Sovet dövründə hökumətlə bağlı bir ifadə vardı, tez-tez işlənirdi, deyirdilər, bu hökumət dovşanı arabayla tutur. Burada “araba” hökumətin öz məqsədinə çatmaq üçün müəyyən mexanizmlərdən bacarıqla istifadə etdiyini səciyyələndirirdi.
Eyni fikrin bənzəri sovet təbliğatında Qərb dövlətlərinin siyasətinə aid edilirdi. Hesab olunurdu ki, Qərb dövlətləri də öz məqsədlərinə çatmaq üçün mürəkkəb fəndlərdən istifadə edirlər.
“Soyuq müharibə” dövrü idi, dünya iki qütbə – sosializm düşərgəsinə və kapitalist dünyasına bölünmüşdü.
Dünyanın harasında bir pərxaşlıq, inqilab, çevriliş, vətəndaş müharibəsi baş verirdisə, altından mütləq ya ABŞ-ın, ya da SSRİ-nin barmağı çıxırdı.
Dünyada belə qaynar nöqtələr çox idi: Vyetnam, Kamboca, Əfqanıstan, Laos, Nikaraqua, Efiopiya, Konqo və s.
Kasıb, ətalət içərisində boğulan, əsl tərəqqidən məhrum, tənəzzülə uğramış SSRİ öz boş mağazaları ilə gündən-günə çiçəklənən qüdrətli Qərb dövlətləri ilə amansız bir çəkişmədə idi. Bunun sonunun nəylə bitəcəyi böyük politoloqlara, ziyalılarla əvvəlcədən bəlli idi.
Qərbdə həmin ziyalılar, politoloqlar dövlət strukturlarında, ya da dövlətin himayə etdiyi institutlarda, analitik mərkəzlərdə çalışırdılarsa, SSRİ-dəki irəlini görən, aydın proqnozlar verməyi bacaran şəxslər ya türmədə, sürgündəydilər, ya da ölkədən qovulmuşdular.
SSRİ-nin dağılmasına görə hələ də Mixail Qorbaçovu günahlandırırlar: agentmiş, qəsdən dağıdıb, mülayim adam imiş, sərt tədbirlər görməyib, qətiyyətsiz imiş, ona görə SSRİ dağılıb və s.
Ancaq fakt budur ki, qırmızı imperiyanı işbilməzlik, səriştəsizlik, ən yaxşı idarəetmə üsulunun rəsmi və puç ideologiyaya qurban verilməsi, sürətlə silahlanmaya, hərbi avantüraya meyl edilməsi, Qərbin isə bu aqressiv dövlətə layiq olduğu üzü göstərməsi dağıtdı.
SSRİ-nin əsaslı çöküşünün özülü bu dövlətin 1979-cu ildə Əfqanıstanı işğal etməsi zamanı qoyulmuşdu. 1981-ci ildə Cənubi Koreyanın sərnişin təyyarəsinin vurulması isə Qərbi inandırmışdı ki, bu şər dövləti zəifləməsə, bəşər əhli dinclik tapmayacaq.
1979-cu ildən 10 il keçəndən sonra SSRİ çökməyə başladı, əvvəlcə sosialist düşərgəsi dağıldı, Macarıstan, Rumıniya, ADR, Bolqarıstan, Polşa, Çexoslavakiya gerçək müstəqilliklərini əldə etdilər, sonra SSRİ-yə daxil olan respublikalar Moskvanın birbaşa patronajlığından çıxdılar. SSRİ çökdü, Rusiya zəiflədi.
İndi dünyada başqa durumdur. Rusiya neft-qaz pullarından gələn milyardların hesabına yenidən dirçəlib və yenidən həm öz əvvəlki qüdrətini, əlində tutduğu ərazini, eləcə də qırmızı imperiyanın sərhədlərini bərpa etmək istəyir, həm də Qərb dövlətləri ilə ağac-ağaca durub.
Bu dövlət əvvəlcə Gürcüstana hücum etdi, sonra Krımı götürdü, Ukraynanı parçaladı, Malayziyanın sərnişin təyyarəsini vurdu və müəyyən mənada 1979-cu il situasiyası yaratdı. Rusiya yenə qüdrətli dövlətlərin sanksiyasına məruz qaldı.
Hazırda Rusiya Krımın bədəlini ödəyir. Moskvanın Krımdan qazandığı 5 rubl ortada yoxkən bu dövlət həmin avantüraya görə 100 milyard civarında vəsait itirib. Üstəlik, milli valyutası – rublu kağız parçasına çevrilmək, maliyyə sektoru iflas etmək təhdidi altındadır.
2014-cü ilin əvvəlində Rusiya xalqının böyük əksəriyyəti eyforiyada idi, Krım qurbansız ilhaq edilmişdi, “rusları sevməyən Qərb dünyası” tutarlı cavab almışdı. Bu “tarixi zəfər”ə görə prezident Putinin reytinqi göylərdə idi. “Bu yol Rusiyanı uçurma aparır” deyən ağıllı politoloqlar, ziyalılar, siyasilər pisikdirilir, təqib olunur, sutkalıq həbs cəzasına məruz qalırdılar.
İndi Rusiyanın başbilənləri düşdükləri vəziyyətə görə başlarını itirmək üzrədirlər. Ukrayna və Krım avantürasının yenidən dünya hegemonu olan dövlətə nə qədər baha başa gəldiyini anlayırlar, amma geri durmaq fikrində də deyillər.
O vaxt SSRİ rəhbərliyi də Əfqanıstan avantürasının ziyanlarını hələ 1982-83-cü illərdən hiss edirdi, amma dirəşdi, dirəşdi, Əfqanıstandakı qoşun kontingentini 1989-cu ildə çıxardı. Artıq çox gec idi.
İndi Putin də elə edəcək, qoşunlarını Krımdan və Ukraynanın şərqindən son anda çıxaracaq və çox gec olacaq.
Bir kiçik qeydin də yeridir: Bu il ölkəmizdə politoloq Vəfa Quluzadənin “Rusiya dağılacaq” proqnozuna dodaq büzənlər, lağ edənlər həddindən artıq çox idi. Onların o kişidən üzr istəməsinin zamanıdır. Artıq o deyən olub və olur.