76081_res_01

Rusiyada rublun kəskin ucuzlaşması Azərbaycandan olan maşın alverçiləri üçün əla fürsət yaradıb.

Virtualaz.org saytı xəbər verir ki, indi onlar kütləvi şəkildə Dağıstana axışır və əllərinə keçən Rusiya istehsalı avtomobilləri alıb gətirirlər.

“Kavkazskiy uzel” Mahaçqalanın bir neçə iri avtosalonunda və maşın bazarında araşdırma aparıb. Məlum olub ki, dilerlər köhnə qiymətlərlə aldıqları xarici markalı avtomobilləri satıb qurtarmaq üzrədir, yeni avtomobillər isə gələn ilin may ayına qədər gətirilməyəcək.

Hazırda rublun ucuzlaşmasına görə Rusiyanın avtomobil bazarında tələbat kəskin artıb. Mahaçqaladakı avtosalonlardan birinin sahibi deyib ki, yaxın vaxtlarda yeni avtomobillərin gətiriləcəyini gözləmir. Əvvəl gətirilənlərin isə hamısı satılıb, anbarlar boşdur.

“Əsas axın bu həftə baş verdi. Kütləvi şəkildə avtomobilləri aldılar, anbarlar boşaldı. Çoxları hətta qiymətindən yuxarı pul təklif edirdi ki, avtomobil ala bilsin. Son iki gündə kütləvi şəkildə Azərbaycan vətəndaşları gəldi və Rusiya istehsalı olan avtomobilləri aldı. Onların əsas tələbatı “Priora” avtomobillərinədir. Qiymətlər sıçrayışla artandan sonra bu modelin qiyməti Dağıstan avtosalonlarında 600 min rubl olub. Hazırda Dağıstan avtosalonlarında bir dənə də bu maşından qalmayıb” – deyə diler bildirib.

“Priora” avtomobillərinin qiyməti Azərbaycan bazarında 14 min ABŞ dollarına yaxındır. Rusiyada rublun kəskin ucuzlaşmasından sonra Dağıstanda bu maşınların qiyməti kəskin artıb 600 min rubl təşkil etsə də azərbaycanlı maşın alverçiləri üçün yaxşı qazanc imkanı var.

Загрузка...