Yox, şişirtməyə ehtiyac yoxdur, bu, 37-ci il repressiyası deyil, 2014-cü il repressiyasıdır. 1933-38-ci illərdə böyük SSRİ dövlətində aparılan kütləvi cəzalandırma kampaniyasının nə miqyası, nə amansızlığı bu cür olmayıb, qat-qat müdhiş olub.
Heç bir günahı olmayan milyonlarla insan ya güllələnib, ya gedər-gəlməzə göndərilib, bir daha geri qayıtmayıb, ya da 20 ildən sonra qayıdıb gələ biliblər.
Repressiya olunanların çoxunu vəkilsiz-filansız, 3-5 dəqiqənin içində mühakimə ediblər və ləngitmədən də divara söykəyiblər.
Haqq-nahaq cəzalandırılan şəxslərə qahmar çıxan, onlar üçün müdafiə komitələri yaradan olmayıb, hətta bir çoxlarının üzünə durmayanları belə əlli-ayaqlı aparıblar.
Bu baxımdan indi ölkədə aparılan repressiya tədbirlərini 75-80 il öncənin analoji cəzalandırması ilə müqayisə etmək o ağır illəri yaşayanlara haqsızlıqdır. Onların dövrünün zülmü başqadır, bizimki başqa.
İndinin repressiya qurbanları təqsirli-təqsirsiz olmalarından asılı olmayaraq, güllələnmilər. Eyni maddələrlə 37-də mütləq güllələyərdilər.
Onları içəridə uzun müddət, 20-25 il saxlamırlar. Çoxu 1-2 ilə azadlığa buraxılır. Hamısının müdafiə komitələri var, işləyirlər. Bir çoxu haqsızlığa məruz qaldığını sonradan Avropa İnsan Haqları Məhkəməsində sübut edərək dövlətdən kompensasiya da alırlar.
Bir sözlə, dövran çox dəyişib. Məgər 37-ci il repressiyası dövründə siyasi motivlərlə tutulanların müdafiəsi üçün dövrü mətbuatda bir kəlmə yazı yazmaq, həbsin qanunsuzluğunu şübhə altına almaq olardımı? Olmazdı. Bu barədə nəinki yazanı, hətta düşünəni də tutub repressiya qurbanı edərdilər.
Odur ki, günümüzün bu acı reallığını çox şişirtməyə ehtiyac yoxdur. Hər şeyi öz adı ilə çağıraq.
Hazırda ölkəmizdəki durumun adı budur. Haqsızlıq, ədalətsizlik, bir çox siyasi məhbuslara qarşı amansızlıq, insafsızlıq, şər-böhtan var. Mövcud hakimiyyətin məqsədi onları 37-ci ildəki kimi kütləvi şəkildə məhv etmək deyil, “islah etmək”dir.
Burada “islah” sözü ona görə dırnaq içərisindədir ki, söhbət həqiqi islahdan getmir, “sındırmaq”dan, “zərərsizləşdirmək”dən gedir.
2014 repressiyası ilə 1937-ci il repressiyasının əsas bənzər cəhəti odur ki, o vaxt da, indi də bu cəzalandırma tədbirləri hakimiyyətin möhkəmlənməsi üçün aparılırdı. 1933-38-ci illərdə məqsəd avtoritar hakimiyyətin təhlükəsizliyini və uzunömürlülüyünü təmin etmək idi, indi də elədir.
Sadəcə, o vaxt bu məqsədə çatmaq üçün milyonlarla insan məhv edilməli idisə, indi 70-80 adamı cəzalandırmaq kifayət edir.
O vaxtlar cəzalandırmanın kütləvi xarakter daşıdığı illər olubsa, indi bir az fərqlidir, 21 ildir ki, cəzalandırma permanent səciyyə daşıyır, hərçənd elə illər olur ki, standartdan artıq siyasi fəal həbs olunur.
Bir də həbs edilənlərin təqsirlilik göstəriciləri eyni deyil. Hətta 37-ci il repressiyasında da cəzalandırılanları hamısı günahsız olmayıb. Onların arasında ağır cəzalara layiq kifayət qədər cani olub.
İndinin özündə də siyasi motivlərlə tutulanların bir çoxu imam övliyası deyil, hətta aralarında ciddi cəzanı haqq edənlər də var. Məsələn, 20 il öncə Bakıda metroda partlayış törədərək onlarla insanın ölümünə bais olan “sadval”çıların adını siyasi məhbus siyahısına salmışdılar.
Ancaq elə siyasi məhbuslar da var ki, iqtidaryönlü jurnalistlər belə başqalarını yamanladıqları, “xalq düşməni” elan etdikləri halda onların adını çox hallandırmırlar, bilirlər ki, bu, qızıl-qırmızı həyasızlıq olar.
Bununla belə, hakimiyyətin inhisarında olan mediada bir sıra siyasi məhbuslara qarşı ritorika 78 il əvvəlkindən çox da fərqlənmir. İndiki qəzetçilər də “tam ifşa”dan, “ağır cəza”dan, “bütünlüklə məhv etmək”dən, “xarici agent”lərdən danışırlar. Ehtiyac olsa, əmək kollektivləri də işə qarışacaqlar, “zəhmətkeşlər” çıxış edərək, “xalq düşmənləri”nə ölüm tələb edəcəklər.
Repressiyanın hamısı pisdir – istər 100 il əvvəlki olsun, istərsə də 10 dəqiqə əvvəlki.