Hər il sonu məsul şəxslərin və təşkilat rəsmilərinin dilindən Qarabağa dair gümrahlaşdırıcı bəyanatlar eşidirik. Bu il də istisna olmadı. ATƏT-in illik yekun toplantısında həm onun müvəqqəti icraçı sədri, həm Minsk Qrupunun həmsədrləri və həmsədr ölkələrin (ABŞ, Rusiya, Fransa) XİN başçıları bəyanatlarla çıxış elədilər, münaqişə tərəflərini Böyük Sülh Sazişi yönündə işləməyə çağırdılar.
Müqayisə kobud da çıxsa, yerinə düşür – deyir “yetimə gəl-gəl deyən çox olar, çörək verənsə – az”. Yəni belə bəyanatlar məsələnin həllində öz əhəmiyyətini çoxdan itirib. Çünki növbətçi xarakterlidir, gözdən pərdə asmaq və “quş” qoymaq üçündür. Ən yaxşı halda sırf xoş məramı ifadə edir, lakin onların reallaşması üçün vasitəçi dövlətlərin ortaq iradəsi yoxdur.
Rusiya ilə Qərb arasında yeni “soyuq savaşın” başlaması ilə belə çağırışlar, ümumiyyətlə, qeyri-ciddi, hətta absurd görünür. Təsəvvür elə, prezident Vladimir Putin həmin birgə bəyanatların səsləndiyi gün Federasiya Şurasındakı illik müraciətində ABŞ-ı faşist Almaniyası ilə müqayisə edir, Qərbə meydan oxuyurdu.
Qarabağ məsələsində vasitəçi dövlətlərin hansı ortaq taktika və strategiyadan söhbət gedə bilər ki, problemin həlli avtomatik Qərbin bölgəyə girişini sürətləndirəcək və Güney Qafqaz bütünlüklə Rusiyanın nəzarətindən çıxacaq. Cənubi Qafqazın itirilməsi isə tezliklə Şimali Qafqaza da nəzarətin əldən çıxmasına gətirəcək.
Problemin ədalətli həllinə əngəl yaradan əsas qüvvə isə sözsüz ki, Rusiya olaraq qalır. Çünki hələ ki, həll açarı ondadır. Ancaq Moskva bu “açar”dan istifadə etməyə tələsmir, ABŞ-la güclənən qarşıdurma şəraitində heç istifadə eləmək istəmir.
Kreml yalnızca passiv mövqedə də deyil. Ötən 20 ilin təcrübəsi göstərir ki, üstəlik, o, münaqişə tərəflərinin sülhə yaxınlaşmasını əngəlləməklə məşğuldur. Necə ki, 1997-ci ildə bu yaxınlaşmaya görə prezident Levon Ter-Petrosyanı sərt şəkildə cəzalandırıldı və hakimiyyətdən uzaqlaşdıraraq yerinə “müharibə partiyası”nın odiozlarını (Köçəryan, Sərkisyan) gətirdi.
Necə ki, 1999-cu ilin oktyabrında, ATƏT-in İstanbul sammiti ərəfəsində – harda ki, Dağlıq Qarabağa dair mühüm sənədin imzalanması gözlənilirdi – Ermənistan parlamentini gülləboran etdirdi (sifarişçi indiyədək tapılmayıb), danışıqların içində olan o zamankı baş nazir Vazgen Sərkisyan da daxil olmaqla, bir sıra rəsmilər güllələndi.
Necə ki, 2001-ci ildə Amerikanın Ki-Uest şəhərində növbəti yaxınlaşma zamanı yenə erməni tərəfinin əli ilə Kreml anlaşmanı bir addımlıqda pozdu. Amerikalı siyasi analitik, məşhur “Pol Qobl planı”nın müəllifi Pol Qoblun sözlərinə görə, Ki-Uest sammitində Ermənistan və Azərbaycan konfliktin həllinə heç vaxt olmadığı qədər yaxın imişlər…
20 illik uğursuz sülh danışıqlarının ən mühüm dərslərindən biri də zatən, budur ki, Azərbaycan Ermənistanla danışıqlar aparmaqla əslində böyük səhvə yol verir. Çünki İrəvan Qarabağ məsələsində öz vədinə və öhdəliklərinə əməl edəcək qədər siyasi iradə yiyəsi, söz sahibi deyil. Bu üzdən erməni tərəfi ilə hansısa dinc nizamlamanı başa çatdırmaq mümkünsüzdür. Bakı danışıqları İrəvanla yox, Moskva ilə aparmalıdır.
Bunu təbii ki, ABŞ və Avropa da bilməmiş deyil. Vaşinqton və Brüssel bilməmiş deyil ki, ilk öncə Rusiya neytrallaşdırılmayınca və ya konstruktiv mövqeyə vadar edilməyincə Qarabağ konfliktinin danışıqlar yolu ilə həlli istisnadır. Belədisə, son birgə bəyanatlarda əksini tapmış “münaqişənin həllinə görə əsas məsuliyyət Azərbaycan və Ermənistan liderlərinin üzərindədir” fikrini indi necə yozaq?
Demək, “quş qoymaq” üçün verilən bəyanatların davamı mütləq gələcək.