“Zeynəb Xanlarova uzun illərdir ki, millət vəlkilidir. Mənim çox sevimli müəllimim Arif Məlikov da zamanında deputat olub. Yəni incəsənt adamları, şairlər və s. millət vəkili ola bilirlər. Mən də onların davamçılarıyam, bəlkə gələcəkdə mən də deputat oldum”.
Müğənni Elza Seyidcahan bu sözləri “Yeni Müsavat”ın əməkdaşına bildirib. Müğənninin dediyinə görə, rəhbər şəxslər onda deputatlığa xas olan xüsusiyyətlər görürlər:
“Burda təəccüblü heç nə yoxdur. Biz incəsənət adamları onsuz da sənətimizin vəkiliyik və Azərbayacanımızı xarici ölkələrdə öz sənətimiz və işimizlə təmsil edirik. Millət vəkilləri ilə birgə dəfələrələ bayramlarda, tədbirlərdə, N saylı hərbi hissələrdə oluram. Bu zaman rəhbər insanlar mənə bildirirlər- Elza xanım siz musiqiçi, bəstəkar kimi fəaliyyətinizdən əlavə sanki hansısa diplomat sahəsi ilə də bağlı təhsil almısız. Onlar mənim natiqliyimə, danışığıma, hərəkətlərimə heyran qalırlar, məndə deputata xas xüsusiyyətlər görürlər. Mən də bildirirəm ki, əlbəttə, biz də böyüklərdən öyrənirik, onların hikmətli kəlamlarına qulaq asırıq, bu yol müəllimlərimizdən, ulu öndərimizdən qalan yoldur ”.
Musavat.com – un əməkdaşının “deputat olarsınızsa hansı işləri görərdiniz?” sualına E.Seyidcahan belə cavab verib:
“Çöldə qalan heyvanlara sahib çıxaram”.
Müğənni onu da bildirib ki, tez-tez keçirilən sosialoji layihələr və tədbirlərdə onun da imzası olur:
“Tez-tez qocalar, valideynləri tərəfindən atılmış körpələr evində oluram. Onlar üçün mahnılar yazıram. Məsələn, bu yaxınlarda “Ümid evi” üçün mahnı bəstələmişdim. Mən insanları sevirəm, onlara bir bəstəkar kimi xidmət göstərmək mənim borcumdur”.