Qərəz, kin, intriqa siyasi düşərgələrdəki adamların gözünü elə tutub ki, reallıq hissini, soyuq və ağıllı mühakimə qabiliyyətini itiriblər. Müsavatın mitinqinin ürək istəyən səviyyədə alınmaması həm iqtidar dairələrində, həm də müxalifət düşərgəsinin bir cinahında məmnunluq yaradıb, yanar ürəklərə su səpib.
Sevindiyindən çırtma çalıb oynamağa hazır olanlar, aşağılayıcı statusları bir-birinə calayanlar var.
Sanki bir siyasi qüvvənin zəifləməsi, güc itirməsi başqa siyasi qüvvəyə qapı açır, digərlərinin şansını artırır.
Elə bil, meydanda Müsavat adlı partiya olmasa, hakimiyyət də avtomatik xoşbəxt olacaq, müxalifət düşərgəsində boy göstərmək istəyən rəqiblər də.
İllüziyadır, özünü aldatmadır, “dütdülü” ilə təskinlik tapmaqdır.
Su ilə doldurulmuş, ağzı lehimlənmiş səhəngi dəmirlə döyə-döyə həcmini kiçiltmək, suyu sıxmaq mümkün deyil, mütləq səhəng çatlayacaq, sıxılmaq istəməyən su bayıra fışqıracaq.
Zaman-zaman ən amansız rejimlər də öz rəqiblərini sıxaraq yox etmək, narazıların dil-ağzını, əl-qolunu bağlayaraq, susdurmaq imkanına malik olublar, amma yenə bir gün milyonların qəzəbi ilə üz-üzə qalıblar.
Bir gün varlığı-yoxluğu bilinməyən narazılar kütləsi ordan-burdan sızaraq vahid, mütəşəkkil kütləyə çevrilib və sunami kütləsi kimi qabağına çıxanı silib-süpürüb aparıb.
4-5 il əvvəl Misirə səfər edən dost-tanışlar danışırdı ki, Misirdə nə bir müxalifət partiyası var, nə də müxalif ruhlu, müstəqil qəzet.
Heç demə, var imiş, amma görünmürmüşlər. Hər halda Mübarəki devirən Misir inqilabı yoxdan var olmamışdı, üzdə görünməyən narazı qüvvələrin bir gün səhəngdən fışqıran su kimi axıb selə çevrilməsinin nəticəsi idi.
Bizim ölkəmizdə də hakimiyyətdən narazılar kütləsi var, amma pərakəndədir, mütəşəkkil deyil. Ona görə də bəziləri müxalifətin mitinqlərinin azsaylı olmasını görüb dərhal eyforiyaya qapılmasınlar.
Bir ölkədə haqq-ədalət yoxdursa, zülm varsa, insanların haqqı tapdanırsa, o, mütləq narazılıq doğuracaq, narazılar kontingenti əmələ gətirəcək. Narazılarla mübarizə etmək absurddur. Onları qorxudub susdurmaq olar, amma məmnun etmək olmaz.
Həyatından, dolanışığından narazı olan insanların öz hiddətini büruzə vermək üçün fürsət gözlədiyi və ilk fürsət özünü göstərəcəyi heç kimdə şübhə yaratmasın. Yüz illərdir sınana-sınana gəlir.
Böyük siyasi xadim Çörçillin adına çıxılan bir fikir var, deyir, avtoritarlıq ac şiri minib çapmaq kimi bir şeydir, bilirsən ki, şirin belindən düşsən, o səni parçalayacaq, düşməyib onu çapmaqda davam etsən, qəzəb və aclığını daha da artıracaqsan.
Mövcud rejim ölkədə narazılar kütləsinin varlığından xəbərdardır, ancaq onların toparlanmayacağına da əmindir. İndilikdə siyasi qüvvələr arasındakı intriqa, qarşılıqlı bəyənməzlik durumu iqtidar tərəfdarlarında əməllicə arxayınlıq yaradıb.
Özlərini barışmaz müxalifət sayan və adlandıran qrup isə daha böyük müxalifət partiyasının mitinqində qələbəliyin olmamasına sevinərkən və bu sevinci büruzə verərkən anlamır ki, az qüvvə ilə, qəlpələnməklə mütəşəkkil iqtidar komandasının qarşısında duruş gətirmək mümkün deyil və onlara da müyəssər olmayacaq.
Bu gün narazı elektorat müxalifətin mitinqinə qatılmırsa, demək, bunun tutarlı səbəbləri var və mitinq zamanının yetişmədiyini düşünür.
Düşərgə daxilindəki çəkişmələr narazı elektoratın vahid ideya və güc mərkəzi ətrafında toparlanmasını mümkünsüz edir.
Ancaq bu, o demək deyil ki, belə davam edəcək. Narazılar mühəqqəq öz güclərini birləşdirməyə yeni ünvan tapacaqlar. Bu ənənəvi müxalifət partiyalarından biri (ya da onların yaratdığı blok), tamamilə yeni bir qüvvə də ola bilər.
Son illərdə gənclərin kütləvi şəkildə daha radikal qruplaşmalara meyl etməsinin kökündə bu amil durur. Onlar yeni, daha barışmaz, hədəfə çatmağın daha konkret yolunu göstərən qüvvənin yanında olmağı seçirlər. O yolun bir azdan dalana, divara dirənəcəyi, yoxsa uçurumda bitəcəyi müəmmalıdır.
Heç nə daimi deyil, siyasi arenanın da tərəqqisi, tənəzzülü, coşqulu və süst günləri var. Əsas məsələ tutduğun yoldan sapmamaqdır.