Загрузка...

images_vahid qazi

(“Yaddaş ləpirləri” silsiləsindən)

Çaykovskinin “Sonalar gölü” baletinə bileti İsveç Sosial Demokrat Partiyasının regional təşkilatının qadın fəallarından olan İradə Əliyeva hələ iki ay əvvəl, Sankt-Peterburqun məşhur Marinsk teatrının Jönköpinqə qastrola gələcəyi xəbər çıxan gün almışdı.

Yolda uşaqlara bu baletə baxmaq üçün biletə filan qədər pul verməyə, neçə yüz kilometr yol getməyə həvəsin əsl səbəbindən danışdım. Bu, xoş uşaqlıq xatirələrimi uşaqlarla ilk bölüşməyim deyildi, hərdən belə söhbətlər olur, illah da qürbət şimal ölkəsinin uzun qış gecələrində.

Uşaqlara məni bu tamaşaya aparan sehrin qısa tarixçəsini danışandan sonra zarafata salıb dedim ki, siz tamaşaya baxarsınız, mənsə uzaq bir səfərə çıxacam.  Güman elədiyim kimi də oldu. Balet tamaşası elə ilk səhnəsindən məni uzaq uşaqlığın doğma çağlarına apardı.

***

Baletlə tanışlığım elə “Sonalar gölü”ylə başlayıb. Onda doqquz, ya on yaşım olardı, yekə oğlan idim. Atam çölə-bayıra iş dalınca təzə-təzə buyururdu. Hərdən məni Ağdamdakı evimizdən iki tin aralıda yaşayan dayısıgilə göndərib deyərdi: “Get Bekgilə, denən, babat bir kitab versin oxumağa”.

Atamgil dayıları İsmayıla “Bek” deyirdilər. Danışırdılar ki, bəy sayaq davranışına görə Tiflisdə yaşayan vaxtlar onu belə çağırırmışlar,.

İsmayıl dayıgildə kitab bizimkindən çox idi. Atam öz kitablarını oxuyub onların kitabxanasına keçmişdi. Mən də gedərdim, İsmayıl dayı atamın zövqünə uyğun kitab seçib verərdi, gətirərdim…

Bir yay çəpər qonşumuza Bakıdan qonaqları gəlmişdi. Oğlan uşaqlarıları mənlə yaşıd olsalar da bacıları bir xeyli böyük idi. Ala gözləri, sarıyaçalan saçı hələ də gözümün qabağındadı. Gilənar ağacının kölgəsində ağappaq süfrə salınmış samovarlı masaya dirsəklənib bütün günü kitab oxuyurdu. Qardaşlarıyla oynasam da diqqətim həmişə onda olurdu. Onu o vaxt ekranlara təzəcə çıxan “Buratinonun məcaraları” filmindəki Malvinaya oxşadırdım. Asta hərəkətindən, hərdən qardaşlarına baxıb yüngülcə gülümsəməsindən, arada kitabı qatlayıb, nəzərlərini göydə hansısa məchul nöqtəyə zilləməsindən xoşum gəlirdi. Yarpaqlar o qədər sıx idi ki, aralarından səma güclə görünürdü. Bu bir əlçə göyüzündə nə axtarırdı görən?!

svansjc3b6n-1

Şəhər uşaqları ilə oynamağın bir başqa ləzzəti vardı, onların danışığı, gülüşü, hərəkətləri də mənə qəribə gəlirdi. Hələ özləriylə gətirdikləri oyuncaqları demirəm. Bəzən özümü unudub maddım-maddım elə baxırdım onlara, elə bil, başqa planetdən gəliblər. Oyuncaqlarıyla isə illərlə oynasam doymazdım. Bu, mənim təbii insan duyğularından olan həsəd hissiylə ilk tanışlığımıydı. Amma nəfsimi boğurdum, oyuncaqlara yaxın durmurdum. Özümü gözütox göstərmək ağlıma gəlmirdi, bu, sadəcə onların bacısına böyük oğlan görünmək istəyindən gəlirdi. O isə məni “görmürdü”.

Yeniyetmə qızlar özlərindən xeyli kiçik oğlanların onlara bəslədiyi hissi duymurlar, amma özlərindən böyük oğlanların sevgisini səbirsizliklə gözləyirlər. Həmin yay o qızın yaşadığı sevdalı ovqatının səbəbini uzun illər sonra bir kitabı – onun o vaxt əlindən düşməyən kitabı oxuyanda anladım. O günlər onunla kəlmə kəsməyə min bir bəhanə gəzirdim: bir dəfə oxuduğu kitabın adını soruşmaq bəhanəsiylə yaxınlaşdım. “Stefan Sveyq”in novellalarıdır”, dedi…

Növbəti belə bir oyunun şirin yerində atam çağırıb məni yenə kitab dalınca göndərdi. Etiraz edə bilməzdim, çaparaq qaçıb gətirəcəkdim, sonra da bu bakılı uşaqlarla xoş oyunuma davam edəcəkdim. Belə olmadı.

***

İsmayıl dayıgilin evi Şuşa yolunda, bulvarın ayağındakı restoranla üzbəüz idi. Onların evində, xüsusən də evlərinin dalındakı anbarda vaxt keçirməkdən xoşum gəlirdi. Anbarda cürbəcür məişət aləti, qədim əşyalar öz yerində, məni daha çox palıd ağacından iri şoraba çəlləkləri özünə çəkirdi. Lap uşaq olanda çəlləyə boyum çatmırdı, ayağımın altına vedrə, ya da yeşik qoyurdım. Şorabanı “kələm bojqa”sından əl havasına çıxarıb yeməyin bir başqa ləzzəti vardı…

Böyük kitab rəfləri evin girəcəyindəki dəhlizdəydi. Şüşəbəndli qonaq otağını əntiq suvenirlər bəzəyirdi. Divardan oğlu Vaqifin dəmir lövhələrdən düzəltdiyi “çikanka”lar, Vidadinin əsgərlikdə yağlı boyayla çəkdirdiyi portret, bir də İsmayıl dayının tiflisli arvadı Vəzifə xalayla Tiflisdə, Ağdamda çəkdirdiyi fotolar asılırdı. Qara pianonun üstündə cürbəcür fiqurlar, heykəlciklər olurdu. Qonaqlıqlarda uşaqları piano çalmaq istəyəndə həmin fiqurları ehmalca kamotun üstünə yığıb qapağını qaldırırdılar ki, səsi ucadan gəlsin. Hər dəfə nənəm Bakıdan bizə gələndə İsmayıl dayı bacısının şərəfinə böyük məclislər qururdu. Deyib-gülmək, yeyib-içmək, çalıb-oynamaq saatlarla davam edirdi. Uşaqları Vaqif, Vidadi, Elmira, Rasim ayrı aləm idilər: biri klarnet, o biri piano çalar, bir başqası stulu sevirib nağara yerinə ritm tutardı…

O gün kitab dalınca gələndə İsmayıl dayı stulu tərsinə çevirib, qollarını stulun söykənəcəyinə çarpazlamışdı, çənəsini əllərinə dirəyib televizora baxırdı. Belə diqqət kəsilməyi baxdığından zövq alması anlamını verirdi. Məni görüb yanına çağırdı, yanakı stulda yer göstərdi.

Televizorda ağ geyinmiş bir dəstə qız qəribə musiqiyə rəqs edirdi. Maraqsız olsa da oturası oldum. Bir xeyli sonra arvadı çay gətirəndə ürəklənib dedim ki, atam kitab istəyir. Eyninə almadı. Mənə baxdığımızın “Sonalar gölü” baleti olduğunu dedi. Sonra ayağı durdu, stulu düz üzünə çevirib masaya yaxın qoydu. Əyləşib çayı qabağına çəkdi. Balet haqqında ətraflı söhbətə başladı. Bir cadugər gənc şahzadənin sevgilisini qu quşuna çeviribmiş. Həsrət çəkən şahzadə sonunda cadugərlə savaşda qalıb gəlir, sehrini qırıb sevgilisini xilas edir. O vaxt onun dedikləriylə televizorda gördüyüm rəqslər arasında bir əlaqə olduğunu kəsdirə bilməsəm də, axıracan oturub baxdım.

İsmayıl dayı mənimlə tay-tuşu kimi elə danışırdı ki, elə bil, indiyəcən yüz baletə baxmışam, səksən opera dinləmişəm. Söhbətindən onu xatırlayıram ki, operalardan elə də xoşu gəlmirmiş. Tək sevdiyi “Leyli və Məcnun” operasıymış, cavanlığında Tiflisdə çox baxıbmış. Xarici operalara heç marağı yoxuydu. “Həm qışqırırlar, həm də sözlərini başa düşmürsən”.

Baletdən isə xoşu gəlirdi. Nəyə görə xoşladığını başa düşmürdüm. Verdiyi izahdan heç nə anlamırdım. Bir o yadımda ki, səhnədəkiləri kəpənəyə oxşadırdı: “Elə bil yerimirlər, uçurlar”.

Baletin nə qədər çəkdiyini bilmədim, hər halda mənə çox uzun gəldi. Hövsələm bir tikə olmuşdu. Canım bakılı uşaqların, illah da “Malvina”nın yanında qalmışdı. Televizorda qəşəng qızlar nə qədər gözəl rəqs eləsələr də, bakılı uşaqlar qədər maraqlı deyildilər.

Nəhayət, İsmayıl dayıgildən çıxanda elə balet havasındaydım. Çaykovskinin musiqisi ağzıma düşmüşdü, fit çalırdım. Qoltuğumda gətirdiyim kitabın adını isə onu atama verəndə bildim, Balzakın ”Qorio ata”sıymış.

***

Soyuq İsveç axşamı “Sonalar gölü” məni vətənin isti xəyallarına qərq elədi. Xoş xatirələrə dalmaq elə o çağları yenidən yaşamaq kimidi. Uşaqlıqda gələcəyini xəyal elədiyin kimi, böyüyəndə də uşaqlığın xiffətini çəkirsən, nə qədər qəribə olsa da, şirin duyğularla. Xiffətin şirini də olurmış, sən demə.

Xəyalpərəstlərin yaşı olmur. Rus balet artistlərinin rəqsi, Çaykovskinin məftunedici musiqisi adamı on yaşlı uşaq qədər duruldur. Bəlkə də elə ona görə bir uşağın qura biləcəyi xəyallara daldım o gecə – sanki o vaxt mən şahzadə Ziqfrid, sarışın bakılı qızı isə Odetta imiş. Amma nə qədər çalışsam da İsmayıl dayını iki sevgili arasında qara tikan olan sehrbaz Rotbarta oxşada bilmədim.

Çünki İsmayıl dayı işıqlı adam idi. Balaca əyalət şəhərində bir divar boyu kitabxanası, hər gün çalınan pianosu, üzü baletlərə açılan televizoru olan işıqlı bir adam. Sonralar məni füsunkar sehriylə tilsimləyəcək “Sonalar gölü”ylə tanış edən adam.

Həmin o isti yay günündə İsmayıl dayının ağlına belə gəlməzdi ki, zorla baxmağa məcbur elədiyi balet qırx il sonra mənə yurd nostaljisi qarışıq duyğusal uşaqlıq xatirəsini bir röya kimi yaşadacaq. “Sonalar gölü”ndə üzdürüb uşaqlığın isti sahillərinə aparacaq.

Dekabr, 2014
Karlskrona, İsveç