vedemost

Rusiyanın “Rosneft” dövlət şirkəti gürcü milyarder David Yakobaşviliyə məxsus olan “Petrocas Energy Group” şirkətinin səhmlərinin 49 faizini alır.

Virtualaz.org saytı Rusiyanın enerji çevrələrinə istinadən xəbər verir ki, bu haqda sövdələşməyə yaxın olan mənbə məlumat verib.

“Petrocas Energy Group” həmçinin Gürcüstanın Poti limanındakı neft terminalının mülkiyyətçisidir. Şirkətin Azərbaycan, Gürcüstan, Ermənistan və Qazaxıstanla neft daşımaları, habelə yanacaqdoldurma məntəqələri biznesi var.

Məlumatda deyilir ki, “Rosneft” və “Petrocas Energy Limited” loqistika və Cənubi Qafqaz respublikalarında neft məhsullarının parakəndə satışına dair birgə müəssisə yaradacaqlar.

“Mənə yatırımlarımın 20 faizi həcmində illik gəlir vəd etdilər və mən qərara aldım ki, bu yaxşı təklifdir. Çünki pullar gəlir gətirməlidir, əks halda onlar sürətlə əriyib gedəcək” – deyə Yakobaşvili sövdələşməni şərh edərkən bildirib.

Qeyd edək ki, David Yakobaşvili süd məhsulları istehsal edən məşhur “Vimm-Bill-Dan” şirkətinin keçmiş həmsahibi, İsveç vətəndaşıdır. O, bir müddət əvvəl Azərbaycanda və Ermənistanda biznesinin vəziyyəti barədə “Forbes” jurnalının rus versiyasına danışmışdı.

David Yakobaşvili Azərbaycan, Gürcüstan, Ermənistan və Qazaxıstanda 140 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkənin, Gürcüstanın Poti və Batumi  limanlarındakı iki neft terminalının sahibidir.

Belə ki, D.Yakobaşvili 2011-ci ildə “Vimm-Bill-Dan” şirkətindəki 10,5 faizlik payını “PepsiCo”ya 610 milyon dollara satıb. Həmin pulların bir hissəsini London və Monakoda daşınmaz əmlaka yatırıb, bir hissəsinə Rusiyanın nəhəng maliyyə korporasiyası “Sistema”nın səhmlərinin 2 faizini alıb. Qalanını isə Gürcüstanın “Petrocars Energy Group” şirkətinin majoritar səhm paketini (80 faiz) almağa sərf edib.

Fəaliyyət sahəsi neft treyderliyi olan “Petrocas Energy Group” şirkəti bundan əvvəl 2006-2008-ci illərdə Gürcüstanın  müdafiə naziri işləyən, Mixail Saakaşvilinin yaxın tərəfdaşlarından olan David Kezeraşviliyə məxsus idi.

“Forbes” yazır ki, Saakaşvilinin partiyasının 2012-ci il oktyabr  parlament seçkilərində məğlub olmasına bir neçə ay qalmış Kezeraşvili bütün aktivlərini Yakobaşviliyə satmağa qərar verdi (görünür, Saakaşvilinin yaxın ətrafında seçkiləri uduzacaqlarını əvvəlcədən bilirdilər).

Hazırda “Petrocas Energy Group” Azərbaycan, Ermənistan, Türkmənistan və Qazaxıstanda da neft treyderliyi ilə məşğuldur. D.Yakobaşvili deyir ki, Gürcüstana qonşu ölkələrlə işləmək daha asandır.

“Bu ölkələrdəki tərəfdaşlarla münasibətlər hələ Kezeraşvilinin vaxtında formalaşmışdı, biz bu münasibətləri inkişaf etdirməyə çalışırıq. Hər ölkənin öz xüsusiyyətləri var və biz həmişə onu nəzərə alırıq. Məsələn, Azərbaycanda və Ermənistanda nüfuz dairəsi çoxdan məsul ailələr arasında bölüşdürülb. Və xarici investorun girə biləcəyi biznes sahəsi məhduddur. Əvəzində orada hamının əməl elədiyi oyun qaydaları var. Hətta bu qaydalar yazılı olmasa da… Ona görə də qarşılıqlı mənfəət prinsipi əsasında bu ölkələrdə işləmək olar” – deyə Yakobaşvili bildirib.

Загрузка...