gənclik Təşkilatını” yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yollanır. 1911-ci ildə xaricdə olmasına baxmayaraq, onun bilavasitə rəhbərliyi ilə Müsavat Partiyası yaradılır. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri olur. 1920-ci ildə Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra Rəsulzadə ölkəni tərk etməyə məcbur olur. Bundan sonrakı fəaliyyətini xarici ölkələrdə mühacir həyatı yaşamaqla davam etdirir. Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək əbədiyyətə qovuşub.
Ölkə müxalifəti yubileylə bağlı M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcək.
Müsavat Partiyası 31 yanvar saat 12:00-da ziyarət düzənləyəcək. Bununla bağlı sosial şəbəkələrdə çağırış eventi yaradılıb: “Müsavat Partiyası 31 yanvar saat 12:00-da Məhəmməd Əmin Rəzulzadənin doğum günü hər kəsi öndərin Novxanı kəndindəki abidəsi önündə anım tədbirinə dəvət edir”.
Milli Şuranın ziyarətlə bağlı yaradılan eventdə deyilir: “Hər il olduğu kimi, bu il də Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin doğum gününü onun doğulduğu kənddəki abidəsini ziyarət edərək qeyd edəcək. Anım yürüşünə hər kəs dəvətlidir. Ziyarət 12:00-da başlayır”.
Yubiley günü digər siyasi partiyaların da ziyarəti planlaşdırılıb. Anım ziyarətləri əsasən 12:00-da başlayacaq.