Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin sədri Lətif Hüseynov virtualaz.org və haqqin.az saytlarının təsisçisi Eynulla Fətullayevə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.
-Lətif müəllim, sizin Avropa Şurasında İşgəncələrə Qarşı Mübarizə Komitəsinin sədri kimi yüksək posta seçilməyiniz təkcə Azərbaycanın özündə deyil, onun hüdudlarından uzaqlarda da geniş rezonans doğurdu. Aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası tərəfindən kifayət qədər tez-tez tənqid olunan ölkənin – Azərbaycanın nümayəndəsi insan haqlarının müdafiəsində dayanan komitənin rəhbəri seçilmişdi. Razılaşın ki, bu, xeyli paradoksaldır…
Bildiyim qədər siz bu cür nüfuzlu beynəlxalq komitəyə rəhbər seçilən ilk Azərbaycan təmsilçisiniz. Tənqid atəşi ilə üzləşən ölkənin vətəndaşı Avropa Şurasının strukturlarından birinin rəhbərliyində özünü necə hiss edir?
-Bilirsiniz, sizin sualınız mənə britaniyalı mühafizəkar deputatlardan birinin bu yaxınlarda dediklərini xatırlatdı. Məlum olduğu kimi, Dumanlı Albiondan mühafizəkarlar son vaxtlar Avropa İnsan Haqları Məhkəməsini tez-tz tənqid edir, hətta bu məhkəmənin yurisdiksiyasından çıxmaqla hədələyir. Ancaq ona görə ki, Strasburq məhkəməsi bir sıra qərarlarında Britaniya hakimiyyətinin insan haqlarını pozmasını təsbit edib. Bura məhkumların səsvermə hüququndan avtomatik olaraq məhrum ediməsi, xarici vətəndaşın müəyyən olunmuş prosedur qaydalarına zidd şəkildə ekstradisiya edilməsi kimi hallar daxildir.
Ona görə də britaniyalı mühafizəkarlar bunu anlamaqda çətinlik çəkir ki, Avropa Məhkəməsinin Azərbaycan, Moldova və Çernoqoriyadan seçilmiş hakimi çoxəsrlik hüquq müdafiəsi tarixçəsinə malik ölkəni necə mühakimə edə bilər. Belə iradlar əvvəllər də səslənib. Ancaq bu cür iradlar nəinki əsassızdır, üstəlik çox zərərlidir. Çünki bu və ya digər ölkəyə və onların vətəndaşlarına qarşı diskriminasiyadan xəbər verir.
Bəli, yeri gəlmişkən, mənə deyiblər ki, bu posta seçilməyim bəzi yerli müxalif KİV-ləri tərəfindən süngü ilə qarşılanıb. Görünür, bu cür düşünənləri ümumi maraqlar birləşdirir: Azərbaycanın və azərbaycanlıların uğurlarını qəbul edə bilməmək.
Hesab etmirəm ki, mənim bu komitəyə rəhbər seçilməyim hansısa təsadüf və ya paradoksdur. Heç kim inkar edə bilməz ki, yeni demokratiyaya malik ölkələrdə, o cümlədən Azərbaycanda çox inkişaf etmiş hüquq məktəbi və Avropa hüququnun inkişafına öz töhfəsini verən yüksək ixtisaslı hüquqşünaslar var. Hesab edirəm ki, mənim bu vəzifəyə seçilməyim Azərbaycanın yüksək insan potensialından və bizim hüquq məktəbinin avropalı peşəkarlar tərəfindən qəbul edilməsindən xəbər verir. Xatırladıram ki, 47 üzvdən ibarət bu komitənin sədri rotasiya qaydasında deyil, fərdi əsasda, yəni iddiaçının idarəçilik keyfiyyətləri və peşəkarlığı nəzərə alınmaqla seçilir.
Xüsusi qeyd etmək istərdim ki, cəmi 20 ildir müstəqil olan Azərbaycan insan haqları və demokratiya sahəsində mühüm irəliləyiş əldə edib. Ölkədə hüquq dövlətinin prinsiplərini həyata keçirməyə imkan verən qanunvericilik bazası formalaşıb, demokratik institutlar uğurla fəaliyyət göstərir. Ancaq müəyyən çatışmazlıqlar və problemlər də var, o cümlədən qəbul edilmiş qanunların həyata keçirilməsində. Dövlət strukturları və vəzifəli şəxslər vətəndaşların hüquqlarının pozulmasına yol verir. Mən hesab edirəm ki, əgər sağlamdırsa, konstruktiv və ikili standartlara əsaslanmayan kənar tənqidlər hakimiyyət üçün yaxşıdır, çünki göstərilən sferada mövcud olan nöqsanları aradan qaldırmağa imkan verə bilər. Azərbaycan prezidenti cənab İlham Əliyev də bu ilin iyun ayında AŞ PA-dakı çıxışında məhz bunu göstərdi. “Biz konstruktiv tənqidə reaksiya verməyə hazırıq və reaksiya veririk” – o dedi.
-Siyasi liberalizmin bir çox avropalı ekspertləri tərəfindən də təsdiq edilən iflası fonunda Avropa həbsxanalarında insan haqları ilə bağlı vəziyyət xeyli pisləşməkdədir. Hətta Avropa Məhkəməsinin Fransa, Belçika, Böyük Britaniya və digər inkişaf etmiş demokratiya ölkələrində həbsxanalarda saxlanma şəraitinə dair çıxardığı qərarların ötəri analizi məhbusların hüquqlarının nə dərəcədə pozulduğuna dair heyratamiz nəticəyə gəlməyə imkan verir. Sizin komitənin nümayəndələri tez-tez cəzaçəkmə yerlərini təftiş edir. Və siz Avropa həbsxanalarındakı vəziyyəti açıq və kifayət qədər sərt şəkildə tənqid edirsiniz. Nə baş verir? Avropada məhkumların hüquqlarının bu cür tez-tez pozulmasını necə izah edirsiniz?
-Doğrudan da Avropa ölkələrində, o cümlədən köhnə demokratiya ölkələrində insan haqları sahəsində vəziyyət son illər pisləşməkdədir. Təkcə Avropa Məhkəməsinin qərarları deyil, Avropa Şurasının monitorinq orqanlarının hesabatları da bizə bu cür kədərli nəticəyə gəlməyə əsas verir.
Uzun-uzadı danışmaq istəməzdim, ancaq insan haqlarının pozulmasının daha aydın və ciddi xarakter aldığı sahələri göstərə bilərəm. Bura polis tərəfindən nümayişlərin dağıdılması zamanı qeyri-proporsional güc tətbiqi, rasizmin müxtəlif formaları və irqi diskriminasiya, miqrant-məhbuslarla qeyri-insani rəftar və onların ləyaqətinin alçaldılması, terrorçuluqla mübarizədə haqq qazandırılması mümkün olmayan və kobud məhdudiyyətlər, insanların, xüsusən də əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətinin xeyli pisləşməsi daxildir.
Mənim fikrimcə, “Köhnə qitə”də hazırda insan haqları sahəsində ən ciddi problem rasizmin təhlükəli dərəcədə artması, ksenofobiya və islamofobiyadır. Mən bu məsələləri pis bilmirəm, çünki 6 ildən çox rasizmə və dözümsüzlüyə qarşı Avropa Komissiyasında – Avropa Şurasının ən önəmli monitorinq strukturlarının birində işləmişəm. Bu günlərdə bir çox Qərb ölkələrində miqrantlar, xüsusən də müsəlmanlar “təhlükəli sinif” hesab olunur və bütün sosial patalogiyalar məhz bunlarla bağlıdır. Avropada “özgələrə” qarşı dözümsüzlük lətifədən və KİV-lərin uydurduğu əhvalatlardan, siyasi diskussiyalardan qaynaqlanır. Bu zəmində dəfələrlə zorakılıq aktları baş verib, çünki hakimiyyətlər dözümsüzlüyə qarşı mübarizə aparmaqda maraqlı görünmürlər.
Mənə elə gəlir ki, Avropanı bürümüş iqtisadi böhran da qitədə liberlizmin və tolerantlığın üzləşdiyi böhranı kəskinləşdirib. İnkişaf etmiş demokratiya ölkələrinin rəhbərləri (Böyük Britaniya, Almaniya, Niderland və s.) multikulturalizmin müxtəlif etnik, dini və mədəni qruplar arasında tolerant münasibətlərin ideologiyası kimi çökdüyünə dair bəyanatlar verirlər. Bütün bunlar dərin təəssüf hissləri yaratmaya bilməz.
Gəlin görək Azərbaycanın bu məsələdə mövqeyi necədir. IV Bakı beynəlxalq humanitar forumunda çıxış edən prezident İlham Əliyev qeyd edib: “Müasir dünyada multikulturalizmin alternativi yoxdur. Belə ki, dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətlidir. Əgər multikulturalizm iflasa uğrasa, onun alternativi nə olacaq? Diskriminasiya, rasizm, ksenofobiya, islamofobiya və antisemitizm”.
Diqqətəlayiqdir ki, Azərbaycanda xüsusən son illər multikulturalizm ənənəsinin inkişafı və möhkəmlənməsi üçün çox mühüm siyasi, qanunvericilik və institusional tədbirlər görülüb. Bu gün Azərbaycan dünyada təkcə zəngin enerji resurslarına malik ölkə kimi deyil, həm də tolerant və multikultural ölkə kimi tanınır.
-Sizin komitə Rusiyaya dair kifayət qədər sərt tənqidi hesabat yaydı. Yanukoviçin hakimiyyəti dövründə isə siz Ukraynanı tez-tez tənqid edirdiniz. Bununla belə Avropanın bir sıra ölkələrindəki vəziyyət barədə susursunuz. Belə qənaət yaranır ki, Avropa Şurası ölkələri bölüb – kimi tənqid etmək olar, kimə toxunmaq olmaz. Sizin komitə diqqəti nəyə görə əsasən postsovet ölkələrinə yönəldib? Axı Strasburq məhkəməsinin Qərb ölkələrinə dair xeyli qərarları var, sizin tərəfinizdən reaksiya isə yoxdur…
-Əvvəlcə bizim komitəyə ünvanladığınız tənqidlərə cavab verim, sonra məsələyə daha geniş aspektdən baxa bilərik. Ukraynaya gəldikdə bizim hesabatlarımız Yanukoviçdən əvvəl də tənqidi idi. Bizim Kiyevə sonuncu səfərimiz ötən ilin sentyabrında, yəni Yanukoviçin hakimiyyətindən sonraya təsadüf edib. Tövsiyə edirəm ki, “Yanukoviç sonrası” hesabatımızı diqqətlə oxuyasınız. Bu hesabat tezliklə dərc olunacaq.
Bizim komitənin əsasən keçmiş sovet respublikalarını tənqid etdiyinə dair iradlarla da razı deyiləm. Əgər bizim Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Kipr, İspaniya, İtaliya, Fransa və s. ölkələrə dair hesabatlarımıza baxsanız əmin olarsınız ki, məhbuslar təkcə postsovet ölkələrində ciddi problemlərlə üzləşmir. İşgəncələr Əleyhinə Avropa Komitəsi 25 ildir işləyir və öz obyektivliyi ilə seçilir. Bu, peşəkarların işlədiyi müstəqil və siyasiləşməmiş orqandır.
Ancaq sizin digər iradınızla razıyam ki, obyektivlik və qərəzsizlik heç də bütün beynəlxalq təşkilatlara xas deyil. Doğrudan da biz tez-tez nəyi müşahidə edirik? Bu və ya digər ölkə tənqid olunur, ancaq tamamilə oxşar problemlərə malik başqa ölkə tənqiddən kənarda qalır. Və ya AŞ PA çərçivəsində keçirilən monitorinqlər ancaq Avropa Şurasına üzv ölkələrlə məhdudlaşır. Buna yol vermək olmaz ki, dövlətlərin, daha doğrusu, müəyyən qrup dövlətlərin siyasi maraqları insan haqları üzərində hökmranlıq etsin, insan haqları bu maraqların həyata keçirilməsində vasitəyə çevrilsin.
Tez-tez beynəlxalq təşkilatlara üzvlük məsələsi birtərəfli yol kimi təqdim olunur, guya ancaq üzv-dövlətlər həmin təşkilat qarşısında öhdəliklərə malikdir. Bu, düzgün təsəvvür deyil. Beynəlxalq təşkilatın da üzv ölkə qarşısında öhdəliyi var. Məsələn, Azərbaycan Avropa Şurasının üzvü kimi üzərinə demokratiya prinsiplərinin tətbiqi, qanunun aliliyi və insan haqları sahəsində müəyyən öhdəliklər götürüb. Ancaq Avropa Şurasının da Azərbaycan qarşısına öhdəlikləri var. Hesab edirəm ki, əgər bu günə qədər AŞ işğalçı dövlət kimi Ermənistana qarşı sanksiya tətbiq etməyibsə, bununla öz nizamnamə öhdəliklərini pozub. Çünki AŞ PA-nın 2006-cı il, 1416 saylı qətnaməsində Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal etdiyi tanınıb. Əgər Rusiyaya qarşı sanksiyalar təbiq olunursa və Ermənistana qarşı heç bir addım atılmırsa, bu, obyektivlik prinsiplərinin pozulması və üzv ölkələrə qeyri-bərabər yanaşmadır.
Avropa Şurası ikili standartlara yol verməməlidir. Yalnız Azərbaycanda siyasi məhbuslar məsələsinin qaldırılması da üzv dövlətlərə qeyri-bərabər münasibətin təzahürüdür və bu səbəbdən Azərbaycan hakimiyyətinin haqlı iradları ilə qarşlaşır.
-Sizə bu və ya digər dövləti tənqid etmək qadağası qoyulubmu? Təzyiqlər olubmu?
-Əgər komitəyə ümumiyyətlə heç bir təzyiqin, işinə müdaxilə cəhdinin olmadığını desəm, səmimi olmaz. Düzdür, bu təzyiqlər açıq şəkildə olmur. Əsasən israrlı “xahiş və məsləhətlər” formasında olur. Bu xahiş və tövsiyələr “kimisə tənqid et və ya etmə” şəklində yox, “bu ölkəyə getmək lazımdır, bu məhbusa baş çəkmək lazımdır” şəklində olur.
Başqa cür təzyiqlər də olur. Məsələn, 2011-ci ilin payızında kürd separatçılarının onlarla tərəfdarı Avropa Şurasının binasının şüşə divarlarını sındıraraq içəri soxulmuşdu. Bizim komitənin də ofisi orada yerləşir. Onların bir tələbi də bu idi ki, bizim komitə 1999-cu ildən bri İmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Öcalana yenə baş çəksin. Bu insidentdən sonra keçirilən illik mətbuat konfransında dedim ki, bizim komitə hamı ilə dialoq və əməkdaşlığa açıqdır, amma biz hər hansı təzyiq qarşısında geri çəkilmək fikrində deyilik, bizə təzyiq göstərmək cəhdlərinə qətiyyətlə qarşı çıxacağıq.
-Azərbaycandakı vəziyyətlə bağlı sual vermək istəyirəm. İki il əvvəl xüsusi missiya ilə Azərbaycana gəlib türmələrdəki vəziyyətin monitorinqini aparmısınız. Siz Azərbaycanda cəzaçəkmə yerlərindəki vəziyyəti necə qiymətləndirirsiniz? Yekun hesabatı niyə açıqlamadınız?
-Öncə onu deyim ki, bizim komitə ilə Azərbaycanın müvafiq dövlət qurumları arasındakı münasibətlər çox yaxşı səviyyədədir. Monitorinqlər zamanı bizim missiyaya çox yaxşı iş şəraiti yaradılır. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin komitənin fəaliyyətinə pozitiv münasibətini xüsusi qeyd etmək istərdim. Bilirəm ki, ədliyyə naziri komitəmizin hər missiyasından sonra nümayəndə heyətinin üzvlərini şəxsən qəbul edib onlarla vəziyyəti müzakirə edir. Sonra bu məsələlər nazirliyin kollegiyasına çıxarılır. Komitə də bunu yüksək qiymətləndirir.
Azərbaycanın penitensiar sistemindəki vəziyyətə gəlincə isə hamıya məlum olan belə bir faktı deyim ki, son illər bu sahədə çox işlər görülüb, islahatlar aparılıb və bu işlər indi də uğurla davam edir. Bunu həm beynəlxalq, həm də yerli müşahidəçilər vurğulayır. Ümid edirəm ki, son səfərlərin nəticələrinə dair hesabatlar açıqlanacaq.
Tam məsuliyyətimlə bəyan edirəm ki, penitensiar xidmət əməkdaşlarının məhkumlarla davranışı məsələsində Azərbaycandakı vəziyyət Avropa ölkələrinin əksəriyyətindən yaxşıdır. Məhkumlara tibbi xidmət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Məhkumların saxlanmasının maddi şərtlərin yaxşılaşdırılması sahəsində böyük irəliləyiş əldə olunub. Bu sahədə vəziyyət Avropa standartlarına yaxınlaşıb. Azərbaycanda hazırda 7 yeni penitensiar müəssisə tikilir. Bununla belə problem və çatışmazlıqlar da var. Hesabat açıqlananda bunlara da qayıdarıq.
-Siz Avropa Şurasının üzvü olan 47 ölkənin həbsxanalarına baş çəkmisiniz. Məşhur məhbuslardan kimlərlə görüşmüsünüz?
-Abdulla Öcalanla 5 dəfə görüşmüşük. Ukraynada sabiq baş nazir Yuliya Timoşenkoya iki dəfə baş çəkmişik. Yeri gəlmişkən, biz Timoşenkoya baş çəkmək icazəsi alan ilk beynəlxalq təşkilat olmuşuq. Amma nə Rusiyada Xodorkovskiyə, nə də Türkiyədə “Ergenekon” məhbuslarına baş çəkməmişik. Çünki onların vəkilləri bizə müraciət etməyib.
-Avropada penitensiar sistemin əsas problemləri hansılardır və bu problemlər postsovet məkanı üçün nə dərəcədə səciyyəvidir?
-Bu gün Avropada əsas problem həbsxanalardakı sıxlıqdır. Serbiya, İtaliya, Yunanıstan bu sahədə “rekord vurur”. Albaniya, Belçika, Britaniya, Fransa, Polşa, Kipr, İspaniya, Bolqarıstan, Macarıstan, İrlandiya və digər ölkələrdə də belə problemlər var. Avropa Məhkəməsi bu yaxınlarda İtaliyaya qarşı qərar verdi. Orada yazılır ki, İtaliya həbsxanalarındakı sıxlıq İnsan Haqlarına dair Avropa Konvensiyasının 3-cü maddəsinin tələblərinin pozulmasına yol açır. Bu da məhkumların şərəf və ləyaqətini aşağılayan qeyri-insani davranış deməkdir. Məhkəmə İtaliya hökumətindən bu iş üzrə məhkəməni udan məhkumların ailələrinə 100 min avro məbləğində kompensasiya ödəməyi, habelə bir il ərzində bu ağır vəziyyəti aradan qaldırmağı tələb etdi.
Belçika hökumət bu problemi həll etmək üçün misilsiz addım atıb. Belçika qonşu Niderlanddan həbsxana icarəyə götürüb və Tilburq şəhərindəki həmin həbsxanada 600 məhkumu yerləşdirib. Buna görə Belçika Niderlanda ildə 40 milyon avro ödəyir. 2011-ci ildə həmin həbsxanaya da baş çəkmişik.
Bəzi postsovet ölkələrində, o cümlədən Moldova və Rusiya həbsxanalarında da sıxlıq problemi var.
Avropa həbsxanalarının daha bir problemi məhkumların saxlanmasının maddi şərtləri ilə bağlıdır. Belçika, İrlandiya, Fransa kimi rifahlı ölkələrdə də belə hallarla rastlaşmışıq. Postsovet məkanında da belə problemlərlə rastlaşırıq. Bir çox Avropa ölkələrində əcnəbi məhkumlar ciddi problemlərlə üzləşir və ayrı-seçkiliyə məruz qalır. Bura dili, adət-ənənələri, mədəniyyəti bilməməkdən doğan problemlər daxildir. Bu üzdən bəzi əcnəbi məhkumlar tibbi, hüquqi, sosial xidmətlərdən tam istifadə edə bilmir. Qeyd edim ki, əcnəbi məhkumların sayı son illər artır. Bu da Qərbi Avropa ölkələrindən ötrü xarakterik haldır. Məsələn, İsveçrədə məhkumların 75, Lüksemburqda 70, Yunanıstanda və Kiprdə isə 60 faizi əcnəbilərdir. Postsovet məkanında isə bu hallar çox azdır deyə problem elə də ciddi şəkil almayıb.
-Komitə sədri postunda vəzifə səlahiyyətlərinizin müddəti gələn il başa çatır. Gələcək planlarınız necədir? Bakıya qayıdacaqsınız, yoxsa xaricdə qalıb işləyəcəksiniz?
-2004-cü ildən bu komitədə çalışıram. Lakin bu, əsas fəaliyyət sahəmdən ayrılmamaq şərtilə çalışdığım ekspert işidir. Mən 2003-cü ildən Venesiya Komissiyasında da ekspert xidmətləri göstərirəm. Bu işə dövlət başçısının sərəncamı ilə təyin olunmuşam. Bu əsaslarla bir neçə il BMT eksperti kimi də çalışmışam. Belə də ki, mən Milli Məclisin Aparatında çalışmaqda davam edirəm, paralel olaraq BDU-nun hüquq fakültəsində mühazirə oxuyuram. Öz ölkəmi çox sevirəm. Harada oluramsa olum, düşünürəm ki, öz ölkəmi və xalqımı ləyaqətlə təmsil etmək kimi bir borcum var.