İki-üç gün qabaq xəbər lentində bir söhbət oxumuşam, hələ indi-indi özümə gəlirəm. Bu arada yazdığım yazılar da hesab edin sayıqlama idi. Çünki xəbər doğrudan şok edici idi: “Nazirin qızı məhkəmədə uduzdu!”
Əslində bizim gülməşəkər kütləvi informasiya vasitələrində belə informasiyalar çox olur. Görürsən başlıq qoyulub: “Baş nazir qaçdı”. Qəsdən belə qısa yazırlar. Sən də fikirləşirsən görəsən bizim qoca baş nazirimiz hara qaçıb, bu yaşda idman eləmək onun nəyinə gərəkdir, Nazirlər Kabinetində iş prosesi bu qaçaqaçdan zərər görəcəkmi, dövlət büdcəsində təqaüdçülərin sosial rifahı artacaqmı və sairə. Ancaq girirsən xəbərin içinə, məlum olur söhbət heç bizim ölkədən getmir, hansısa Dana Dişi Sahili Respublikasında hərbçilər dövlət çevrilişi edib, baş nazir Tximpxo Buhuncumu qaçıb qonşu Kəllə Paça Cümhuriyyətindəki bambuk ağacına çıxıbdır.
Yaxud, adamın lap ürəyini üzən başlıq verirlər: “Prokuror soyundu”. Lənət şeytana… Heç 18 + işarəsi də qoymurlar. Açıb baxırsan ki, burada Krımın prokurorundan söhbət gedir. Xalqı bu cür aldatmaq nəyə lazımdır?
O üzdən, mən yenə aldatmaq cəhdi hiss edirdim, ancaq maraq güc gəldi, xəbəri açıb oxudum və ağzım əyildi. (Şoka sonra düşdüm. Hətta arada dalağım şişdi, burnum uzandı, qulağım sallandı, ürəyim keçdi – ya da getdi, açığı, mən bunu həmişə qarışdırıram, saçım töküldü, qarnım ağrıdı). Sən demə söhbət Azərbaycan Respublikasının nazirindən, özü də hazırda yaşayan, iş başında olan nazirdən gedir, üstəlik hadisə dekabr ayında, lap təzəlikcə olubdur!
Düzü, xəbərin başqa detalları ilə o qədər maraqlanmadım. Proses nə ilə bağlı olubdur, nazir qızı şikayətçi, yoxsa zərərçəkən qismində məhkəməyə dartılıbmış, prosesdən sonra hakimi şaqqalayıb şəhər darvazasından asıblarmı, qarşı tərəf daha güclü nazirin qızı olubmu və sairə. Hərçənd, bunlar da indi dəbdə olan zəhləmgetmiş ifadə ilə desək, xəbər yüklü idi. Ən azından, sonuncu maddə: daha güclü məmurun qızı ilə kəllə-kəlləyə gəlmək ehtimalı araşdırılmalıdır.
Yoxsa bizdə bir nazir qızı məhkəməni niyə uduzsun? Bəyəm biz ABŞ, Fransa, Almaniya kimi geridəqalmış dövlətlərdə yaşayırıq? Demokratiya heç də anarxiya deyildir. Bu gün nazir qızları məhkəmələrdə uduzsalar daha ədliyyə sisteminə xalqın nə hörməti qalacaqdır? Hansısa süpürgəçinin qızı da məhkəmədə uduzsun, nazirin qızı da – belə dövlət çökər. Biz bunu 92-93-79-45-345-78-b.e.ə. 4-cü əsr-1913-cü il və sairə vaxtlarda görmüşük!
Hətta ola bilsin bundan sonra heç bir nazirin qızı məhkəməyə müraciət etməsin, şikayətçi olduğu şəxsi küçədə “Mazerati” ilə basıb öldürsün. Ya da paltar biçdiyi – bir çox nazir qızlarımız milli mentalitetə uyğun olaraq paltar tikirlər, nazir oğullarımız isə ovçuluqla məşğuldur – qayçını soxsun bəyənmədiyi adamın gözünə. Bizə bu lazımdırmı? Yox, qətiyyətlə lazım deyil. Məhkəmə sistemi ədalətin təməlidir.
Ona görə də, hakimlərdən acizanə xahiş edirik. Birincisi: heç vaxt nazir qızları məhkəməyə üz tutmağa məcbur edilməsin. Mümkünsə özünüz gedin nazirin villasına, gözətçilər üçün olan budkada işə baxın, rədd olun gedin.
İkincisi, əgər görsəniz nazir qızları daha böyük nazir qızlarına uduza bilər, xarakiri edin – qanun məcəlləsi doğradığınız ət bıçağını qarnınıza soxun. Vətən sizi unutmayacaqdır! Hətta ola bilər uşaqlarınıza gələcəkdə növbədənkənar “Oka” maşını verilsin.
Üçüncüsü, bütün yuxarıda qeyd edilən hallar mümkün olmadısa, intihara da… stulunuz çatmadısa, nazir qızlarının uduzması haqda qərarı heç bir halda mətbuata ötürməyin. Camaatın belə hərbi-dövlət sirrlərini bilməsi önəmli deyildir.
Sonda məhkəməni uduzan nazir qızlarından da acizanə xahiş edirik bir az təmkinli olsunlar, bizim o boyda Qarabağ dərdimiz var, hakimi vuranda üzündən vurmayın, izi qalar.