Dünənki yazımı – neftin qiymətinin düşməsi ilə yapizmin xalqa yaxınlaşması mövzusunu davam etdirirəm. Qanunsuz tikilən evlər haqda prezident sərəncamı da şübhəsiz, hakimiyyətin pullarının azalmasından doğan təşvişlə bağlıdır. Doğrudur, həmin sərəncam olduqca qəlizdir, heç bilinmir ondan kim yararlanacaq, ancaq hər halda “gecəqondulara sənəd verilir, onlar qanuniləşir” şayiəsinin cəmiyyətdə yayılması vacibdir.
Sərəncama pessimist yanaşmağımın səbəbi var. Xatırladım ki, buna tam bənzər sərəncam “ərəb baharı” zamanı da verilmişdi, ancaq heç vecinə alan olmadı – camaatın evlərini ekskavatorla uçurdub yerində “dövlət əhəmiyyətli obyektlər”, məsələn, hansısa məmura məxsus şadlıq sarayı tikilməsi prosesi sürətlə aparılırdı. Çünki neft pulları gəlirdi. İndi onsuz pul azalır, ekskavatora tökməyə yanacaq yoxdur, ara yerdə bisavad camaata minnət qoymağın nəyi pisdir?
Mövzuya dəxli olmasa da, bu rejimin belə yalan-palan, reklam üçün verdiyi sərəncamlar saysız-hesabsızdır. Örnək üçün, dəniz kənarında 130 metrlik zolağın bütün xalqa məxsus olması, orda tikintinin qadağan edilməsi haqda məşhur sərəncamı xatırlayın. Həmin sərəncamdan sonra yapistlər bütün Xəzəri hasara aldılar, Azərbaycan xalqı da Sərvərlə Gülnazın öpüşməsini hasar dalından izləməyə məcbur Məşədi İbadın gününə düşdü.
Ancaq neftin ucuzlaşmasının ən məzəli təsiri 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsində özünü göstərir. Yapistlərdə belə bir ənənə var, hər ilə bir ad qoyarlar, guya həmin il əsas mövzu o olar. Diqqətli azərbaycanlıların yadındadırsa, neft qiymətləri kəlləçarxa qalxanda bizdə il “İdman ili”, “Muğam ili”, nə bilim, “Çal oynasın, Əjdər əmi” tipində bir şeylər olardı. Doğrudan da, qara qızılın barreli 50 dolların altına düşəndə hansı çal-çağırdan bəhs edəsən? Pulsuzluq çox köpəyoğlu şeydir, pulsuz iqtidar hətta manısları bulvara yığıb proletariat üçün konsertlər qayırmaqda da çətinlik çəkəcəkdir, gəl gör, hələ Rövnəq əkə Elton Conu stadiona gətizdirib “Zabul Segah” oxutdursun… İndi turp əkmək, dana saxlamaq, necə deyərlər, milli adət-ənənələrimizə, çarıq-patavamıza qayıtmaq zamanıdır.
Hərçənd kənd təsərrüfatı neft bumu illərində elə çökməyib ki onu reklamla qaldırmaq mümkün olsun. Akademiya alimləri özləri etiraf elədilər təzəlikcə: Azərbaycanda əkinə yararlı torpaqların 50 faizi son 20 ildə erroziyaya, aşınmaya uğrayıb, ölüb gedib. Srağagün Hollandiyada yaşayan jurnalist həmkarımız Fikrət Hüseynli Amsterdam dükanlarından bir fotonu sosial şəbəkədə paylaşmışdı.
Sən demə, Hollandiyada 10 kiloqram kartof bizim pulla 1 manat 20 qəpikdir! Biz isə Bakıda bu pulla cəmi 1 kilo kartof ala bilirik. Demək, Azərbaycanda ərzaq malları Hollandiyadan 10 dəfə bahadır. Özü də Hollandiyanın orta maaşının bizdən 10 dəfə yüksək olduğunu nəzərə alsaq, kimlərin idarəçiliyi altında yaşadığımızı anlamalıyıq.
Bir oxucum da var idi, uzun illər qabaq Lənkəran zonasında pomidor əkirdi, hansısa əkin-biçin problemi ilə bağlı o vaxt məktub yazmışdı, mən də bunu dərc eləmişdim. Keçən ay təsadüfən qarşılaşdıq, özünü təqdim elədi, yadıma düşdü. Zarafatla soruşdum pomidorlar indi necədir. Kaş heç soruşmazdım. Çünki adam çox kədərlə dedi ki, “Azərsun” bütün bölgədə kənd təsərrüfatını inhisara alıb, artıq tək bir kəndlinin, ayrı-ayrı fermerlərin bostan-tərəvəz məhsulları yetişdirməsi qəti səmərəli olmur, o üzdən hamı torpağını, kəndli təsərrüfatını atıb qaçır.
“Azərsun” gerçəkdə kimə məxsusdur, onu da uca millətimiz yaxşı bilir. Bu mövzuda yazan jurnalist hazırda Kürdəxanı zindanında saxlanılırsa, biz niyə başımızı cəncələ salaq? Azərbaycanda ən rahat mövzu Az TV kimi rayonlarda aparılan turp əkinlərindən reportaj hazırlamaqdır. “Kənd təsərrüfatı ili”dir, üstəlik. Biz də bu cür dövlətçiliyə töhfə verək.