“Azərneftyağ” zavodunun ləğv edilib Neft Emalı Zavoduna birləşdirilməsini yapistlər səmərəliliyi artırmaqla izah edirlər. Normal sistemlərdə və dövlətlərdə belə izahatlar ağlabatan görünər. Ancaq bizdə nədənsə yalançı kimi çıxır. Ümumiyyətlə, ARDNŞ adından nə açıqlama verilsə bizdə yalana oxşayır. Hətta Rövnəq müəllim sabah bəyanat versə ki, Yer Günəşin ətrafına fırlanır, qurbağa isə suda-quruda yaşayan canlıdır – bəlkə Allahşükür müəllim onu kafir elan edib tonqalda yandırar. Yəni, düz də desə inanmırıq.
Eyni zamanda bu iki zavodun birləşdirilməsi, işçilərin ixtisarı əməyin səmərəsi, bazar qanunlarına görə deyil təbii ki. Bizdə ümumiyyətlə bazar iqtisadiyyatı deyil, oliqarxik-korrupsioner sistemdir. Vəziyyəti SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə (bəh-bəh, nə qəşəng vəzifə adıdır – Z.H.) vitse-prezidenti Xalik Məmmədovun APA-ya açıqlaması da nümayiş etdirir: “Bu gün Neft Emalı Zavodunun rəhbər vəzifəsində 198 nəfər çalışır. ”Azərneftyağ” zavodunda da bir o qədər rəhbər vəzifədə çalışan var. Ümumilikdə isə Bakı Neft Emalı zavodunda 2300, “Azərneftyağ” zavodunda isə 2100 nəfər çalışır. Təbii ki, bir mərkəzdən idarə olunan müəssisədə 2 direktor, iki baş mühəndis ola bilməz. Deməli burada ixtisarlar qaçılmazdır. Bu iki müəssisənin idarəetmə aparatı birləşəcək və burada ədalətlilik şəffaflıq təmin ediləcək”.
Bəs görəsən bu qədər yalançı rəhbər vəzifələr indiyəcən nə üçün saxlanırdı? 198 nəfər heç bp, Statoyl-da rəhbər vəzifə tutmur. Amma bunlar nə edirdilər? Neft-qaz sənayesində bütün sferaları “ölü canlarla”, saxta iş yerləri, uydurma vəzifələrlə doldurmuşdular, pul silirdilər. “Bəxtiyar” filmində deyilən kimi, Rövnəq qazırdı, Xaliq montajlayırdı. Sadəcə, indi neftin qiyməti düşüb, yapistlər kəmərləri sıxmağa məcburdur. Bu zaman təbii ki, Rövnəq müəllim və ya onun rəhbərləri öz kəmərlərində təzə deşik aça bilməzlər, əlac qalır nisbətən aşağı ranqı təpə-qapaz eləməyə. Məsələ budur. Yoxsa nə ədalətlilik, nə fisincanplov…
ARDNŞ-in bu mövzuda başqa bir açıqlaması da var idi, deyirdilər ki, zavodun bağlanması iqtisadiyyatımıza təsir etməyəcək. Maraqlı izahat idi.
Bu, bir tendensiya, ümumi haldır. Azərbaycanda, dünyada hansısa pis iş olsa yapistlər deyir ki, bunun Azərbaycana təsiri olmayacaq. Yaxşı işlərin də təsiri olmur, hərçənd bunu heç onlardan soruşan yoxdur, onsuz xalqımız əmindir ki, yaxşı işin gömrükdən keçib ölkəmizə girmək ehtimalı mənfi sıfıra bərabərdir.
Bəs bu nə deməkdir? Bəyəm respublika ölüb ki, ona təsirlər mümkün deyil? Ya biz ölkəni izolyasiya eləyib, raketin dalına bağlayıb kosmosun bir küncünə uçurtmuşuq, orda ağacdan asıb asudə, qulağı dinc yaşayırıq? Bəlkə biz təsirsiz qazlarıq? Yaxud, ilahi möcüzəyik? Nə biləsən…
Hərçənd boyunlarına almasalar da xoruzun quyruğunu hərdən ələ verirlər. Misal üçün, neftin qiyməti dünya bazarında qalxanda benzini bahalaşdırdılar, Tarif Şurası bunu belə izah etmişdi: “Dünya bazarında neftin bareli 110 dollardır, biz 2007-ci ildə benzinin qiymətinə baxanda isə 57 dollar idi. Bazar iqtisadiyyatı çevik tənzimləmə tələb edir”. (Bax: 3 dekabr 2013, “Trend” agentliyi, Tarif Şurasının katibi İlkin Muradovun açıqlaması). Bəs indi neft 60 dollara düşüb, niyə benzin ucuzlaşmır? Çevik tənzimləmə hara girib? Niyə azərbaycanlılara yaxşı olan şeylər burda tətbiq edilmir, hardan pis şey varsa tapıb gətirirlər?
Ancaq biz gör kimdən nə umuruq… Həyasızlıq o dərəcədə yüksək səviyyədədir ki, nəinki qiymət ucuzlaşdırmağı, hətta qaldırmağı düşünürlər. Nəqliyyat Nazirliyi təzəlikcə belə bildirdi ki, Tarif Şurasına şəhəriçi avtobusların qiymətini qaldırmağı təklif ediblər. Guya 150 min avroya avtobus alıblar, bunun pulunu çıxartmaq lazım imiş. Guya avtobusu alanda bizdən mövqe öyrəniblər. Bəlkə sabah kef qalxdı, 65 nömrəli avtobusun yerinə “Ferrari” buraxdınız – biz buna görə hər dayanacağa 10 manat verməliyik?
Əslində veririk. Sadəcə bəzən bunu anlamırıq və sirr faş olur. Hələlik sizdən oğurlanan pulla küçələrə vurulan şax-şax oyuncaqlarına baxın, əylənin, dombalaq aşın…