“Söz azadlığı müqəddəslərdən də müqəddəs, üstündür”. Parisdə öldürülən karikaturaçılara dəstək olaraq dünyada, o cümlədən Azərbaycanda (dildə və ya qəlbdə) “Mən Çarliyəm!” deyənlərin əsas arqumenti bundan ibarətdir. Beləliklə, “söz-ifadə azadlığı hüdudsuzdur” demaqogiyası yeni şövqlə təzədən dövriyyəyə buraxılıb.
Lakin bu cür mövqe daşıyıcıları tənqidlə təhqirin sərhədini keçərkən özləri də bilmədən ifratın başqa tərəfinə yuvarlanıblar, “naqolay” duruma düşüblər. Ələlxüsus, bizim “Çarlilər”…
Hazırlaşın, Fransa prezidenti Fransua Ollandın şəxsi təşəbbüsü ilə tezliklə ölkə parlamenti uydurma erməni “soyqırımı”nı imtinaya görə cəza nəzərdə tutan qanun layihəsini 3 illik fasilədən sonra müzakirəyə çıxaracaq. Olland seçki kampaniyasında erməni lobbisinə verdiyi əsas vədə beləcə sadiq qalaraq “soyqırım”ın 100 illiyinə – aprelin 24-dək sənədin qəbuluna nail olmaq, “kiçik bacı” saydığı ermənilərə ərməğan etmək niyyətindədir.
Xub. Görək indi söz azadlığı carçıları, bizim milli “Çarlilər” bu qanunu ifadə azadlığının təntənəsi, təzahürü sayacaqmı? İslam peyğəmbərinin təhqiramiz rəsmlərini “ifadə azadlığı” hesab edənlər erməni “soyqırımını” danmağa görə insanların cəzalandırılmasına haqq verəcəklərmi, fransızlara növbəti “Çarli” həmrəyliyi göstərəcəklərmi?
Başqa suallar da var.
***
Azərbaycanın hazırkı konstitusiyası demək olar, bütün beynəlxalq standartlara cavab verir. Təməl insan haqları və azadlıqlarının hamısı orada gözəl şəkildə əksini tapıb. Amma ölkədə insan haqlarının hansı durumda olduğu bəlli. Bizim “Çarli”lərin, o sırada hörmətli yazarımız Tofiq Yaqublunun (Allah qapısını açsın) məntiqncə isə, bu duruma görə məhz konstitusiya günahkardır, nəinki ona əməl etməyən, yaxud onu öz bildiyi kimi başa düşən, şərh edən mövcud hakimiyyət (Məgər iqtidar demirmi ki, ölkədə insan haqları sahəsində hər şey “ok”dir?).
Biz də soruşuruq ki, əgər Qurani-kərimi öz bildiyi kimi anlayıb qəddar hərəkətlərinə haqq qazandıran hansısa qruplar varsa, buna görə səmavi kitabı, islam aləmini hədəf almaq, onu lağa qoymaq caizmi? Belələri lap olsun on min nəfər, onlar bir milyardlıq mötədil inanc sahibini təmsil edə bilməz axı. Rüşvətxor, korrupsioner hakimlərə, prokurorluq və polis işçilərinə görə də Cinayət Məcəlləsi günahkardır bəyəm?
Bir də görürsən ki, Quranın Azərbaycan dilində təfsirini ömründə bircə dəfə oxumayan, islam tarixindən bixəbər, ərəbcə də heç nə bilməyən kəs müqəddəs kitabdan “sitat” gətirir, guya Quran qan-qadanı, qətli, zorakılığı təbliğ edir. Bəs “İslamda məcburiyyət yoxdur” (“Bəqərə” surəsi), “Bir insanı öldürmək bəşəriyyəti öldürməyə bərabərdir” ayələri necə olsun?
Mən ilahiyyatçı deyiləm, amma islam zorakılıq dini olsaydı, əsrlərlə yaşayıb indiki dönəmə gəlib çıxa, yüz milyonların qəlbinə yol tapan inanc toplusu olardımı? Hansı (zorakı) ideologiya belə əbədiyaşar olub, söyləyə bilərsizmi? Zorakılıqla qurulan bir şey isə SSRİ kimi uzağı 70 il yaşayar, 14 əsr yox!!! Deməli, “qılınc müsəlmanı” ifadəsi də boş şeydir. Həm də ona görə ki, böyük imperiyalar quran osmanlı türklərinin özü islamı könüllü qəbul ediblər. Necə riayət edirlər, o da bəlli – hər halda müsəlman-türklərdən terrorçu çıxmayıb…
Yaxud bizim “Çarlilər” yeri gəldi-gəlmədi müsəlmanları “çağırılmamış qonaqlar” kimi Avropa ölkələrinə axın edib, oranın “nizamını pozmaqda” suçlayırlar. Amma hesablama aparsan, bu gün Şərq (xüsusən də neft-qazı olan müsəlman) ölkələrində Qərbdən olan əli silahlı “çağırılmamış qonaqlar” on dəfələrlə çoxdu. Xeyir ola?
***
Yerli “Çarli”lərə daha bir sual. Hamı bilir ki, BMT-də əsas söz sahibləri Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindir. Yəni müharibə, sülh, hansısa müsəlman ölkəsinin torbasını tikmək məsələlərində bu dövlətlər həlledici səsə və ya veto hüququna malikdirlər. Yaxşı, dünyanın, Qərbin ədaləti harda qaldı ki, həmin daimi üzvlər arasında bircə müsəlman dövləti də yoxdur!
Necə olur 2 milyard xristianı orada 4 dövlətlə (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa), 2 milyard buddist Çinlə təmsil oluna bilir, 1 milyard yarım müsəlmanı isə təmsil edən bir dövlət də yoxdur? Nədən, məsələn, müsəlman Türkiyə orada olmasın? Özünə “Çarli” deyib Fransa uğrunda yaxasını cıranları, hər şeydə Qərbi gözüyumulu haqlı çıxaranları bu sualların hamısının üzərində düşünməyə çağırırıq.