rauf arifoglu hg

“İş o yerə gəlib çatıb ki, Əli Kərimli artıq mənim onun haqqında 2003-cü ildə həbsxanadan yazdığım və kitaba saldığım müsbət qeydləri belə şantaj alətinə çevirir. Mən artıq bəyan edirəm ki, Əli Kərimli haqqında nə vaxtsa dediyim bütün müsbət fikirlərdən imtina edirəm, o fikrilərin hər birinin qabağına “na” sözü əlavə edirəm. Bəyan edirəm ki, bu adam Azərbaycan siyasətinin qara yarasıdır. Onu ancaq amputasiya əməliyyatı edib, götürmək lazımdır. Yoxsa Azərbaycan siyasəti heç zaman dinclik və mənəvi dəyər qazanmayacaq. O yerdə ki, Əli Kərimli var, orada çirklilik, şantaj, rüşvət və reketlik var. Media gücündən istifadə edərək, iqtidar məmurlarından rüşvət alan birisinin özünə siyasi lider, demokrat deməsi qeyri-mümkündür və mən bu adamın ifşası üçün mümkün olan hər şeyi edəcəyəm”.

Bunu APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və funksionerləri ilə yaranan qalmaqala münasibət bildirərkən deyib.

R.Arifoğlu bildirib ki, Ə.Kərimli və AXCP təxminən 17 ildir ki, “Yeni Müsavat” qəzeti ilə savaş halındadır. Onun sözlərinə görə, uzun müddətdir davam edən söz atışması artıq pik həddinə çatıb:

“Arada müəyyən fasilələr, yaxınlaşmalar olub, lakin yenidən bu cür toqquşmalar davam edib. İndi həmin toqquşmaların və mənəvi terror prosesinin pik həddini yaşayırıq. Bir partiya lideri ilə müstəqil qəzetin redaktoru və kollektivi arasında söz atışması gedir. Buna onlar başlayıblar, daha çox ağır ittihamlar irəli sürürlər. Sosial şəbəkələrdə hətta bizim valideynlərimizi belə təhqir etməkdən çəkinmirlər. Biz isə hər kəsin valideyninə cansağlığı, ölənlərə rəhmət arzulayaraq, özlərinin yazdıqlarına cavab veririk”.

R.Arifoğlu Musavat.com saytının rus dili versiyasında belə AXCP-ni tənqid etməsi barədə ittihamlara da münasibət bildirərək, bu cür ittihamları gerilikçi düşüncənin məhsulu kimi dəyərləndirib: “Bildiyiniz kimi, saytın rus dilində versiyası fəaliyyət göstərir və Azərbaycan dili versiyasında nə çap olunursa, onun bir qismi bacardığımız qədər rus dili versiyasında da yayılır. Buna görə də kimisə artıq rus dilində tənqid edirik demək gerizəkalılıqdır”.

Onun sözlərinə görə, AXCP sədri müxalifət düşərgəsinə tam sahib olmaq üçün “Yeni Müsavat” qəzetini sıradan çıxarmağa çalışır. R.Arifoğlu qeyd edib ki, burada məqsəd həm də Müsavat Partiyasının parçalanmasıdır: “Əli Kərimli hesab edir ki, “Yeni Müsavat” qəzeti onun müxalifət düşərgəsinə tam və şəriksiz sahiblənməsi üçün yeganə baryerdir. Hətta bizdə dəqiq məlumat var ki, bu barədə onun yaxın ətrafında müzakirələr gedib. Məhz bu sahiblənmənin önünü kəsən qüvvəni sıradan çıxarmaq üçün bir hücum başlanıb. Hətta Əli Kərimlinin özü və yaxın çevrəsi bildiriblər ki, Müsavat Partiyası problemlər içində olduğundan artıq rəqib deyil, “Yeni Müsavat” qəzeti olmasa, Müsavat Partiyasının parçalanması, narazı kəsimin AXCP tərəfə cəlb edilməsi və partiyanı tamamilə zəiflədərək, müxalifət düşərgəsində təşəbbüsün ələ alınması mümkün olar. Məhz bu səbəbdən də bizim qəzetə və şəxsən mənə qarşı hücum var, mənəvi terror mühiti yaşayırıq. Mən bu cür vəziyyətə etiraz edirəm, bu demokratiya, azadlıq deyil. Mən artıq kimin kim olduğunu cəmiyyətə göstərmək niyyətindəyəm ki, Əli Kərimli və onun timsalında olan funksionerlər, müxalifət təmsilçiləri demokrat deyil, şantajçıdırlar. Bu adamlar Azərbaycan milli azadlıq hərəkatının yeganə uğurlu layihəsi, müstəqil qəzet olan və qəzetçilər tərəfindən idarə olunan bir qəzetə hücum edirlər və onu sıradan çıxarmaq istəyirlər”.