Загрузка...

xalid kazimli kose 1

Böyük türk yazıçısı Əziz Nesinin avtobioqrafik əsərlərindən birində belə bir epizod var. Jandarma rəisi yazıçını yanına gətirtdirir, yazdığı solçu səciyyəli felyeton və hekayələrə görə onu danlayır, məzəmmət edir və axırda qəzəbli halda soruşur: “İndi sən nə deyirsən? İstəyirsən biz rusun tulası olaq?”

Həmin vaxt ölkədə kommunistlərlə millətçilərin, eləcə də qərbpərəstlərin kəskin mübarizəsi gedirmiş. Hakimiyyət isə okeanın o tayından gələn bütün göstərişlərə “başım, gözüm üstünə” deyirmiş. Əziz Nesin jandarma rəisinin qəzəbindən qorxmayaraq bircə cümlə deyir: “Tula olandan sonra ha rusun tulası, ha Amerikanın…”

Bu, uzun illər öncə, 30-35 il əvvəl olan söhbətdir. O vaxtdan bəri Türkiyədə çox şey dəyişib. İndiki Türkiyə Kənan Evren diktaturası zamanında olduğundan da çox fərqlidir.
Müasir Türkiyə artıq özünü ABŞ-dan, Avropadan asılı saymır, ordan gələn hər sifarişə mütiliklə boyun əymir, bütün göstərişlərini yerinə yetirməyə çalışmır, hətta əksinə, bəzən bölgədə Qərbin layihələrinə yeganə kontr gedən, blok qoyan ölkə Türkiyədir.

Əlbəttə, bu ölkədə artıq şimaldan, Rusiyadan gələn sosializm inqilabı təhlükəsindən qorxmurlar. O vaxtlar isə bu, mümkün deyildi. Sovet İttifaqı özünün bütün qonşularını sosialist düşərgəsinə qatmaq xətti götürmüşdü və başda Türkiyə gəlirdi. Bu ölkədəki kommunist hərəkatı SSRİ-nin yardımıyla dünyada ən mütəşəkkil kommunist hərəkatıydı və yerli türk kommunistlər vaxtaşırı ölkədə vəziyyəti dramatikləşdirirdilər (Həmin ənənə hər il mayın 1-də təkrarən dövriyyəyə girir). Belə bir durumda Türkiyə istər-istəməz ABŞ-a, NATO-ya, Avropaya sığınmağa məcbur idi.

İndi sovet təhlükəsi yoxdursa da, Qərbin Türkiyədən alçaldıcı umacaqları davam edir. Ərdoğan hakimiyyəti isə artıq ABŞ-la, Avropa ilə hesablaşmır.

Bunun əsas səbəblərindən biri də Türkiyənin Avropa ailəsindən kənarda saxlanması oldu. Fransa və Almaniya kimi ölkələr israrla Türkiyənin Avropa Birliyi üzvlüyünə qarşı çıxdılar. Türkiyə rəhbərliyi çox yalvardı, çox güzəştə getdi, bir nəticə hasil olmadığını görüncə, AB üzvlüyü sevdasının üstündən xətt çəkdi. İndi Türkiyə Avropa ilə açıq konfrontasiyaya getməsə də, onun özünə yönəlik arzularına məhəl də qoymur və üzünü şərqə, şimala tutub.

Budur, xəbər gəlir ki, Avropaya qaz nəql etmək istəməyən, avropalıları soyuq qış imtahanına çəkmək niyyətində olan Rusiya Türkiyəyə satacağı qazın qiymətini azaldıb.
Türkiyəyə nə lazım idi? Ucuz yanacaq. O, bunu əldə etdi. Bundan başqa, regionun iki qüdrətli ölkəsinin arasında yüz milyardlıq biznes layihələri imzalanacaq. Bu da o deməkdir ki, Rusiya da indi düşdüyü vəziyyətdən Türkiyənin hesabına çıxmaq istəyir.
Bir çox sahələrdə əməkdaşlıq və tərəfdaşlıq hər iki ölkəyə sərf edir. Ancaq Türkiyə NATO üzvü olaraq Amerikanın bölgədəki ən strateji müttəfiqidir. ABŞ, NATO, Avropa isə Ukrayna hadisələrinə görə Rusiya ilə düşmənçilik mövqeyindədir və bu ölkəyə tətbiq etdiyi sanksiyaları gündən-günə artırır.

Belə bir vaxtda Türkiyənin Rusiya ilə bur cür yaxınlaşması, əməkdaşlığı Qərbin kürəyinə saplanmış dost bıçağı deməkdir.

Aydın məsələdir ki, ABŞ başda olmaqla Qərb dünyası bu gəlişmədən olduqca narazı qalacaq. Ancaq bu, Türkiyənin vecinə də olmayacaq, ona ucuz yanacaq, tekstil sənayesi üçün bazar, inşaat sənayesi üçün tikinti meydançaları, boş kurortları üçün bol turist lazım idi və onu Rusiyadan alır.

Qərbdən fərqli olaraq Rusiya böyük ehtimalla Türkiyədən demokratikləşmə, etnik azlıqlara hörmət, Ermənistanla sərhədlərin açılmasını tələb etməyəcək. Çünki hazırda su özünün boğazına qalxıb, ayağının altına qoymağa müttəfiq axtarır.

Beləliklə, Əziz Nesin və digər solçu baxışlı türk ziyalılarının uzun illər öncə arzuladıqları Rusiya-Türkiyə yaxınlaşması baş tutmaqdadır. İndi əsas fərq odur ki, Rusiya Türkiyəyə münasibətdə özünü “xozeyn”, ya da “böyük qardaş” kimi aparmaq iqtidarında deyil, bütün əməkdaşlıqlar bərabərhüquqlu tərəfdaş statusu müstəvisindədir.

Ölkəmizin iki qüdrətli, həm də xüsusi münasibəti olan qonşusunun öz aralarında anlaşması bizə də sərfəlidir. Azərbaycan bu iki ölkə arasında etibarlı körpü rolunu oynamağa qadirdir.