Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, bu il Azərbaycanda 10 min nəfər boşanıb. Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 73,2 min nikah və 10 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 9,3 və 1,3 olub.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev AzVision.az-a açıqlamasında bildirib ki, il ərzində 90 minə yaxın nikah qeydə alınır və bunun nəticəsində 10 min boşanma o qədər də çox deyil.
Millət vəkilinin sözlərinə görə, boşanmalar hardasa ailə quranların 10 faizi edir:
“Avropa ölkələrin götürsək orada bu göstərici 30 faizdir. Rusiyada isə boşanmaların sayı 40 faizdən yuxarıdır. Bizdə o qədərdə çox deyil. Amma istənilən halda boşanma dövlət və cəmiyyət üçün, həmin ailə üçün faciədir. Boşanma insanlar üçün həm sosial, həm də mənəvi çətinlik yaradan məsələdir. Ona görə çalışmalıyıq ki, boşanmaların qarşısı alınsın. Bununla məşğul olan dövlət qurumları var. Həmin qurumlar boşanmaların səbəbini daha dəqiq bilər. Burada sosial, mənəvi-psixoloji və digər faktlar var. Bu faktlar araşdırılmalı və ən çox hansı faktlar üstünlük təşkil edirsə, onun proflaktikasına yönələn tədbirlər görmək lazımdır”.