zahid yeni razmer
“Qarabağ münaqişəsini yalnız hərbi yolla həll etmək olar. Bu problemin heç bir siyasi və ya diplomatik çözümündən söhbət gedə bilməz”. Belə bir maraqlı açıqlamanı Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı-politoloq Heydər verib. Politoloqun qənaətincə, ümumiyyətlə, Cənubi Qafqazda erməni faktının olması Rusiyanın imperialist siyasətinin nəticəsidir.
Sitat: “Rusiya erməniləri regionda islamın, müsəlmanların hökmranlığını neytrallaşdırmaq üçün bir alət, ”5-ci kolon” kimi istifadə edirdi”. Politoloq həmçinin ermənilərlə sülh yolu ilə razılığa gəlməyin mümkünsüz olduğunu deyib. “Azərbaycanın tək yolu Ermənistanın himayədarlarının öz problemlərinə başı qarışan zaman hücuma keçməsidir. Burada, əlbəttə ki, Rusiya nəzərdə tutulur” – əlavə edib o.
Bu fikirlərlə razılaşmamaq çətindir. Ancaq iş ondadır ki, Rusiya Azərbaycanın hərbi yola əl atmasına seyrçi qalsa belə, eyni mövqeni Qərbin də sərgiləyəcəyini əminliklə söyləmək çətindir. Yəni əngəl şimaldan gəlməsə də, qərbdən yaradıla bilər. Bir neçə ciddi faktordan bunu görmək olar.
Əvvəla, Rusiya kimi artıq ABŞ, Avropa da ermənilərdən bölgədə Azərbaycana və Türkiyəyə qarşı “5-ci kolon” qismində istifadə edir. Və belə görünür, hələ uzun müddət də yararlanmaq niyyətindədirlər. Yaddan çıxarmayaq ki, Amerika və Avropadakı erməni lobbisi Rusiyadakından qat-qat böyük və mütəşəkkildir…
İkincisi, bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Avropa Birliyinə (AB) qəbuluna süni əngəllərin yaradılması ilə bağlı çox dəyərli bir fikir söyləmişdi. Ərdoğan on illərlə Türkiyəni öz qapısı arxasında əsassız yerə gözlədən qurumdan ötrü ölkəsinin əldən getmədiyini, bu quruma artıq marağın öldüyünü bildirmiş və əlavə eləmişdi: “Baxaq görək, Avropa Birliyi xristian klubu olmadığını sübut edə biləcəkmi?”
Gerçək həm də ondan ibarətdir ki, AB üzvləri arasında istər demokratik, istərsə də iqtisadi göstəricilərə görə qardaş ölkədən qat-qat aşağı səviyyəli dövlətlər var. Əmin ola bilərsiniz, əgər Rusiya maneəsi olmasaydı, Gürcüstan və Ermənistan da indi AB-nin üzvləri idi, qardaş ölkə isə hələ də qapı arxasında saxlanılırdı. Xristian klubu, gizli xristian təəssübkeşliyi, islamofobiya necə olur ki? Türkiyə timsalında bu amil bariz şəkildə özünü göstərmirmi?
Məsləhətdir ki, bütün məsələlərdə Qərbi gözüyumulu haqlı çıxaran, Qərbdəki bəzi dairələr kimi İslamdan “xoxan” düzəltməyi xoşlayan yerli psevdodemokratlar bu barədə düşünsünlər…
Hər halda, Türkiyə modern müsəlman dövləti olaraq AB-yə qoşulmaq üçün nələr eləmədi, amma burnundan basdılar, gah “erməni”, gah “kürd məsələsi”ni ortaya atdılar. Halbuki SSRİ-nin, sosialist düşərgəsinin çöküşündən sonra irili-xırdalı bütün Şərqi Avropa və üç Baltikyanı ölkə inkişaf səviyyələrinə məhəl qoyulmadan AB və NATO-ya qəbul olunublar.
Sözü ona gətiririk ki, Qərbin siyasətində etiraf edilməyən gizli islamofobiya indinin söhbəti deyil. Bu da bir neçə digər sanballı dəlil-sübut:
1. Nədən Dağlıq Qarabağ məsələsində Bakıdan bir ovuc erməni üçün müqəddəratı təyinetmə hüququ (referendum haqqı) istəyən Qərb Abxaziya, Cənubi Osetiya, Krım, Donbas separatçılığına gələndə tam əks mövqe sərgiləyir, Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan eləməkdən yorulmur?!
2. Nə üçün Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Krım və Donbasın separatçı liderlərinin Qərbə girişini yasaqlayan, onlara sanksiyalar tətbiq edən demokratik Qərb Qarabağdakı separatçı rejimin rəhbərlərinə illərdir qucaq açır, onların Qərb dövlətlərinə səfərlərinə şərait yaradır, hələ üstəlik, bu separatçı rejimə hər il on milyonlarla dollar maddi yardım ayırır? Ona görə ki, Gürcüstan və Ukraynadan fərqli olaraq Azərbaycan müsəlman-türk ölkəsidir?
Yəqin ki, belədir. Bunu indi təkcə biz demirik ki. Ən qatı qərbpərəst Vəfa Quluzadə də deyir, başqa ekspertlər də bu reallığı demokratik dünyanın ciddi yanlışı, ədalətsizliyi kimi təəssüflə etiraf edirlər.
3. Niyə Qərb işğalçı Rusiyaya sanksiyalar tətbiq etdiyi halda, Ermənistana yardımlar edir, təcavüzkarın blokadadan çıxarılması üçün Türkiyəyə təzyiqlər göstərir?
4. Nədən BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələri on illərdir yerinə yetirilməmiş qalır? Əgər işğalçının yerində Ermənistan deyil, Azərbaycan olsaydı, Qərb dünyası buna çoxmu dözüm göstərərdi?..
loading...