Rüstəm İbrahimbəyov: “Milli Şuradan getmək fikrim yoxdur, onlar özləri belə qərara gəlsələr ki, MŞ-ya lazım deyiləm, bu – başqa məsələ…”;
“Azərbaycanın bugünkü vəziyyəti məni dəhşətə gətirir
Ötən həftə Milli Şuranın fəxri sədri, görkəmli dramaturq Rüstəm İbrahimbəyov haqda bir neçə xəbər portalında maraqlı xəbərlər yayıldı. Xəbərlərdə Rüstəm İbrahimbəyovun Milli Şuranın, o cümlədən qurumun rəhbərliyinin fəaliyyətindən narazı olduğu, bu səbəbdən MŞ-dan çıxmağa hazırlaşdığı, hətta hakimiyyətlə münasibətlərini yenidən dostluq səviyyəsinə qaldırmaq istədiyi bildirilirdi.
Yayılan bu informasiyaların nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün dünən Rüstəm İbrahimbəyovla əlaqə saxladıq. Hazırda Moskvada olan R.İbrahimbəyov bildirdi ki, MŞ-dan gedəcəyi barədə xəbərlər tamamilə yalandır: “Mən bilmirəm kim hansı məqsədlə bu cür yalan informasiyaları yayır. Mən Milli Şuranın sədri yox, fəxri sədriyəm. Ona görə də Milli Şuranın gündəlik fəaliyyətinə qarışmıram. Amma sədr Cəmil Həsənli ilə çox sıx ünsiyyətdəyik. Lazım olanda mənimlə məsləhətləşir. Mənim Milli Şuradan getmək fikrim yoxdur. Milli Şuraya mən lazımamsa, həmişə bu təşkilatla bağlı olacağam. Amma onu da bilirsiniz ki, vəzifə daimi deyil. Məni seçməlidirlər. Ona görə onlar özləri belə qərara gəlsələr ki, mən Milli Şuraya lazım deyiləm, bu, başqa məsələ. Amma mənim özümün belə fikirlərim yoxdur.
Mən mediada oxudum ki, mənim Milli Şuradan, əsasən də Əli Kərimlidən narazılıqlarım var. Bu informasiya da yalandır. Mən doğrudan da istərdim ki, Milli Şuranın tərkibi geniş olsun. Biz Milli Şuranı yaradanda çalışdıq ki, Azərbaycandakı əsas müxalifət partiyaların, təşkilatların nümayəndələri burada təmsil olunsun. Buna nail olduq. Sonra belə oldu ki, iqtidar siyasətini o dərəcədə sərtləşdirdi ki, partiyaların böyük bir hissəsi Milli Şuradan ayrıldı. Mən bu gün Milli Şurada qalan üzvlərə xüsusi minnətdaram. Çünki bütün təzyiqlərə baxmayaraq Milli Şuradadırlar”.
R.İbrahimbəyov onu da dedi ki, bu gün Milli Şura iqtidara əsas müxalifət qurumudur. AXCP isə bu gün Milli Şuranın əsas bünövrəsidir: “Mən istərdim ki, Milli Şuraya başqa partiyaların da üzvləri gəlsinlər və Milli Şuranın tərkibi geniş olsun. Amma vəziyyət Azərbaycanda belədir ki, hakimiyyətin əsas rəqibi olan bir qurumda hər kəs təmsil olunmağa risk eləmir. Bu gün Azərbaycanda yüzdən artıq siyasi məhbus var, görkəmli müxalif mövqeli siyasətçilər, ictimai xadimlər həbsə atılıb. Həbs edilməyənlərə isə başqa vasitələrlə təzyiqlər var. Bir sözlə, vəziyyət çox gərgindir. Bu vəziyyətdə müxalifət mövqeyində qalmağın özü fədakarlıqdır. Odur ki, Cəmil Həsənliyə də, Əli Kərimliyə də hörmətim böyükdür”.
“Müsavat Azərbaycan müxalifətinin böyük partiyasıdır” |
R.İbrahimbəyov hakimiyyətlə münasibətlərinin yenidən dostlaşdırılması, münasibətlərinin yaxşılaşdırılmasına çalışdığı haqda yayılan xəbərlərin də yalan olduğunu dedi: “Bu barədə deyilənlər də yalandır. Əvvəla mən bu hökumətlə heç vaxt dost olmamışam. İqtidar xalq üçün düzgün addımlar atanda mən həmişə hörmətlə yanaşmışam. Amma görəndə ki, atdıqları addımlar doğru deyil, xalqın xeyrinə deyil, həmişə tənqidi mövqeyimi bildirmişəm. Yəni məsələlər düzgün qoyulmur. Mən iqtidarla nə dost olmuşam, nə düşmən olmuşam. Ömrüm boyu öz mövqeyim olub. İndi də iqtidarın düşməni deyiləm. Amma indi iqtidar elə siyasət aparır ki, mən heç vaxt bununla barışa bilmərəm. Mənim məqsədim odur ki, iqtidar yanlış siyasətini dəyişdirsin. Mən ölkədə düşmənçiliyin yox, dialoqun tərəfdarıyam. Amma dialoqun bir əsas şərti var ki, siyasi dustaqlar buraxılmalıdır. Bu şərt yerinə yetirilməsə, dialoq mühiti ola bilməz. Təəssüf ki, Azərbaycanda bugünkü vəziyyət məni dəhşətə gətirir. Odur ki, belə vəziyyətdə mənim guya kimləsə münasibətlərimi yaxşılaşdırmaq istədiyim barədə deyilənlər yalandır. Bu barədə mənim heç fikrim də yoxdur”.
R.İbrahimbəyov 2015-ci il parlament seçkilərində müxalifətin böyük birliyinin olmasının vacibliyini vurğuladı: “Mən Milli Şuranı yaradanda – bilirsiniz ki, bu, mənim təşəbbüsüm idi – bütün müxalifətin birləşdirilməsi əsas məqsədim idi. Öz aramızdır, bir müddət biz bu məqsədə çata bildik. Milli Şura müxalifətin çox geniş birliyinə nail ola bilmişdi. Təəssüf ki, sonra iqtidarın təzyiqi altında bu birlikdə müxalif qüvvələrin sayı yavaş-yavaş azaldı. Amma mən ümidvaram ki, müxalifət yenə də birləşəcək. Çünki başqa yol yoxdur. O cümlədən Müsavat Partiyasının da iştirak etdiyi böyük birlik olacaq. Çünki Müsavat Azərbaycan müxalifətinin böyük partiyasıdır. Mən çox istərdim ki, Müsavat da Milli Şurada iştirak etsin”.
Musavat.com