Azərbaycanda yaşamaq ildən-ildə çətinləşir. Fərq eləməz, istər çöldə – azadlıqda olsun, istərsə də içəridə – ölkənin rəsmi zindanında. Elə o səbəbə məmləkətin adı nüfuzlu insan haqları təşkilatlarının “qara siyahı”larından düşmür. İndi hətta optimistlər etiraflar etməyə başlayıblar ki, bəs, sən demə, 10-12 il öncə Azərbaycanda əməlli-başlı demokratiya varmış. Keçək mətləbə.
Ötən həftə 14 saylı həbsxanada gənc dustaq Elşad Babayev işgəncə ilə öldürüldü. Mərhumun nədən bu aqibətə tuş gəldiyi hələlik qaranlıq qalır. Bir şey dəqiqdir ki, adıçəkilən türmə ölkədə olduqca pis ad çıxarıb, orda yatıb çıxanlar onu sadəcə, “konslager” adlandırırlar.
Əsas sirr isə yəqin ki, öldürülənin özü ilə birgə basdırıldı. Hərgah, çörəyi ağzına yeyənlərdən ötrü hər şey onsuz da aydındır. Ancaq səbəb nə olur-olsun, bu, heç kimə linc məhkəməsi qurub Elşad Babayevi, digər dustaqları həyatdan məhrum etməyə, onu əzabla öldürməyə haqq vermir, verə bilməz. Belə qəddarlıq Allah qarşısında da böyük günahdır və cəzası hələ bu dünyada veriləcək…
Azərbaycanda hələ də XIX əsrdir deyəsən. Ona görə bu qənaətdəyik ki, Elşadın ölümünə bais olanlar da digərləri kimi yüzdə 99 faiz ehtimalla cəzalanmayacaqlar. Hər halda, indiyədək belə fakta rast gəlməmişik. Rast gəlmədiyimiz üçün də bu cür vəhşi, vandalist hərəkətlər səngimək bilmir.
Halbuki qatillərin cəzasız qalmamasında öncə dövlət maraqlı olmalıdır. Əvvəla, ona görə ki, vətəndaşın ona inamı sarsılmasın. İkinci o səbəbə ki, vətəndaşa cəza məhz dövlətin adından kəsilir. Öldürmək lazım gəlsəydi, elə dövlət özü həyatdan məhrum edərdi məhkumu. Bunu etməyibsə, ömürlük məhbuslar xaric, istənilən dustağın cəzasını çəkdikdən sonra sağ-salamat öz doğmalarına qovuşmağa haqqı var və dövlət bu haqqı təmin etməyə borcludur. Ədalətli türmə cəzası islah etmək məqsədi güdür – bu da unudula bilməz.
Müxtəsəri, məhbusun həyatına ilk növbədə dövlət və onun müvafiq qurumları cavabdehlik daşıyır. Elədisə, bir məhkumun işgəncə ilə qətlə yetirilməsinə birinci növbədə türmə rəisi cavab verməli deyilmi? Veriləcəkmi? Çətin. Çünki bizdə indi bəlkə də ən ucuz şey – insan həyatıdır. Qəribədir, azadlıqdan, cəmiyyətdən və doğmalardan təcrid etmə ağlı yerində olan insan üçün onsuz da cəzadır, mənəvi işgəncədir. Üstəlik, içəridə ona fiziki işgəncə vermək, həm də əsas olmadan vermək – heç bir kitab-dəftərə sığmır…
Bu yerdə yada Norveçdə 77 gəlmə vətəndaşı soyuqqanlı şəkildə qətlə yetirmiş və cəmi 21 il həbs cəzası almış protestant-terrorçu və millətçi Anders Breyvik düşür. Həbsxanada ona hansı şərait yaradılmayıb? Terrorçu kompüterə qədər təmin olunub, qidalanması da ki, bizim standartlarla müqayisəyə belə gəlməz, bir növ ev yeməkləri. Kəsəsi, “VİP türmə”-fason bir yer.
Sözü ona gətiririk ki, Qərb öz terrorçusunun belə qeydinə qalmağı bacarır – təbii ki, qanunlar çərçivəsində. Çünki orada hətta terrorçu da insan sayılır, hansı ölçüdə cinayət eləməsindən asılı olmayaraq; türmədə olsa belə, onun yerdə qalan haqları toxunulmazdır. Bizdə isə narkotik aludəçiliyinə görə ilyarım cəza almış 31 yaşlı gənc dustaqxanada işgəncə nəticəsində həyatını itirir. O dustaqxana ki, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin təbirincə desək, onun yeməklərini heç məmurların itləri də yeməz. Ordakı başqa ağır şərtlər də öz yerində.
Bax, Azərbaycanla Norveçin, digər Qərb ölkələrinin əsas fərqi bundadır – insana, insan ləyaqətinə, insan haqlarına, o sırada məhbus haqlarına fərqli yanaşmada, cinayətkarın cəzasız, günahsızın zindana salınmasında. Bu fərqliliyin növbəti, əfsus ki, həm də sonuncu olmayacaq qurbanı Elşad Babayevdir. Onun qatilləri də “tapılmayacaq”. Uzaqbaşı “nadzor”ların adı beynəlxalq təşkilatların qara siyahısına düşəcək, Azərbaycanın imici isə onların sayəsində daha bir zərbə alacaq. Ancaq bu, iqtidardakılar üçün çox xırda şeylərdir. Norveçdən başqa bir fərqimiz bundadır. İndi adımız “qara siyahı”lardan necə çıxarılsın ki?..
***
Belə baxanda azadlıqdakı vətəndaşlarının elementar hüquqları qorunmayan məmləkətdə dustaq hüquqlarından danışmaq absurd olardı. Absurda görə vaxtınızı aldığımız üçün üzr istəyirik…