pul

Mərkəzi Bankın valyuta ehtiyatının rəsmi valyuta ehtiyatları bu il noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,25% və ya 37,3 mln. dollar azalıb. Ekspertlər bu tendensiyanın gələn il də davam edəcəyini proqnozlaşdırırlar.

ANS PRESS bu azalmanın səbəbləri və proqnozlarla bağlı araşdırma aparıb.

Mərkəzi Bankdan bildirilib ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları son illərdə olduğu kimi, 2014-cü ildə də artmaqda davam edir. Bu ilin əvvəlindən valyuta ehtiyatları 6% artaraq noyabr ayının sonuna 14996 mln. ABŞ dolları təşkil edir. Proqnozlar göstərir ki, artım növbəti ildə də davam edəcək.

Azalmaya gəlincə, bu, ABŞ dollarının digər valyutalara qarşı möhkəmlənməsi ilə bağlı olmaqla, mütləq yox, nisbi dəyişmə hesabına baş verib. Belə ki, valyuta ehtiyatları Mərkəzi Bankın investisiya strategiyasına uyğun olaraq ehtiyatların mütləq dəyərinin qorunması və gəlirliliyin təmin edilməsi məqsədilə ABŞ dolları ilə yanaşı, əsasən avro və ingilis funt sterlinqi olmaqla müxtəlif sərbəst dönərli valyutalara diversifikasiya olunaraq idarə olunur. Məhz buna görə də ABŞ dollarının bu valyutalara qarşı möhkəmlənməsi təbii olaraq ABŞ dollarında yenidənqiymətləndirmə nəticəsində ehtiyatların nisbi dəyərinin dəyişməsinə gətirib çıxarır.

Bu məsələ ilə bağlı Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib ki, dünya iqtisadiyyatında gedən proseslər qlobal iqtisadiyyatın real, maliyyə və sosial sektorlarında əks olunmaqla, həm də hər bir ölkənin iqtisadiyyatına, valyuta bazarına təsir edir. Neftin qiymətinin aşağı düşməsi dolların məzənnəsinin qalxmasına, bir sıra ölkələrin, o cümlədən Rusiya rublunun məzənnəsinin aşağı düşməsinə təsir edir.

Onun sözlərinə görə, Azərbaycan manatının məzənnəsi “üzən kurs” rejimində hərəkətdə olmasa da, hər halda son vaxtlar enerjidaşıyıcıları bazarında gedən proseslər ona da təsir göstərir. Rəsmi məlumatlara görə, bu ilin birinci yarısında manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə təsir göstərib. Belə ki, manatın ikitərəfli nominal və real məzənnələri Ukrayna, Gürcüstan, Qazaxıstan, Çin və İsveçrə milli valyutalarına nəzərən möhkəmlənib. Avrozona, ABŞ, Türkiyə, Rusiya, İran, Yaponiya, İsrail, Belarus, Cənubi Koreya valyutalarına nəzərən manat real olaraq ucuzlaşıb. Eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsində nəzərəçarpan dəyişiklik yoxdur, yəni nisbi sabitliyini saxlayır.

O diqqətə çatdırıb ki, bununla belə maantın nisbi sanbitliyinə davamlı xarakter verməkdən ötrü Mərkəzi Bank tərəfindən bu ilin birinci yarısında 967 mln. dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib. Mərkəzi bank manatın nisbi sabitliyini qorumaqdan ötrü, situasiyadan, xüsusən də enerji daşıyıcıları və maliyyə bazarındakı meyllərdən asılı olaraq təbii surətdə buna adekvat olan tənzimləyici addımları davam etdirəcək. Bu isə nəzərəçarpan dərəcədə olmasa da, təbii ki, müəyyən nisbətdə Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləğində də əks oluna bilər.

Xatırladaq ki, bu ilin noyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi 14 milyard 996.3 milyon dollar təşkil edib. Valyuta ehtiyatları oktyabr ayı ilə müqayisədə 37,3 milyon dollar azalıb. Belə ki, oktyabrın sonunda 15 milyard 33.6 milyon dollara təşkil edib. Bu ilin əvvəlindən ötən 11 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 844,3 milyon dollar və ya təxminən 6 faiz artıb.

Müqayisə üçün bildirək ki, 2013-cü ilin 11 ayı ərzində Bankın valyuta ehtiyatları 2 milyard 47,7 milyon dollar və ya 17,5 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə valyuta ehtiyatlarının artım dinamikası 2,4 dəfə aşağı düşüb.