Barak Obama Avropada müsəlmanların cəmiyyətə inteqrasiya olunması prosesinin səviyyəsindən narazı olduğunu bildirib. O, haqlıdır. Gerçəkdən də belə bir problem var və gündən-günə şiddətlənir.
Obama bunu təhlükəli sayır, hesab edir ki, müsəlman əhalisinin cəmiyyətə qaynayıb-qarışmaması Avropa üçün ən böyük təhlükədir.
Əslində isə bu, təkcə Avropa üçün yox, elə Amerika üçün də, hətta bütün bəşəriyyət üçün də təhlükədir.
Avropada yaşayan həmvətənlərimizin vaxtaşırı qələmə aldıqları, danışdıqları təəssüratlar demək olar ki, üst-üstə düşür. Eyni problem İsveçrədə, İsveçdə, Almaniyada, Hollandiyada, Fransada və başqa Avropa ölkələrində mövcuddur.
Son 50 ildə Yaxın Şərqdən, Afrikadan, Asiyadan milyonlarla müsəlman əhali siyasi, iqtisadi səbəblərdən Avropa ölkələrinə sığınıblar. Onların yüzdə doxsan doqquzu öz ölkələrindəki əsarətdən, zülmdən, ölüm, işgəncə təhlükəsindən qaçıb, azad cəmiyyətə, hüququn aliliyinin bərqərar olduğu dövlətə pənah aparıblar.
Humanist Avropa “zülm əlindən qurtulmuşlar”ı qəbul edib, onlara qucaq açıb, işlə, evlə, dolanışıqla təmin edib, öz ata-babalarının yüz bir əziyyətlə qurub-yaratdığı, cənnətə çevirdiyi ölkənin bir köşəsində qaçqınlara da yer verib və uzun müddət səbrlə gözləyib ki, onlar cəmiyyətə inteqrasiya olunacaqlar.
Uzun illər öncə Avropaya sığınanlar az və parakəndə olduqları səbəbindən cəmiyyətə inteqrasiya olunublar: yerli dili asanlıqla öyrəniblər, cəmiyyətlə qaynayıb-qarışıblar, iş-güc yiyəsidirlər.
Ancaq son 15-20 ildə kütləvi şəkildə Avropaya axışan qaçqınların tam əksəriyyəti Avropanın tən ortasında özləri üçün balaca Pakistan, balaca İran, kiçik İraq, xırda Suriya, Əfqanıstan və sair “ölkə”lər yaradıblar və içində yaşayırlar.
Bu insanların tam əksəriyyəti 15 ildən bəri ağuşunda yaşadığı ölkənin dövlət dilini, qayda-qanunlarını, mədəniyyətini, tarixini, ədəbiyyatını bilmir, öyrənmir və heç bunu istəmirlər də. Bildikləri odur ki, dövlət bunları təmin etsin, hər ehtiyaclarını ödəsin və onlar öz milli icmalarında yaşasınlar.
Son illər bəzi Avropa dövlətlərinin mühacirlərə yönəlik yumşaq siyasətindən bəhrələnən qaçqınlar artıq övladları üçün ana dilində təhsil verən xüsusi məktəblər açdırıblar, məscidlər, camelər tikdiriblər, sırf özlərindən ibarət yaşayış məhəllələri salıblar.
Əgər bunu dövlət etsəydi, bir millətdən olanlar üçün ayrıca bir yaşayış məntəqəsi salsaydı, onda qaçqınlar dövləti faşizmdə suşlayardılar, “bizi yəhudilər kimi gettolara basıblar, hindular kimi rezervasiyada saxlayırlar” deyər, qalmaqal qoparardılar. Ancaq dövlət onlara yaşayış yerlərini könüllü seçmək imkanı tanıyan kimi öz xüsusi məhəllələrini yaradıblar.
Bu günlərdə dünyanın ən məşhur qəzetləri Parisdə Əlcəzair və Mərakeş əsilli şəxslərin yaşadığı məhəllələrin olduğunu və oraya polislərin belə xüsusi dəstək qrupları olmadan daxil ola bilmədiyini yazmışdı. Bu, heç də yeni söhbət deyil. Azərbaycanlı yazıçı Çingiz Abdullayevin 5-6 il öncə yazdığı detektiv romanlarından birində həmin məhəllələrdə soyğunçuluq, quldurluq edən, sərbəst şəkildə narkotik maddə alveriylə məşğul olan ərəb mənşəli şəxslərdən bəhs olunur.
Bu, bir gerçəklikdir: Avropaya sığınmış müsəlmanların tam əksəriyyəti yerli cəmiyyətlə çulğaşa bilmirlər və bunu bacarmır, istəmirlər. Hətta onların öz aralarında etdiyi söhbətlərdə ən populyar ifadə belədir: “Bu kafir avropalılar bizi məhv etdi”.
Həm də bu sözü kimlər deyir? 10, 15, 20 il öncə bir çamadanla Avropa ölkəsinə gələn, hazırda 4 otaqlı evdə yaşayan, bahalı avtomobil sürən, ildə iki dəfə – yay və qış kurortlarında dincəlmək imkanı olan şəxslər. Onların fikrincə, “kafir avropalılar” onların cəmiyyətə inteqrasiyasını istəməklə milli kimliklərini məhv etmək, öz mədəniyyət və ənənələrindən qopmalarına nail olmaq məqsədi güdürlər.
Artıq Avropa xalqları dilə gələrək, deyirlər ki, milli kimliyinə, ənənələrinə bu qədər bağlısansa, öz ölkəndə, öz xalqının içində yaşamalısan, qürbət bir ölkəyə öz qanun-qaydalarını, öz məişət davranışını sırıya bilməzsən.
Yaxşı ki, Azərbaycandan Avropaya gedən mühacirlər arasında belə bir problem yoxdur, pis-yaxşı, onlar yerli cəmiyyətə tez inteqrasiya olunur, eyni zamanda milli kimliklərini də unutmurlar.