Bəli, şüarlar bitəndən sonra həyat, əsl gerçəklik başlayır… Gerçəklik sözü isə bu gün Azərbaycanda özündən sonra üç nöqtə tələb edir…
Qərəz, 20 Yanvardan da 25 il ötdü. Bir igidin ömrü qədər… Bu illər ərzində mənim bu hadisə ilə bağlı demədiyim bir söz qalıbmı? Qalıb. Biz çox vaxt öz istəyimizdən asılı olmadan da politoloji və sosioloji sxemlərin əsirinə çevrilirik…
Bunsuz əsl təhlil mümkün deyil. Amma arabir kənara da çıxmaq lazım gəlir. Bir sözlə, 20 Yanvar haqqında bu vaxta qədər nəyi deməmişik?
Bu hadisənin içində həm də bir məhəbbət əfsanəsi vardı- mən iki gəncin faciəli məhəbbətini nəzərdə tuturam. Əgər rejissor olsaydım bunu öz filmimim əsas süjet xəttinə çevirərdim. “Titanik” filmi yadınıza gəlirmi? Adam bilmir, bəli, bilmək olmur ki, bu film böyük bir gəminin qəzaya uğraması haqqındadır, yoxsa iki gəncin məhəbbəti haqqında?..
Amma o filmin elə gözəlliyi də bundadır, çünki bütün böyük hadisələrin içində bir məhəbbət pritçası var-bəli, bu, anaya məhəbbət ola bilər, sevgiliyə məhəbbət ola bilər, insana məhəbbət ola bilər. Çox maraqlıdır ki, böyük psixoloqlar da, xüsusən də Erix Fromm məhəbbəti böyük konteksdə götürür…
Amma mən film çəkmirəm, rejissor deyiləm. Fəqət, məni ilkin kinematoqrafik konsepsiya, qoyulmuş problemin sənət həlli maraqlandırır. Hollivudun “boyevik”ləri stilində təbii ki, film çəkmək olar. Amma daha çox təbliğat istiqamətli olan bu filmlərin ömrü çox olmur- onlar bir kibrit dənəsi kimi çox tez alışır və tez də sönürlər…
Amma əbədi hislər var. Filmi də bu əbədi hislərə qovuşdurmaq lazımdır. Elə Hollivudun da bu istiqamətdə böyük təcrübəsi mövcuddur. Məsələn, bir film var. ABŞ-ın İstiqlaliyyət savaşı haqqındadır. Baş qəhrəmanı elə çəkiblər ki, o hansısa bir mücərrəd siyasi ideyanı deyil, öz ailəsini və uşaqlarını qorumalı olur…
Hətta məşhur “Spartak” filmində də məhəbbət motivləri var. Konkret bir filmi deyil, ümumiyyətlə, götürdükdə bizdə məhz məhəbbət çatışmır-bəli, biz hər şeyi sevə bilirik, torpağı, Vətəni, dövləti, amma insanları sevməyi bacara bilmirik, çünki bizə insanları sevməyi öyrətməyiblər…
Bunun səbəbləri haqqında çox düşünmüşəm. Bir dəfə sovet dövründəki dəyərlərin ierarxiyası haqqında fikirləşirdim. Gördüm ki, ən axırıncı yerdə insan və onu həyatı dayanır- insan bu həyatı düşünmədən hər şeyə, Vətənə, ölkəyə, dövlətə, hansısa ideyaya qurban verməli idi, hətta insanın yaşaması da hansısa ideya naminə olmalı idi…
Bu baxımdan o dövrdən çox keçməyib-24 il ötüb. Bu elə təxminən 25 ilə yaxındır. Ona görə də təəccüblənmək lazım deyil. Təbii ki, ideya da olmalıdır, Vətən də olmalıdır, dövlət də olmalıdır, çünki insan, bəli, əsl insan həyatı yalnız bunların içində mümkündür- biz axı hansısa abstrakt kosmopolitlər də
deyilik…
Amma insan həyatının ayrıca bir dəyəri də var. Mən bu xüsusda həmişə mərhum akademik A.Miqdalın bir fikrini xatırlayıram. O deyirdi ki, həyat elə bir nemətdir ki, onu bütünlüklə bir şeyə, hətta elmə həsr etmək cinayətdir…
Bir dəfə keçmiş dostlardan biri təsadüfən xaricdə baxdığı bir film haqqında danışmışdı mənə. Söhbət erməni filmindən gedirdi. Süjet xətti çox sadə imiş- iki erməni gənci biri-birini sevir, oğlan Qarabağa döyüşməyə gedir və orada həlak olur…
Onlar niyə belə sadə çəkirlər? Ona görə ki, ermənilər çox hiyləgərdirlər. Onlar bilirlər ki, abstrakt ideyalar insanları cəlb etmir, xüsusən Qərbdə hər şeyin içində bir insan həyatı olur. Ona görə də onlar belə çəkirlər…
Məsələn, mən “Tütək səsi” filmini ikinci dünya müharibəsi mövzusunda çəkilmiş ən uğurlu Azərbaycan filmi hesab edirəm- çünki bu filmdə insan taleyi var, neçə illərin gizlin, mübhəm məhəbbət hisslərinə meydan vermək istəyi var. Baxıb görürsən ki, insan bütün şəraitlərdə yaşayır və yaşamalıdır da, əks təqdirdə həyat bitərdi, onun davamı olmazdı…
Ona görə də Azərbaycanın digər böyük problemləri haqqında da bu səpkidə filmlər, səhnə həlləri gözləyirik…
Bu, təkcə filmlərə aid deyil. Bütün incəsənət belədir. Bəstəkar D.Şostakoviçin məşhur bir simfoniyası var. Ümumi fikir budur ki, bu simfoniya Leninqradın blokadasına həsr olunub. Amma bəziləri deyir ki, yox, bu, məhəbbət haqqında əsəridir…
Leonardo da Vinçi nə edib? Mona Lizanı yaradıb- bir az gözəl və bəlkə bir az da tənbəl kübar qadınını, baxmayaraq ki, burada çox ciddi şəkildə rəssamın öz syrətini yaratdığı deyilir.
Bu da bir açılışdır-əbədi insan probleminin sənətdə açılışı… Bəlkə böyük Leonardo da özünü başqa bir rakursda görmək istəyib? Kim bilir? Ən azı ona görə ki, sevmək həm də özünü başqa birisində görmək, başqa birisində tapmaq deməkdir…
Musavat.com