Lənkəranda futbol oynayan zaman dünyasini dəyişən Canbaxış Əliyev Lənkəran Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyevin qardaşı imiş.
Əlimərdan Əliyev ANS PRESS-ə açıqlamasında Canbaxış Əliyevin səhhətində əvvəllər elə də ciddi problemlərin olmadığını deyib.
“Bir neçə ay bundan əvvəl ürəyində problemlər olub. Lakin elə də ciddi ağrıları olmayıb. Özü idmançı idi. Dünyada çox adam ürəyindəki problemlə bağlı rəhmətə gedir. Qardaş itirmək çox ağırdır” – deyə Əlimərdan Əliyev bildirib.
Qeyd edək ki, 1950-ci il təvəllüdlü Canbaxış Əliyev uzun müddət idmanla məşğul olub. Evli idi, 2 övladı və 3 nəvəsi var. O, dünən səhər saatlarında Lənkəran şəhər ərazisində yerləşən idman kompleksində futbol oynayarkən qəfildən halı pisləşib. Həkim çağırılana qədər C.Əliyev dünyasını dəyişib. Müayinədən sonra onun infarktdan öldüyü məlum olub.