Naxçıvanda çıxan “Şərq qapısı” qəzetinin bu ilki 15 yanvar sayında belə bir maraqlı məlumat dərc edilmişdi: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qaraçuq kəndində hamilə qadınlara göstərilən tibbi xidmətin təşkili barədə müvafiq tapşırıqlar vermişdir”.
Bu xəbəri istənilən sivil dövlətdə bir yoldan ötənə oxusan gülməkdən qarnı cırılar, deyər ki, bəyəm Ali Məclis sədri ginekoloqdur, mamaçadır, yaxud səhiyyə naziridir? Onun hamilə qadınlara tibbi xidmətin təşkili barədə hansı “müvafiq tapşırıqları” ola bilər? Ancaq bizim kimi avtoritar rejimlərdə heç kim Ali Sovet sədrinin uşaq doğuzdurmaq, baş nazirin çayxana yeri vermək, nə bilim, icra hakiminin kolbasa, nazirin banan satmaq işlərinə baxmasına heyrət eləmir. Nəticədə biz gülmürük, qarnımız da cırılıb ölmürük. Buna görə ölkə rəhbərliyinə çoxlu təşəkkür edirik. Harda var belə dövlət?
Örnək üçün, Türkiyədə baş nazir Ərdoğan qadınlara minimum 3 uşaq doğmaq göstərişi verməmişdimi? Halbuki, yuxarıda yazdığım kimi, sivil dövlətlərdə hökumət insanların neçə uşaq doğmasına qarışmır, parlament sədri də kəndlərə gedib hamilə qadınlara qulluq üzrə əmrlər vermir. Əksinə, dövlət proqramlar, qanunlar hazırlayır, hamilə qadınlar da bundan yararlanır.
Bizdə hamilə qadınlara dövlət qayğısının başqa bir təzahürü türmədə peyda olmuşdur. Sözgəlişi, mən bu yaxınlarda türmələrimizdəki inkişafı tərənnüm etmişdim. Yazımda qeyd etmişdim ki, ədliyyə naziri Fikrət müəllimin, penitensiar idarənin rəisi Mədət müəllimin atalıq qayğısı sayəsində bizim türmələrdə böyük tərəqqi var. Türmələrdə dustaqlar arasında sumo güləşi yarışlarından tutmuş yazıçı Anarın “Ala-bula boz keçi” romanının müzakirəsi və imza gününə qədər min cür tədbir keçirilir, dustaqlar istəyəndə türmədə evlənir, ailə həyatı qururlar. Uzun sözün qısası, indi bu “ailələrdən” biri məhsul veribdir, dustaq qadının uşağı olub. İntəhası, uşağın atası ortada yoxdur, neçə gündür Azərbaycan mediası bu hadisəni araşdırır.
Müxtəlif versiyalar var. Misal üçün, qadının müqəddəs olması. Doğrudan da, bəlkə bu uşaq müəyyən dini inancda olduğu kimi – Tanrının övladıdır? Azərbaycan türmələri seçilmiş yerdir, orda nə təriqət desən yarana bilər.
Yaxud deyirlər bu iş amerikalı eks-prezident Bill Klintonun əməlidir. Monika əhvalatını unutmamışıq, nə biləsən… Bəlkə Klinton arada gəlib bizim qadın kolonuna, Mədət müəllimi yuxuya verib, keçib içəri…
Ancaq bütün versiyaları qırağa ataraq deyə bilərəm ki, o uşağın yeganə atası bizim dövlətimiz, dövlətçiliyimizdir! Güclü dövlət varsa, qadınlar toxunmadan hamilə qala bilirlər! Necə deyərlər, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Ordum varsa, yurdum var! Tarix həmişə hər şeyi öz yerinə qoyur!
Hamilə qadınlara bu cür diqqətin fonunda İmişlidən gələn xəbər ürəyimizi ağrıtdı. Orda bir qadın özünü icra hakimiyyətinin qabağında yandırmaq istəyib, lakin cəsur polislərimiz qadını tutub yanğını söndürüblər, özünü dama salıblar. Axı sən niyə yanırsan? Lazım deyil. Birincisi, hər yanan şam deyil, ikincisi, türmədə insanlar xoşbəxt yaşayırsa, azadlıqda ikiqat xoşbəxt olmalıdırlar. Buna məhkumdurlar.
Bu mənada, nəqliyyat naziri Ziya Məmmədovun sürətli qatarlar haqda suala mənfi cavabı tamamilə dövlətçiliyə ziddir. Jurnalistlər soruşublar ki, ay Ziya müəllim, milyardlarla neft pulu əlinizin altından gəldi-getdi, rayonlar cəhənnəmə, niyə heç olmazsa Sumqayıta sürətli bir qatar marşrutu qayırmadınız? Əlbəttə, bunu zarafat üçün yazdım – bizdə belə təhqiramiz sual verən jurnalist ömrü boyu MŞ üzvü ola bilməz. Jurnalistlər sadəcə “Tıq-tıq-tıq-tıq, Qatar gəlir uzaqdan” mahnısı oxuyublar, Ziya müəllim də anlayıb, deyib ki, uşaqlar, neftin qiyməti düşüb, sürət qatarı indi ancaq xəyaldır.
Xəyal niyə olur? Bəyəm türmədə qeybdən hamilə qalanı görmürsən? Sən də dövlətə arxalan, gör 9 aydan sonra xəttə neçə qatar çıxır.