uzuk

Həmin üzüyün maraqlı tarixçəsi var.

Moskvada yaşayan və fəaliyyət göstərən müğənni və iş adamı Emin Ağalarov 35 yaşını qeyd edib.

Səbəbkar Rusiya paytaxtında iki gün konsert verdikdən sonra ad gününü tanınmış dostları ilə bir yerdə restoranda davam etdirib.

Burada dostları müğənniyə müxtəlif hədiyyələr veriblər. Emin ən gözlənilməz hədiyyəni isə əfsanəvi müğənni Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayadan alıb. O, Ağalarova mərhum həyat yoldaşının İran şahından hədiyyə kimi aldığı və 30 il taxdığı üzüyü hədiyyə edib.

Oxu.Az modern.az-a istinadən xəbər verir ki, bu üzüyü vaxtilə Müslüm Maqomayevə İran şahı Rza Pəhləvi hədiyyə etmişdi.

Həmin üzüyün maraqlı tarixçəsi var. Hələ ötən əsrin 70-ci illərində Müslüm Maqomayevin şöhrəti dünyaya yayılanda İran şahı Məhəmməd Rza Pəhləvi onu öz sarayına dəvət edir. Hadisə 1971-ci ildə baş verir. Bütün qonaqlar, o cümlədən, şah ailəsi Müslümün İrandakı çıxışından razı qalır. “Fiqaro”nun kavantinasını oxuyan müğənninin ifası şahı və saray əyanlarını valeh edir.

Sonda, Müslüm Maqomayev Məhəmməd Rza şahın hüzuruna dəvət olunur. Şah müğənniyə içində sanballı məbləğ olan zərf uzadır. Lakin Müslüm bu pulu götürməkdən imtina edir.

“Qonaq olduğum insanlardan pul almıram” deyə gənc ifaçı şaha cavab verir. Əvəzində şah müğənniyə çox bahalı üzük hədiyyə edir. Məşhur müğənni bu üzüyü həyatının son günlərinədək barmağında gəzdirir.

Müslüm şah sarayında olarkən maraqlı bir hadisə də yaşanır. Sərt etiket qaydalarının mövcud olduğu şah sarayında müğənni bağışlanmaz səhvə yol verir. Belə ki, Məhəmməd Rza şah Maqomayevi məharətli ifasına görə tərifləyəndən sonra onlar sağollaşırlar. Və müğənni çönüb gedərkən zalda uğultu qopur. Saray qaydalarına görə, Maqomayev şaha baş əyəndən sonra arxası qapıya doğru otaqdan çıxmalıymış.

Lakin o, bunu etmir. Şaha arxa çevirərək onun hüzurundan ayrılmanın təhqir olduğunu bilməyən Müslümün “günahı bağışlanır”.

1972-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvinin şahbanu titullu xanımı Fərəh Pəhləvi Bakıya səfər edir. Şahbanu üçün Bakıda dəbdəbəli qonaqlıq və konsert təşkil olunur. Bu konsertdə Fərəh Pəhləvinin xahişi ilə Müslüm Maqomayev də oxuyur. Onun ifası Fərəh Pəhləvini valeh edir.

2008-ci ilin 25 oktyabrında həkimlərin səylərinə baxmayaraq dünya şöhrətli Müslüm Maqomayev vəfat edib.

Böyük sənətkar torpağa tapşırılandan sonra Maqomayevin varidatını bölmək uğrunda mübahisələr yaşandı. Müğənninin ABŞ-da yaşayan və onun nikahdankənar oğlu olduğunu idda edən Müslüm-Daniel adlı gənc (Maqomayevlə 6 il sevgili olmuş Lyudmila Karyevanın oğlu) M.Maqomayevin mirasından özünə də pay tələb etdi. Bu zaman o, Müslümün barmağındakı İran şahının verdiyi çox bahalı üzüyü də istəyirdi. Onun dəfndən sonra Bakıya gəlişi də elə bununla bağlı idi…

Müslüm Maqomayevin rəsmi varisləri onun dul qadını Tamara Sinyavskaya və ABŞ-da yaşayan qızı Marina ilə 11 yaşlı nəvəsi Müslüm-Alen sayılsa da, nikahdankənar oğlu olduğunu idda edən Müslüm-Daniel təkidlə məlum üzüyü tələb etmişdi.

O zaman Müslüm Maqomayevin həmişə barmağında gəzdirdiyi məşhur üzüklə bağlı iddialara Tamara Sinyavskaya son qoydu.

“Mən nə indi, nə də bundan sonra bu məsələlər haqda danışmaq istəmirəm” deyən mərhum müğənninin xanımı onda söyləmişdi ki, həmin üzüyü Maqomayev özü ilə o dünyaya aparıb. Tamara Sinyavskayanın mərhum dəfn olunanda İran şahının bağışladığı üzüyün müğənninin barmağından çıxarılmadığını deməsindən sonra o söz-söhbətlərə son qoyuldu.

Qeyd edək ki, Emin Ağalarovun həyatının müxtəlif illəri Müslüm Maqomayevlə birgə keçib. Emin məşhur sənətkarın tələbələrindən biri olub.

 

Загрузка...