“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda – dekabrın 11-də Bakıda Milan “İnter”i ilə qarşılaşacaq.
Bu oyunun Ağdam klubu üçün nə qədər əhəmiyyət daşıdığını söyləməyə yəqin ki, ehtiyac yoxdur. Ağdam klubunun növbəti mərhələ taleyi bu oyundan asılıdır. Amma rəqibin Avropanın adlı-sanlı, nəhəng klublarından biri olması təmsilçimizin işini çətinləşdirir. Düzdür, “İnter” son zamanlar heç də yaxşı çıxış etməsə də milanlıların təcrübəsi, İtaliya A seriyasında mübarizə aparması onlara nə qədər ciddi yanaşmalı olduğumuzu göstərir.
“Neradzurra”nın dünyanın hər yerində olduğu kimi Azərbaycanda da azarkeşləri var. Onların bu oyunla bağlı fikirlərini öyrənmək maraqlı olardı. Elə bu səbəbdən komanda.az saytı “İnter”in sadiq azarkeşlərindən biri, İtaliya klubunun azarkeş səhifələrindən birinin admini olan Ruslan Şirinovla əlaqə saxlayıb.
– Ruslan, sevimli komandanın Bakıya gəlməsi sənin üçün yəqin ki, xoşdur. Amma “Qarabağ”la belə mühüm oyuna çıxması necə hissdir?
– Dediyin kimi, “İnter”in Bakıya gəlməsi mənim üçün çox xoşdur. Artıq ikinci dəfə bu hissləri yaşayacam. İki il əvvəl “Neftçi” ilə oyunu stadiondan izləmişdim. Bu dəfə də belə olacaq. Bu görüşün “Qarabağ” üçün nə qədər mühüm olmasının mənim üçün əhəmiyyəti yoxdur. Əsas olan azarkeşlik etdiyim “İnter”in qələbəsidir.
– Bu matç “İnter” üçün formal xarakter daşıyır. Belə vəziyyətdə “Qarabağ”ın qrupdan çıxmaq üçün lazım olan nəticəni qazanmasını istəməzdinmi?
– “Qarabağ”a əvvəlki oyunlarda azarkeşlik etmişəm. Hətta stadionda belə dəstək olmuşam. “Qarabağ” “Sent-Etyen”lə matçda bu məsələni həll etsəydi, yaxşı olardı. Ancaq bu oyunda “İnter”in qələbəsini arzulayıram.
– Yerli azarkeşlərin arasında oturub “İnter”ə azarkeşlik etmək çətin olmayacaq ki?
– Yox, olmayacaq. Artıq bir dəfə – “Neftçi”-“İnter” oyununda azarkeşlər arasında oturmuşam. Problem olmayıb.
– “Qarabağ”-“İnter” oyunu ilə bağlı azarkeş kimi fikirlərin maraqlı olardı…
– “İnter”in A seriyasında işləri yaxşı getməsə də bu oyun onlar üçün önəm daşıyır. Bir neçə futbolçunun Bakıya gətirilməməsi komandaya ciddi problem yaratmayacaq. Milanlılar nüfuzlarına görə uduzmamağa çalışacaqlar. Məğlub olmamaq üçün başqa amillər də var. Roberto Mançininin baş məşqçi postuna təyinat alması və gənc oyunçuların özlərini göstərmək istəməsi kimi…