Lap köhnə əyyamdan ABŞ prezidentlərinin hamısının dilinin əzbəri olan bir ifadə var: demokratiya. Öz ölkələrində bu xüsusda problemləri yoxdur, seçkiləri azad, ədalətli, şəffaf keçirirlər, xalqdan çox səs alan qalib gəlir.
Ancaq xarici ölkələrin demokratiyasına münasibətdə ABŞ prezidentləri də, onların başçılıq etdiyi administrasiya da dözümlü, laqeyd ola bilirlər.
Ayrı-ayrı ABŞ prezidentləri dünyanın ən qəddar diktatorları ilə dost-qardaş münasibətdə olublar. Məsələn, bir zamanlar Çili diktatoru Auqusto Pinoçetin bir nömrəli dayağı ABŞ dövləti olub.
Nikaraqua diktatoru Samosa haqqında işlədilən təhqiramiz ifadə (“Samosa it oğludur, amma öz itoğlumuzdur”) də ABŞ-ın diktatorlara əsl münasibətinin bir nümunəsidir.
İranın şah sülaləsinin sonuncu monarxı Rza şah Pəhləvi son gününə qədər ABŞ tərəfindən dəstəkləndi.
Türkiyənin xunta rəhbəri Kənan Evren də ABŞ tərəfindən himayə olunmuşdu.
Misirdə diktator Hüsnü Mübarək ABŞ-ın adamıydı, indiki diktator Sisi də ABŞ tərəfindən müdafiə olunur.
Belə misalları çox sadalamaq olar. Zatən, dünyada hər zaman diktatorlar çoxluq təşkil edib.
Dünyanın sosializm və kapitalizm düşərgəsinə bölündüyü vaxtda nə ABŞ, nə də onun əsas rəqibi SSRİ üçüncü ölkələrin rəhbərlərinin demokartlığına, diktatorluğuna baxmırdılar.
Ancaq soyuq müharibədən sonra, xüsusilə də Billi Klintonun hakimiyyətə gəlməsi ilə ABŞ diktatorlarla məsafə saxlamağa başlamışdı. Daha onları Ağ Evdə tez-tez yüksək iltifatla qəbul etmirdilər.
ABŞ-ın diktatorlara təzyiqi artmışdı, adlarını hesabatlara salır, ölkələrində azad seçki keçirməyə çağırır, insan haqlarına riayət tələb edirdilər.
Elə görünürdü ki, ABŞ dünya diktatorlarının qəniminə çevrilib və ölkələrin bir-birinin ardınca demokratikləşməsinə böyük töhfələr verəcək.
Klinton 2000-ci ildə demokratikləşmə prosesinin dünyada genişlənəcəyini bildirmiş, “İnsanlara hürriyyət, millətlərə istiqlal” (bəli, məhz belə) şüarı elan etmişdi.
Onun siyasi xələfi Corc Buş da dünyəvi demokratikləşmə prosesinin dönməz xarakter aldığını bildirmişdi.
Dünyada ard-arda diktatorlar devrilir, demokratik dövlətləri sayı artır, ildən-ilə azad seçki keçirən ölkələri çoxalırdı.
Barak Obama prezident postuna gəldiyi vaxt dünyada gedən demokratikləşmə prosesinin daha da sürətlənəcəyi gözlənilirdi. Ancaq elə olmadı.
Obamanın zamanında inqilab edən, demokratiyaya keçəcəyi gözlənilən ölkələrdə tamamən əks proseslər getdi.
Obama sələflərindən – Klinton və Buşdan fərqli olaraq diktatorlara daha isti münasibət göstərirdi və göstərməkdədir.
İndi xəbər gəlir ki, o, üç gün öncə vəfat etmiş kral Abdullanın hüzr məclisində iştirak etmək üçün Səudiyyə Ərəbistanına gəlib.
Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, ölkə hakim ailənin adını daşıyır və Səud ailəsinin şəxsi dövlətidir. Teokratik monarxiyadır. Bu ölkədə seçki-filan keçirilmir.
Bəs kral Abdulla kim idi? Atasının ingilislərin əli ilə qurduğu dövlətin vəliəhdiydi. O, hakimiyyəti böyük qardaşından aldı, işlədi, kiçik qardaşına ötürdü. Dövlətin ali postu da “kral” adlanır – Böyük Britaniyada olduğu kimi.
Bu dövlət nəinki Yaxın Şərqdəki, hətta ondan çox-çox uzaqlarda yerləşən ölkələrdə vəziyyəti pul-para gücünə qarışdıran, müasir dünyanın təhlüküəsizliyinə, demokratiyanın inkişafına problemlər yaradan bir dövlətdir.
İndi özünü dünyada demokratiyanın dayağı və beşiyi sayan qüdrətli dövlətin rəhbəri onun hüzr məclisinə gəlir.
Bəs demokratiya və insan haqları necə olsun? Başqa dövlətlərdə insan haqları demokratiya dərdi çəkən ABŞ yəqin ki, Səudların ölkəsində müxalifət partiyalarının və müstəqil qəzetlərin qadağan olunmasından xəbərdardır.
Bu ölkədə heç adi, elementar insan azadlıqları da yoxdur. Başqa avtoritar rejimləri “bəşəriyyət düşməni”, “şər dövlət” elan edən ABŞ-ın Səudiyyə Ərəbistanındakı rejimin qəddarlığına göz yumması, isti münasibət bəsləməsi heç cür anlaşılan deyil. ABŞ belə addımlar atmamalıdır.
Ancaq bu, bir neçə il öncə ər-Riyadda olarkən kral Abdullanın qabağında ikiqat olub baş əyən Obamadır. Böyük demokratın böyük diktatora baş əyməsi proseduru davam edir.