Türkiyə gələn ildən “Böyük iyirmiliy”ə (G 20) sədrlik edəcək. Qardaş ölkə hazırkı iqtisadi inkişaf tempini saxlasa və azca artırsa, bir neçə ilə dünyanın 10 ən güclü dövlətindən birinə çevrilə, hətta G7-yə də düşə bilər. Təki bədxah qüvvələr, gözü götürməyənlər sağdan-soldan, daxildən badalaq vurmasın.
Badalaq vuranlar, “relslərin üzərinə şpal yığanlar” isə son vaxtlar əfsus ki, artıb. Bunun bir səbəbi də qlobal və regional məsələlərdə rəsmi Ankaranın daha müstəqil siyasət yürütməsidir. Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri bunun növbəti, parlaq nümayişi oldu.
Təbii ki, səfər Rusiyanı Ukraynaya görə ram eləməyə çalışan Qərbin – ABŞ və Avropanın xoşuna gəlməyəcək. Qərb çox istərdi ki, Moskvaya qarşı sanksiyalara Ankara da qoşulsun və nəinki belə səfərlər olmasın, ən önəmlisi, Rusiya ilə Türkiyə ilə iqtisadi-ticari əlaqələr heç olmasa, genişlənməsin. Axı, Kreml Vaşinqton və Brüsselin gözündə işğalçıdır.
Ancaq nə etmək olar, özü yıxılan ağlamaz. Əgər həmin Qərb işğalçılara fərq qoymadan Ermənistana qarşı da sanksiya siyasəti yürütsəydi – o, ayrı məsələ. Amma əksinə, demokratiya paytaxtları işğalçı Ermənistanın başını tumarlayır, paralel olaraq sərhədlərin qeyd-şərtsiz açılması yönündə Türkiyəyə təzyiq göstərir, bu yöndə hətta böyük paralar xərcləyir, forumlar təşkil edir.
Qlobal siyasət bax, bu dərəcədə çirklənib, böyük güclərin ikili standartları sayəsində ədalətsiz və ikrah doğuran səviyyəyə gəlib. Bunun ən son təzahürü Yaxın Şərq olaylarına yanaşmada özünü göstərməkdədir. Belədisə, o zaman niyə qardaş ölkə də özünün strateji çıxarlarını ciddiyə almasın və Qərbin, Amerikanın siyasətinin yedəyində getsin, müstəqil siyasət yürütməsin?!
Yedəyində getmir də. Prezident Ərdoğan bu siyasətə sadiq qaldığını, o cümlədən Əsəd rejiminə münasibətinin dəyişmədiyini Putinlə keçirdiyi mətbuat konfranslında bir daha ortaya qoydu, Putinin Bəşər Əsədə loyallıqla bağlı xahişini yerə saldı. Yada salaq ki, Ankara İrana qarşı sanksiyalara da qoşulmamışdı.
Türkiyənin üzünü Qərbdən yavaş-yavaş çevirməsinin bir nədəni də Avropa Birliyinə üzvlüklə bağlı müraciətinin quruma qat-qat zəif ölkələrin qəbul edilməsinə rəğmən, on illərlə uzadılması, ölkəyə həqarət edilməsi və qarşısına haqsız şəkildə erməni şərtinin qoyulmasıdır. Halbuki, eyni mərkəz Ankaradan Ermənistanla sərhədləri qeyd-şərtsiz açmasını istəyir.
Amma Türkiyə asanca yönləndiriləcək, cırtdan, “izqoy” ölkə deyil sözsüz ki. Türkiyə kimi mühüm və böyük regional oyunçu, NATO-nun yeganə modern müsəlman dövləti ilə bu cür aşağılayıcı formada davranmağın hansı ağır bədəli olmalıydısa, o da zatən, gözümüzün önündə yaşanır.
İddia oluna bilər ki, Türkiyə sanksiyalara qoşulsaydı, Rusiyanın zəifləməsi sürətlənər, onu daha tez sözəbaxan edə bilərdi. Doğru. Amma… Əmma da odur ki, əvvəla, Rusiyanın durumu Türkiyədən kömək olsa da, olmasa da ağır olacaq, proses dayanmayacaq. İkinci yandan, Ankara Ukraynanın ərazi bütövlüyün dəstəkləyir, Krımı bu ölkənin ayrılmaz tərkib hissəsi sayır. Ərdoğan bunu Putinin diqqətinə Ankarada bir daha çatdırıb.
Yəni qardaş ölkə bütün hallarda beynəlxalq hüququn yanındadır. Ötə yandan, belə həssas dönəmdə Rusiya-Türkiyə əlaqələrinin məxsusi xarakter alması Qarabağ məsələsində Türkiyənin söz sahibliyinin gücləndirə, hərbi əməliyyatların bərpa olunacağı təqdirdə onu daha uğurlu mövqeyə çıxara, bütövlükdə dağıdıcı savaşın önlənməsi və münaqişənin ədalətli həll məcrasına salınmasında həlledici rol qazandıra bilər. Çünki Kreml Ankara ilə hesablaşmalı olacaq.
Elə bu perspektivə, üstəgəl, Bakı ilə Moskva arasında ilbəil genişlənən hərbi-texniki əməkdaşlığa görədir ki, erməni tərəfi Ankara-Moskva-Bakı yaxınlaşmasından təlaş keçirməyə başlayıb. Düşmən narahatdır ki, günün bitində Moskva satellit Ermənistana Bakı-Ankara tandeminin diktəsi ilə Qarabağ məsələsində təzyiq edər.
Rusiya isə proqnoza yatmayan ölkə olduğunu dəfələrlə isbat edib.