Koreyanın baş naziri təzəlikcə Bakıya gəlmişdi, onu “Azərsu” dövlət şirkəti üçün tikilən yeni binanın açılışına da apardılar. Səbəbi o idi ki, binanı Koreya şirkəti tikir, şirkətin qəşəng də adı var: “Halla”.
Mən deyə bilmərəm su idarəsinin yeni binasında kimlər “hallanacaq”, ancaq bu ofisin tikilməsi zərurəti çox maraqlıdır. Hamımız görmüşük, “Azərsu”nun “20 Yanvar” metrosunun üstündə onsuz da böyük bir ofisi var, bundan başqa saysız-hesabsız yerli ofislər də tutublar. Lakin camaat üçün normal su təchizatı həmişə problem olaraq qalıb. Bakının hər yerində partlamış su boruları, yayda əlində vedrə su daşıyan, qışda həyətdən qar yığıb əridən zəhmətkeşlər görmək mümkündür. Özü də idarənin su borularının çürük yerlərini təmir etmək üçün gülməli metodları var, misal üçün, deşiyə taxta pazlar vururlar. Suyun qanunsuz satışı, külli miqdarda su oğurluqları, dövlət büdcəsindən idarəyə ayrılan milyonların şirkət rəhbərinin qohum-əqrəbası arasında tendersiz pay-püş edilməsi və sairə – “Azərsu”nun indiki və keçmiş mənzərəsi budur.
Sözümün canı odur ki, idarəyə köhnə ofisi də haram idi, buna nə üçün təzəsini tikirlər, iqtisadi əsaslandırma necədir, məlum deyil.
Ofis xəstəliyi yapizmin əsas iqtisadi bəlalarından biridir, bunlar hər yeri funksional olmayan, uydurma yaraşıq üçün qayırdıqları ofislərlə doldurublar. Həkimsiz diaqnostika mərkəzləri, idmançısız olimpiya mərkəzləri, təhsilsiz məktəb binaları, hüquqsuz məhkəmə salonları və sairə – bu boşluq kateqoriyalı tikintilərdən çox saymaq mümkündür. İndi bir dənə də qupquru su ofisi olsun, problem deyil, xalqımız dözümlü xalqdır. Sadəcə, mənə ofisin quruluşu, xarici görkəminin dizaynı məzəli gəldi. Yapistlər “Azərsu”nun yeni binasını… su damlasına oxşadıblar.
Əlbəttə, suyun damcı-damcı gəldiyi ölkədə anlaşılan dizayndır, amma bu konsepsiya başqa dövlət binalarına da tətbiq ediləcəkmi? Məncə lazımdır. Qoy Müdafiə Nazirliyi üçün güllə formasında, Kənd Təsərrüfatı Nazirliyi üçün turp şəklində, Səhiyyə Nazirliyinə adam bədəninə oxşar binalar düzəldilsin. O cümlədən, Səhiyyə Nazirliyi sistemində başqa binalar da bu dizayna uyğun olsun: kardiologiya xəstəxanası ürək, urologiya sidik kisəsi şəklində olsun və sairə. Bu sahədə fantaziyaları oxucuların ixtiyarına buraxıram.
Xəbərdə deyilirdi ki, “Azərsu”nun yeni ofisində su muzeyi də olacaqdır, bunu lap çox alqışlayırıq, hətta ətrafında sıx birləşirik. Çünki bu gedişlə yaxın zamanlarda Azərbaycanda bir çox yaşayış məntəqələrində su elə muzeydə olacaq.
Forma dalıyca qaçan məzmunsuz idarəçiliyə başqa misal Binəqədi rayonu ərazisində tikilən məscidlə bağlıdır. Fikir vermisinizsə, yapistlər bu məscidi “Cənubi Qafqazın ən böyük məscidi” deyə reklam edirlər, bu zaman necə gülməli olduqlarını anlamırlar. Məsələ ondadır ki, Cənubi Qafqazda müsəlmanların çox yaşadığı tək dövlət elə Azərbaycandır. Guya ermənilər və gürcülər “ən böyük məscid” tikməli imiş… Bəs niyə “Cənubi Qafqaz” deməyə məcbur olublar, “Bütün Qafqaz” deyə bilmirlər, bunun da gülünc səbəbi var: Çeçenistanın karikatur rəhbəri Ramzan Kadırov bizim yapistləri qabaqlayıb, vaxtilə Qroznıda çox böyük məscid tikdirib. O üzdən yapistlərin dili gödəlib “Cənubi Qafqaz”a girib.
Amma lap sən tutalım dünyanın, kainatın ən böyük məscidini “Vorovski”də tik – bununla nə dəyişir? İnsanlar daha düzgün olur? Yoxsa məscidin minarəsi uzun olanda dua Allaha tez çatır? Siz heç Qərbdə kiminsə “Ən uzun kilsə tikdik” deyə xoruzlandığını görüb-eşitmisiniz? Mən rast gəlməmişəm. Belə kompleksli xalqlar, “ən yekə filan şey bizdədir” deyənlər nədənsə müsəlman şərqində doludur.
Halbuki elm deyir ki, ölçü yox, funksionallıq önəmlidir. (Həm də sizin fikirləşdiyiniz mənada).
Gərək evdə çarpayının altına qoyacağım (başqa yer qalmayıb, hər yer çəndir) növbəti su bakını mən də damcı şəklində düzəltdirim.