Riçard Armitac yadınızdadırmı? 11 il öncə ABŞ dövlət katibinin müaviniydi, neft şirkətləri ilə əlaqəsi vardı, 2003-cü il seçkiləri dönəmində Azərbaycana kuratorluq edirdi. 2003-cü ilin 15 oktyabr gecəsi prezident seçkilərində verilmiş səslər hesablandığı vaxt məhz Armitac Bakıya zəng edərək “seçilmiş prezident”i təbrik etmişdi.
Bəs Rino Harnişi xatırlayan varmı? O da məhz həmin vaxt ABŞ-ın ölkəmizdəki səfiriydi. Oturub-durub demokratiyadan danışırdı, dünyada gedən qlobal demokratikləşmə prosesinin vüsət almasından bəhs edirdi. Cənab Harniş 2003 seçkiləri zamanı saxtakarlıq və zorakılığa, eləcə də seçkidən sonra repressiyaya məruz qalmış müxalifətə təxminən “hər ey normaldır, necə olmalıydısa, elə oldu” mesajları vermişdi.
İndi o vaxtdan 11 il keçib. O zaman ilk dəfə prezident seçilməyə hazırlaşan İlham Əliyev artıq üçüncü müddətdir ki, prezident postundadır.
Bəs Armitac hardadır, Harniş hardadır? Bilən yoxdur. Heç bilmək istəyən, onların harda olduqlarını, nə işlə məşğulat etdiklərini araşdıran da yoxdur.
Hamımız bilirik ki, 11 il öncə bu şəxslərin, eləcə də Azərbaycanın demokratikləşməsində maraqlı olan, ancaq həlledici anda geri çəkilərək, demokratik dəyərlərə xəyanət edən, ayrıca götürülmüş bir şərq ölkəsində xalqın iradəsinin zorlanmasına göz yuman, dolayısı ilə də yox, birbaşa bu prosesdə iştirak edən digərlərinin şəxsi mövqeyi heç bir rol oynamır.
Hər kəs bilir ki, 2003-cü ildə ölkəmizdə Əliyev rejiminin ömrünün uzanmasını təşkil edən 3 əsas ölkədən biri ABŞ olub. Digərləri Rusiya və Türkiyədir.
O zaman bu dövlətlər ölkəmizdəki siyasi status-kvonun nəyin bahasına olursa-olsun qorunub saxlanması üçün öz reputasiyalarını kart altına qoymaqdan çəkinmədilər. Rusiya heç, onun reputasiyası 1990-cı ilin 20 yanvarından etibarən zədəlidir. Türkiyə və ABŞ isə həmin vaxt “demokratiya cəlladı” kimi çıxış etdilər.
Türkiyənin xarici siyasətdə dişsizliyi, türk respublikalarına münasibətdə daima despotların yanında olması bəlli fakt olduğundan ondan da böyük gözləntilər yox idi. Amma ABŞ-a, onun dünyada demokratiyanın ən güclü pasibanı, himayədarı olduğuna inam, bu dövlətə bəslənilən ümidlər daşa dəyib çilik-çilik oldu. O vaxtdan bəri ölkəmizdə ABŞ-a münasibətdə rəylər haçalıdır.
Çox sonralar aydın olmağa başladı (və hələ də tam təsdiqini tapmayıb) ki, əslində 11 il öncə ana müxalifətin şanslı namizədini və onun komandasını ABŞ-ı idarə edən dairələrin gözündə pis qələmə veriblər və onlar da belə bir qənaətə gəliblər ki, hələlik Azərbaycan xalqı demokratiyaya hazır deyil və hakimiyyətə gəlməyə hazırlaşan qüvvəyə dəstək vermək olmaz.
Bu rəyi ABŞ-da, eləcə də Avropanın qüdrətli ölkələrinin siyasi dairələrində yaradan qüvvə heç də Azərbaycan iqtidarı deyildi, müxalifət düşərgəsinə mənsub olan qüvvələr idi.
İndi Azərbaycan və ABŞ dövlətləri arasında növbəti dəfə gərginləşən münasibətlərə baxır və düşünürsən ki, bu iqtidar özgəsi deyil, ABŞ-ın regiondakı əsərlərindən biridir. ABŞ bu iqtidarın bərqərar olması üçün Rusiya ilə son 50 ildə heç vaxt rast olunmayan nadir bir razılaşmaya varmışdı. Bu iki dövlət Azərbaycana, onun mövcud hakimiyyətinə münasibətdə müttəfiq olmuşdular. Azərbaycan isə hər ikisinin, bir-birinə düşmən kəsilmiş supergüclərin müttəfiqi idi.
Böyük ehtimalla 2005-ci ildən başlayaraq ABŞ-ı idarə edən dairələrin Azərbaycana münasibətində azalan rəğbətin yerində hazırda ciddi məyusluq, dərin peşmanlıq yaranıb. Çünki İlham Əliyev onların umduğu kimi prezident olmadı, fərqli yol tutdu, Rusiyadan üz döndərmədi, onu özünə daha yaxın hesab etdi. Axı Kreml heç vaxt Bakıdan demokratiya, azad seçki, insan haqlarına riayət tələb etmir.
Ona görə də hazırda ölkəmizdəki amerikapərəstlər immunitetsiz vəziyyətdədirlər. Vaşinqton-Bakı münasibətlərindəki gərginlik davam etdikcə ABŞ-la birbaşa və dolayısı ilə əməkdaşlığı olan şəxslərin həbsi davam edə bilər.
İndi ortalıqda nə Armitac var, nə də Rino Harniş. Hətta onlar da iş başında olsaydılar, Azərbaycan hakimiyyətinin xoşuna gəlməyən bəyanatlar verəcəkdilər.
Bugünkü durum 11 il öncə demokratik dəyər və prinsiplərin güdaza verilməsinin nəticəsidir.