Загрузка...

FRslR

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yeni ofis binası alıb.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, bu ölkəyə yatırdığı investisiyalarını genişləndirən şirkət daha geniş ofisə malik olmaq zərurətini nəzərə alaraq tikilməkdə olan ofis mərkəzində 12 mərtəbəli binanı alıb.

Məlumata görə, SOCAR-ın törəmə şirkəti olan “SOCAR Türkiyə”nin ofisi indiyədək İstanbulun Maslak bölgəsində, Emlak Bankın keçmiş ofisinin yerləşdiyi biznes mərkəzinin bloklarının birində idi. İndi isə şirkət İstanbul Cenderedə, Maslaka yaxın bölgədə yeni ofis mərkəzini satın alıb. Həmin bina “Vadi İstanbul Projesi”nə daxildir. Layihədə 180 min kvadratmetrlik ofis sahəsinin tikintisi də daxildir.

Hazırda layihənin ikinci mərhələsi həyata keçirilir. “SOCAR Türkiyə”nin aldığı ofis binası 12 mərtəbəlidir və 17 min 800 kvadratmetr sahəyə malikdir. Hələlik şirkət ofis binasının alınmasına dair müqaviləni rəsmən açıqlamayıb və gözlənilir ki, sövdələşmə bu həftə açıqlanacaq.

Ancaq “Para dərgisi”nin əldə etdiyi məlumata görə, şirkət ofis binası üçün 75 milyon dollar ödəyib. Özü də nağd olaraq.

Xatırladaq ki, SOCAR Türkiyədə ən iri xarici investorlardan biridir. Şirkət bu ölkənin “Petkim” sənaye kompleksinin səhmlərinin 51 faizini 2 milyard 40 milyon dollara alıb, habelə “Tekfen” şirkətinin səhmlərinin yarısını əldə edib.

SOCAR Türkiyənin İzmir bölgəsində “Star Rafineri” adlı nəhəng neftayırma və neft-kimya kompleksinin inşasına da milyardlarla dollar yatırıb.