Bu yaxında bir qısametrajlı sovet filminə baxdım, “Müdafiəçi Sedov” adlanırdı. Stalin repressiyaları zamanı vəkil işləyən insan haqda idi. Əslində filmi tam olaraq sovet filmi adlandırmaq da çətindir, çünki SSRİ-nin dağılması ərəfəsində, 1988-ci ildə çəkilmişdi. Qabaqkı SSRİ-də çətin belə film çəkməyə imkan verərdilər.
Filmi mənim üçün maraqlı edən ilk növbədə burdakı insanın fəaliyyəti, peşəsi idi. Axı indiyə qədər Stalin repressiyaları haqda çoxlu kitablar, yazılar oxumuşdum, filmlərə baxmışdım, bunların heç birisində vəkil obrazına rast gəlməmişdim! Qəribədir ki, mən bunu elə təbii də qarşılamışdım, sanki “NKVD”-nin dəhşətli “troyka” məhkəməsi (bu üçlük belə formalaşdırılırdı: NKVD müstəntiqi, yerli partkom və prokuror) vəkilsiz işləməli idi.
Ümumiyyətlə, nəinki 1937-38-ci illərdə, bütün 70 ili ərzində SSRİ-də vəkillik, müdafiə institutu olmayıb. Formal hüquq məsləhətxanaları-filan var idi, ancaq rejim vəkilliyə heç bir hörmət qoymurdu, cəmiyyət arasında da vəkil peşəsi çox nüfuzsuz idi – Qərbdəki analoqundan fərqli olaraq. Məsələn, heç bir sovet adamı hansısa vəkil tanışını nə qədər hıqqansa xatırlaya bilməzdi. Əvəzində hamı rayon prokurorunu, partkomu, “kaqebeşnik”i beş barmağı kimi tanıyırdı.
Qayıdıram filmə. Filmdə 4 nəfər günahsız tutulan, güllələnmə cəzası alan şəxslərin xanımları müdafiəçi Sedovun yanına gəlirlər, yalvarırlar ki, ərlərini xilas eləsin. Sedov bu cəncəl işə girişir. Ətrafı isə ona məsləhət görür ki, girişməsin, yoxsa onun özünü xalq düşməni adlandırıb öldürərlər. Ancaq Sedov qətiyyət göstərir, həmin adamların dustaq saxlandığı regiona, zindana, baş prokurorun yanına və sairə gedir, onların günahsızlığını sübut edə bilir. 4 nəfər azad olunur, ancaq filmin sonundakı partiya iclasında məlum olur ki, həmin 4 nəfərin qanunsuz həbsinə görə azı 10 günahsız insan güllələnib! Film bu xəbəri eşidib şoka düşən Sedovun bərəlmiş gözlərinin təsviri ilə bitir.
Bunları niyə yazıram? Dünən xəbərlərdə oxudum: tanınmış vəkillərimizdən birinin lisenziyasını ləğv ediblər. Hər kəs buna etiraz edirdi. Mən də pisləyirəm. Amma biz pisləməklə bir şey dəyişmir, gərək bütün millət pisləsin. Eyni zamanda hər hansı fəaliyyətin faydalılıq əmsalı olmalıdır. Buna gələcəyəm.
Etirazlarda bir motiv xüsusi vurğulanırdı ki, bu vəkil son illər siyasi dustaqların işinə çıxan tək-tük vəkillərdən biri idi. Doğrudan da, adam boynuna xeyli yük götürmüşdü. Təsəvvür edin, bəzən bir həftədə respublikanın 3 yerində siyasi dustaqların işinə çıxırdı. Bakıda proses bitən kimi gedirdi Lənkəran məhkəməsinə, orda fasilədən yararlanıb qaçırdı Şəkiyə.
İndi gəlin görək vəkilin məhkəmə prosesində fəaliyyəti nədən ibarət olmalıdır? Sadə yazsaq, məhkumun azadlığını, ən pis halda az cəza almasını bacarmaq. Bacarırdılarmı? Qətiyyən. Mən vəkil dostlarıma həmişə zarafatla deyirəm ki, siz ancaq camaata iş verdirməklə məşğulsunuz. Əgər işdə siyasi, yapizmin mənafeyinə zidd heç nə yoxdursa bizim vəkillik institutu makler peşəsindən fərqlənmir. Hakim, prokuror, müttəhim arasında ara düzəldirlər, müxtəlif çirkli maliyyə vəsaitlərinin axınlarını təşkil edirlər. Yox, əgər iş siyasidirsə bu zaman vəkil yazığın heç bir sözünü eşidən olmur. Ancaq quru-quru vəsatət verirlər. Bir az sərt görünsə də bənzətməni yazmalıyam: Azərbaycanda vəkillik hüquqi onanizmin bir növüdür.
Bu baxımdan, siyasi işlərə çıxan vəkillərin lisenziyasının ləğvinə çox kədərlənmək lazım deyil. Elə bil Kürdəmirdə pinqvin otaran peşəsi ləğv edilir. Yenə yazıram, faydalı iş əmsalı (FİƏ) olmayan bir peşə tam aradan qalxsa, məhkəmələr NKVD troykası elan olunsa daha yaxşıdır. Məhkumlar, onların qohumları da boş ümidlərlə yaşamazlar. O cümlədən, hələlik nisbi azadlıqda dolaşan insanlar hansı bataqlıqda yaşadıqlarını açıq-aydın anlayarlar.
“KamAZ şoferləri də qabaq şüşəyə Stalinin şəklini yapışdırar. Nə olsun millət “mən bir də bu “KamAZ”a minmərəm!” demişdi… Tarix göstərdi ki, quzu balası kimi minirlər.
Bəlkə darıxmışdılar da…