“Media forum” saytının suallarını Ağdamın “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov cavablandırır.
42 yaşlı Qurban Qurbanov futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında hücumçu mövqeyində çıxış edib. Azərbaycan milli komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub.
2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov əvvəl Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb, sonra “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.
– Siz ölkənin ən populyar adamlarından birisiniz. “Qarabağ” sizin baş məşqçiliyiniz dövründə Avropa arenasında tanınıb. Futbolçu kimi də məşhur olmusunuz, Azərbaycanın, Gürcüstanın, Rusiyanın tanınan klublarında oynamışınız, Azərbaycan milli komandasının aparıcı üzvlərindən olmusunuz. Bir sözlə, çox tanınırsınız. Amma istərdik özünüzü qısa təqdim edəsiniz: Qurban Qurbanov kimdir?
– Özüm haqda geniş danışmağı xoşlamıram. Qısa deyim ki, Zaqatala rayonunda doğulmuşam. Futbolla böyümüşəm desəm, yanılmaram. Hələ uşaq olarkən məhəllədə futbol oynamağa başlamışam, sonra pillə-pillə yüksələrək rayon komandasında oynamışam, ardınca daha yaxşı klublara transfer olunmuşam, milli komandanın üzvü seçilmişəm. Daha sonralar beş il Rusiyada çıxış etmişəm. Bakıya qayıtdıqdan sonra karyeramı “Neftçi”də davam etdirmişəm. “İnter” klubunda futbol həyatımı yekunlaşdırıb məşqçiliyə başlamışam.
– Hər bir oğlan uşaqlıqda futbol oynayır. Amma heç də hər kəs futbolçu olmur. Taleyinizi futbola bağlamağınızın tarixçəsi var yəqin…
– Futbola marağım lap uşaqlıqdan başlayıb. Kənddə böyüdüyüm üçün daha çox küçələrdə, məktəbin idman sahəsində futbol oynayardıq. O zamanlar gənclər arasında rayon çempionatı keçirilirdi. Mən də orada iştirak edirdim. 7-ci sinifdə oxusam da, fiziki cəhətdən üstün olmağımla diqqət çəkirdim, kənd komandasının üzvü idim.
Həmin dövrdə Zaqatalanın “Daşqın” komandası vardı. Baş məşqçi Şaban Şirdanov rayon çempionatı keçiriləndə oyunlara gəlirdi, perspektivli oyunçular axtarırdı. Oyunumu bəyəndiyi üçün məni kluba dəvət etdi. Qardaşım Musa da əsgərlikdən yeni qayıtmışdı. Özü də futbolçu olduğundan məni futbola yönləndirdi. Qardaşım dedi ki, istəyirəm futbolçu olasan. Həm Şaban Şirdanov, həm qardaşım futbolçu kimi gələcəyimin yaxşı olacağına inanırdılar. Onların dəstəyi ilə karyerama başladım. Orta məktəbin 8-ci sinfində oxuyanda “Daşqın” komandasının əsas heyətində məşqlərə başladım. 10-cu sinifdə isə “Daşqın” klubunun əsas heyətinin üzvü oldum, Azərbaycan çempionatında oyunlara çıxdım.
-“Daşqın” klubunun sonrakı taleyi necə oldu ?
– Klub çempionatımızda uğurla çıxış edirdi. Hətta bəzi illər üçüncülük yarışında yer aldıq. Sonra klubun adı dəyişildi . Hazırda “Simurq”dur komandanın adı. Mənsə Tovuzun “Turan” komandasına transfer olundum. Elə ilk ilimizdə – 1994-cü ildə çempion olduq.
– Peleyə, Bekkenbauerə, Platiniyə, Maradonaya pərəstiş edən xeyli gənc taleyini futbolla bağlayıb. Siz özünüzü hansı futbolçuya oxşatmaq istəmisiniz?
-Təbii, hər dövrə damğa vuran futbolçular olub. Hazırda balaca uşaqlardan kumir olaraq kimi gördüklərini soruşsanız, Messi və ya Ronaldo cavabını alacaqsınız. Bizim dövrün kralı isə Maradona idi. Hər birimiz ondan ilham alırdıq. Onun qollarından , oyunundan bəhrələnirdik . Təəssüf ki, bu cür futbolçular əsrdə bir yetişir.
– Azərbaycanda Pele, Maradona kimi futbolçuların yetişməsi nə dərəcədə realdır?
– Son illərə nəzər salsaq, ölkəmizdə futbola maraq yetərincə artıb. Lakin dahi futbolçunun tezliklə ortaya çıxacağını vəd etsək, özümüzü aldatmış olarıq. Böyük futbol ölkələri ilə özümüzü müqayisə edə bilmərik. Argentina, Braziliya, öndə gələn Avropa ölkələri bizdən çox irəlidədir. Ola bilsin yaxın illərdə bir futbolçu parlasın və bizi heyran etsin. Bu ehtimaldır. Amma xəyalpərəst olmaq lazım deyil.
– Bunun bir sirri varmı? Bu istiqamətdə irəliləmək üçün nə etməliyik?
– Bilirsiniz, bir idman növünə maraq nə qədər çoxdursa, o qədər də inkişaf müşahidə olunur. Məsələn, güləş üzrə dünya, olimpiya çempionlarımız var. Futbolun populyarlığı artdıqca səviyyəsi yüksələcək. Argentina və Braziliya kimi ölkələrin xəmiri futbolla yoğurulub. Onlara yetişməmiz zaman alacaq.
– Sizdə diqqəti cəlb edən bir keyfiyyət var. Qurban Qurbanov çox təmkinlidir. Komanda udanda da, uduzanda da çox sakit, emosiyasız görünürsünüz. Bu, uşaqlıdan gələn xarakterdir, ya özünüzü ələ almağa zamanla vərdiş etmişiniz?
– Uşaqlıqdan gələn keyfiyyətdir. Yaş irəlilədikcə anlayırsan ki, belə olmaq daha yaxşıdır. Digər tərəfdən hər kəsin özünəməxsus xarakteri var. Mənim də xarakterim belədir. Bunu dəyişə bilmərəm. Bir nüans da var. Mənim təmkinli olmağım oyunçuların da xeyrinədir. Emosional, hisslərini sahə kənarında büruzə verən məşqçi olsam, bu birbaşa oyunçulara təsir göstərər, oyunun gedişatında, nəticədə əks olunar.
– Biz belə məşqçi tiplərinə rast gəlirik. Məsələn, Fatih Terim, Dieqo Simeone, Slaven Biliç kimi məşqçilər emosionallığı ilə seçilir…
– Hər məşqçinin tərzi fərqlidir. Belə desək, hərə öz yolunu seçir. Bəziləri düşünə bilər ki, bu cür yolla öz oyunçularına ruh verir…
– Məşq zamanı da təmkinli olursunuz?
– Xeyr. Məşq zamanı fərqli oluram. Hiss və duyğularımı daha bariz şəkildə göstərə bilirəm.
– Qurban bəy, ümidlərinizi doğrultmayan, məşqdə, oyunda can yandırmayan və ya nizam-intizamı pozan futbolçunu necə cəzalandırırsınız?
– Hər futbolçu fərqlidir. Ümumi şəkildə cəza vermək düzgün olmaz. Bəzisinə pul cəriməsi etdikdə pis təsir göstərər və ya irad bildirdikdə oyunçu neqativ reaksiya verə bilər. Ona görə də hər futbolçu ilə ayrı-ayrılıqda danışıq aparırıq.
– Gənc olmanız futbolçularla münasibətlərə necə özünü göstərir?
– Mənim üçün yaş faktoru yoxdur. Məşqçi elə məşqçidir. Cavan, yaşlı bölgüsü aparmaq düzgün deyil. Məşqçi elə davranmalıdır ki, oyunçu qarşısındakının məşqçi olduğunu dərk edə bilsin. Ona hörmət eləsin. Məncə, bu hər bir insanın özündən asılıdır. Özümü misal göstərib deyə bilərəm ki, oyunçularla zarafat da edirəm, söhbətlərimiz də olur. Amma hər şey çərçivə daxilində olmalıdır. Xarakterimdə tez-tez zarafat etmək olmasa da, yeri gəldikcə məşqlərdə zarafatlara yol veririk. Təbii ki, belə hallar futbol terminləri ilə bağlı olur. Bununla belə ağıllı oyunçu bilir ki, hər bir zarafat həm də bir işarədir.
– Futbolçularla hər hansı mübahisəniz olubmu?
– Şükürlər olsun ki, indiyə qədər belə halla rastlaşmamışam və bundan sonra qarşılaşmayacağıma ümid edirəm. Hər hansı futbolçu ilə münaqişə yaşamamışam. Sadəcə narazılığım olub. Komanda yaxşı oyun göstərməyəndə, ilk hissəni məğlub bitirdikdə, bəzi hallarda isə qalib gədiyimiz oyunlardan sonra belə iradlarımı bildirirəm. Amma bəzən elə hallar olur ki, çox yaxşı oynasaq da, məğlub oluruq. Rəqib girdiyi bir qol vəziyyətindən faydalanır, biz isə 5-10 qol vəziyyətindən istifadə edə bilmirik. Belə hallarda oyunçularıma təsəlli verirəm, onlara olan inamımı vurğulayıram
– Oyunlara hazırlaşarkən psixoloq xidmətindən də yararlanırsınızmı? “Qarabağ”ın psixoloqu varmı?
– Xeyr. Psixoloq köməyinə ehtiyac duymuruq. Açığı, elə bir dövrdür ki, fərdi psixoloq oyunçunun oyununa mənfi təsir belə göstərə bilər. Mən özüm futbolçu olmuşam. Bizə də psixoloq təlimlər keçəndə və ya motivasiya xarakterli söhbətlər edəndə o qədər də ciddi təsiri olmurdu. Ola bilər psixoloq öz peşəsini mükəmməl icra edir, lakin futbolçu üçün ən önəmlisi baş məşqçidir. Klubumuzda bütün yükü mən öz üzərimə götürmüşəm.
– Avropa futbolunda psixoloqların köməyindən istifadənin şahidi oluruq. Buna münasibətiniz?
– Get-gedə bu hallar azalır. Çünki futbol fərqli bir idman növüdür. Futbolun öz dili var. Qeyd etdiyim kimi, mən də futbolçu olduğum zaman psixoloq köməyinə ehtiyac duymamışam. Mənim üçün ən önəmlisi baş məşqçi olub. Onun dediyinə əməl etməyə çalışmışam.
Futbolçular digər idmançılardan seçilir. Bəziləri gənc yaşda tanınır, özündən razılıq yaranır. Çalışırıq belə halların qarşısını alaq. Bu cür vəziyyətlərin şahidi olmuşam. O zaman oyunçunu tənbeh etmişəm, ona iradımı bildirmişəm.
– Futbolumuz yaxşı günlərini yaşamır. Düzdür, Azərbaycan kiçik ölkədir, futbol yeni inkişaf edir. Buna baxmayaraq o qədər də böyük olmayan Belçika, Hollandiya kimi ölkələr bu əngəli aşıblar. Bəs çıxış yolu nədir?
-İnkişaf etməliyik və bu yolda irəliləməliyik. Sadaladığınız ölkələrlə müqayisə oluna bilmərik. Bu yanlış olar. O ölkələrdə neçə illərdir müstəqil çempionat keçirilir, Avropa kuboklarında iştirak edirlər. Biz isə hələ yeni addımlamağa başlayırıq. Avropa kuboklarına ilk dəfə 1994-cü ildə “Turan” komandası ilə qatılmışıq. 20 il çox qısa zamandır.
İnkişaf üçün futbol meydançalarına, bazalara ehtiyac var. Hazırda bizim yeni bazamız tikilir. Belə davam etdiyi təqdirdə inkişaf olacaq.
Biz yeni müstəqil olmuşuq. Milli çempionatımız da yenidir. Əvvəllər SSRİ-nin tərkib hissəsi idik. Bu səbəbdən bütün gözlər yalnız yüksək liqalarda oynayan “Neftçi” klubuna dikilmişdi. Respublikada yetişən futbolçular uzağı “Neftçi”də oynaya bilirdi. Bunlar bizi çox geri salıb. Keçmiş SSRİ respublikalarına baxın. Gürcüstan, Ukrayna kimi ölkələr də eyni çətinlikləri yaşayır. Hər şeyi sıfırdan başlamalı olmuşuq. Zamana ehtiyacımız var. Futbol fərdi idman növü olsa, daha asan olardı. Lakin bu, kollektiv oyundur. Digər tərəfdən struktur baxımından geridəyik. Bizim indi inşa etdiklərimizi Avropada 50 il öncə ediblər.
– Milli çempionatda legioner limitinə münasibətiniz necədir? Hazırda 6+5 sistemi tətbiq olunur.
– Bu işlə futbolumuzun funksionerləri məşğul olur. Məncə, bu məsələdə önəmli olan stabil sistemin tətbiqidir və buna doğru addımlar atılır, zamanla hər şey öz yerinə oturacaq.
– Bəs sizin hər hansı ideya və təklifiniz varmı?
– Mənim bu haqda rəy bildirməm yersiz olardı. Çünki funksionerlərimiz artıq tədbir görürlər. Bizə düşən öz klubumuzun işləri ilə məşğul olmaqdır. Bunun üçün də çalışırıq.
– Yüksək liqada 10 komanda vardı, 9-a endi. Sizcə, sistem necə olmalıdır?
– Stabil çempionat üçün zaman lazımdır. İki dövrəli sistem daha münasibdir. Biz indi hər komanda ilə dörd dəfə qarşılaşırıq. Yəni saya görə sistem yaranıb. Daha stabil çempionat üçün regionlarda futbolun inkişafı mütləqdir. Gəncə kimi böyük bölgəmizdə futbol böhran keçirir. Tovuz kimi futbol məktəbimizin klubu aşağı liqada oynayır. Regionlar irəliləsə, komandalar çoxalar və sistem daha münasib şəkil alar.