Modern.az saytında “Pəncərə” layihəsinin qonağı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevdir.
– Şəmsəddin müəllim, Milli Məclisin plenar iclaslarında bir çox qanun layihələri qəbul olunsa da “Elm haqqında” qanun layihəsi hələ də qəbul edilməyib. Bilmək istərdik, bu qanun layihəsi qəbul edildikdən sonra nələr dəyişəcək?
– Doğru qeyd etdiniz ki, bu günə kimi “Elm haqqında” qanun layihəsi qəbul olunmayıb. Bir dəfə cəhd göstərilib, oxunuşdan da keçib, lakin təsdiq olunmayıb. 3 ilə yaxındır bu layihə üzərində çalışırıq. Azərbaycan Milli Elmlər Akademiyasının və digər maraqlı təşkilatların nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. Qanun layihəsinin ilk variantının hazırlanması keçən il başa çatıb. Keçən bir il ərzində layihə üzərində ciddi iş aparılıb. Maliyyə Nazirliyi və AMEA-nın nümayəndələri ilə birlikdə dəfələrlə müzakirələr keçirilib. Bundan başqa, layihə müxtəlif təşkilatlara, nazirliklərə, komitələrə, ayrı-ayrı alimlərə göndərilərək onlardan təklif və rəylər alınıb. Bütövlükdə elmi ictimaiyyətin rəyini əldə edərək layihəni əsaslı surətdə təkmilləşdirmişik. Layihə artıq müzakirəyə tam hazır vəziyyətdədir. Yaxın günlərdə Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarmaq əzmindəyik. İlk növbədə, qanun layihəsi elmi fəaliyyət sahəsində müasir çağırışlara, bu sahədə dünya ölkələrinin qanunvericilik təcrübəsinə və ölkə rəhbərinin elmin inkişafı sahəsində qarşıya qoyduğu konkret vəzifələrə uyğun olaraq hazırlanıb. Bu qanun elmin və elmi fəaliyyətin əhatə etdiyi bütün məsələləri və münasibətləri tənzimləyən fundamental normativ-hüquqi sənəddir. Qanun ilk dəfədir hazırlanır və o, elmi fəaliyyətin müxtəlif subyektləri arasında baş verən münasibətlərin artıq hüquqi müstəvidə həll olunmasını təmin edəcək. Əminəm ki, millət vəkilləri, eləcə də elmi ictimaiyyət layihəni lazımınca qiymətləndirəcək. Bildiyiniz kimi, hər bir qanun layihəsi qanunvericilik praktikasında öncə komitədə müzakirə olunur, sonra Milli Məclisin plenar iclasına çıxarılır. 3 oxunuşdan keçdikdən sonra qanun layihəsi möhtərəm prezidentimizə təqdim olunur və imzalandığı gündən qüvvəyə minir. Odur ki, komitə səviyyəsində müzakirə olunub qəbul edilməsi hələ qanun layihəsinin hüquqi qüvvəyə minməsi demək deyil. Qanunvericilik fəaliyyəti yaradıcı prosesdir və burada millət vəkillərinin rəy və tövsiyələrinin nəzərə alınması vacibdir.
– Qəbul olunacaq “Elm haqqında” qanun layihəsinin maraqlı tərəflərini izah etdiniz. Azərbaycanda alimlərin maddi durumu yüksək səviyyədə deyil. Biz isə onlardan elmi nailiyyətlərin daha çox olmasını gözləyirik. Bunun üçün hansı addımlar atmaq lazımdır?
– Yəqin məni düzgün başa düşərsiniz. Qanun layihəsi hələ müzakirəyə çıxarılmayıb. Ona görə bu haqda ətraflı məlumat verməyi məqsədə müvafiq hesab etmirəm. Ümumi şəkildə qeyd edim ki, qanun layihəsində “qırmızı xətlə” keçən bir sıra prinsipial məsələlər öz əksini tapıb. Bunlara misal olaraq, elmi fəaliyyətin və elmi yaradıcılığın sərbəstliyini, elmi fəaliyyətin hüquqi müstəvidə tənzimlənməsini, gələcək çağırışlara müvafiq olaraq cəmiyyət həyatının bütün sahələrinin inkişafında elmin prioritetliyinin təmin edilməsini, elmi potensialın, xüsusilə kadr potensialının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsini, elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını, elmi-tədqiqatların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsini, elmi fəaliyyətin tədricən özünümaliyyələşdirmə sisteminə keçirilməsini və s. göstərmək olar. Eləcə də, elmə intellektli və savadlı gənclərin gəlməsi üçün həm müvafiq qanunvericilik bazası, həm də stimullaşdırıcı təminatlar, elmi işçilərin layiqli əmək haqqı ilə təmin olunması, o cümlədən elmi dərəcələrə görə ayrılan vəsaitlərin həcminin artırılması, gənc alimlər üçün genişmiqyaslı və əhatəli güzəştlər sisteminin yaradılması və digər məsələlər qanun layihəsində nəzərdə tutulub. Bu layihəni hazırlayarkən Avropanın, postsovet məkanına daxil olan ölkələrin, eləcə də bir çox inkişaf etmiş ölkələrin müvafiq qanunvericilik aktları hərtərəfli öyrənilib, formalaşmaqda olan yeni cəmiyyət tipinin tələblərinə, yəni biliklər cəmiyyətinin, biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olan normativ-hüquqi bazanın yaradılmasına cəhd göstərmişik. Bir daha qeyd edirəm, təqdim olunan həm müasirliyi, həm aktuallığı, həm də əhəmiyyəti baxımından modern bir qanundur.
– “Elm haqqında” qanun layihəsi niyə bu qədər uzandı?
– Bilirsiniz, “Təhsil haqında” qanunu vaxtilə öz əhəmiyyətinə görə Konstitusiyadan sonra ikinci qanun adlandırırdılar. Çünki cəmiyyətdə elə bir insan yoxdur ki, təhsillə bağlı olmasın. Bütövlükdə cəmiyyət hər zaman elmlə, təhsillə bağlı olan məsələlərin həll olunmasında maksimum maraqlı olub. “Elm haqqında” qanun layihəsi də bu sıradandır, çətin və mürəkkəb olmaqla bərabər, çox ağır hüquqi və elmi yükə malikdir. Ona görə də bu qanun layihəsinin qısa müddətdə yazılıb başa çatdırılması qeyri-mümkündür. Mənə elə gəlir ki, “Elm haqqında” qanun layihəsinin bu günlərdə müzakirəyə çıxarılması tam zamanındadır.
– 20 ildən artıq müstəqil olan bir dövlət üçün niyə indi tam zamanıdır?
– 70 ildən artıq mövcud olan SSRİ adlı böyük ölkənin “Elm haqqında” qanunu olmayıb. Artıq 20 ildən çoxdur müstəqillik dövrünü yaşayan Azərbaycan hazırda çox sürətlə, dinamik inkişaf edərək özünün yeni inkişaf mərhələsinə – postindustrializm mərhələsinə qədəm qoymaqdadır. Prezidentin fərmanı ilə təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında ölkəmizin iqtisadi və siyasi cəhətdən inkişaf etmiş rəqabət qabiliyyətli ölkələr sırasına daxil olması, bununla əlaqədar ictimai həyatın bütün sferalarında, o cümlədən elm və təhsil sahəsində ciddi hədəflər və kompleks vəzifələr müəyyən edilib. Ölkədə biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması istiqamətində sistemli və ardıcıl islahatlar həyata keçirilir, Azərbaycanı yaxın gələcəkdə regionun elmi mərkəzinə çevirmək kimi mühüm vəzifələr dayanır. Bütün bunların həyata keçirilməsini elm və müasir texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Bu baxımdan gələcək hədəflərimizə nail olmağa imkan yarada biləcək elm və innovativ texnologiyaların inkişafı üçün əlverişli mühitin yaradılması müvafiq təkmil və effektiv qanunvericilik bazasının formalaşdırılmasını zəruri edir ki, bu da barəsində danışdığımız “Elm haqqında” qanun layihəsinin aktuallığını, strateji əhəmiyyətini şərtləndirir və “müzakirəyə tam zamanında hazırdır” deməyimizə əsas verir.
– Etiraf edək ki, SSRİ-nin elm haqqında qanun layihəsi olmasa da, SSRİ dövründə yetişən alimlərin sayı və maddi rifahı çox yüksək idi. Bu da onların elmlə məşğul olmaları üçün əsas verirdi…
– Sizin dediklərinizlə qismən razılaşmaq olar. Amma müstəqillik dövründə də alimlərin sayı artıb. Hazırda respublikada elmin müxtəlif sahələrində 2200-dən çox elmlər doktoru və 9500-dən çox fəlsəfə doktoru çalışır. Elmi ixtiraların və patentlərin sayı da artmaqdadır. Xüsusilə qeyd etmək istərdim ki, təkcə 2013-2014-cü illərdə ölkə alimlərinin və tədqiqatçılarının mindən çox məqaləsi xaricdə nüfuzlu “impact factor” jurnallarda dərc edilib. Sadəcə, cəmiyyətdə informasiya qıtlığı mövcuddur. Məsələn, indiyə qədər siz də daxil olmaqla çoxları bilmir ki, Azərbaycan alimləri 3 dəfə Nobel mükafatına təqdim olunub, bir neçə mərhələdən keçib, lakin sırf subyektiv amillər üzündən verilməyib. Bu, tarixi faktdır. Bizim indi də çox savadlı, beynəlxalq aləmdə tanınan alimlərimiz var. Alimlərin maddi vəziyyəti ilə bağlı məsləyə gəldikdə, qeyd edim ki, bu istiqamətdə qanun layihəsində çox əhəmiyyətli maddələr nəzərdə tutulub.
– Gənc alimlərin yetişdirilməsi üçün hansı zəruri addımlar atılmalıdır?
– O fikirlə razıyam ki, son dövrlərdə gənclərin elmə gəlmək məsələsi bir qədər mürəkkəbləşib. Bu bir sıra amillərlə izah oluna bilər. Birincisi, elmi fəaliyyət sahəsində çalışanların əmək haqlarının aşağı olması və gənc alimlərin mənzil və digər sosial problemləri ilə əlaqədardır. İkinci, ali təhsilin bakalavriat səviyyəsini bitirən yüksək intellektli, savadlı və elmə həvəsi olan gənclərə fasiləsiz olaraq magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirmələri üçün hərbi möhlət hüququnun verilməməsidir. Təcrübə göstərir ki, hərbi xidməti başa vurduqdan sonra gənclər elm sahəsindən daha çox istehsalata, biznes sahələrinə üz tuturlar. Üçüncüsü, gənc alimlərin gələcək elmi karyera inkişafında müəyyən maneələrin olmasını, proteksiya, lüzumsuz prosedur qaydaları, hətta müxtəlif xarakterli neqativlərin mövcudluğunu və s. göstərmək olar. Bunları nəzərə alaraq sözügedən qanun layihəsində elə maddələr nəzərdə tutulub ki, onlar istedadlı gənclərin elmə cəlb olunmasını stimullaşdıra bilsin.
– Elm sahəsində plagiatlıq geniş vüsət alıb. Bu məsələləri necə tənzimləmək lazımdır?
– Plagiatlıq hər zaman mövcud olub və bunun qarşısını tam almaq mümkün deyil. Son illərdə onun artması fikri ilə razı deyiləm. Çünki indiyə qədər plagiatlığı müəyyən edən texnologiya yox idi. Bu da onun aşkar edilməsində çətinlik yaradırdı. Məsələn, bir ekspert tərəfindən dissertasiya işində plagiatlığın müəyyən edilməsi nəinki ölkə daxilində, həmçinin onun hüdudlarından kənarda həmin mövzuda yazılan ədəbiyyatlarla tanış olmağı və bunun üçün çoxlu sayda dil bilməyi tələb edirdi. İndi isə standart proqramlar mövcuddur və onların köməkliyi ilə plagiat faktını aşkar etmək o qədər də çətin deyil. Bu səbəbdən də hazırda daha çox plagiat faktları ortaya çıxır. Barəsində danışdığımız “Elm haqqında” qanun layihəsində plagiat və bu cür hallara qarşı adekvat tədbirlər, elmi etika və əqli mülkiyyət hüququnun qorunması ilə əlaqədar ayrıca maddələr öz əksini tapıb ki, bunu da MDB ölkələrinin elm qanunvericiliyində ilk addım hesab etmək olar.
– “Təhsil haqqında” qanun qəbul olunandan sonra təhsil sistemində hansı dəyişiklikləri müşahidə edirsiniz?
– Təhsildə çox böyük dəyişikliklər baş verib, islahatlar daha da genişlənib, dərinləşib və işlər davam etməkdədir. Xüsusi olaraq təhsilin bütün səviyyələrində yeni təhsil standartlarının, təhsil proqramlarının (kurrikulumların) tətbiq edilməsini, təhsilin keyfiyyət parametrlərinin əvvəlki illərlə müqayisədə xeyli yüksəlməsini, təhsilin maddi-texniki bazasının və infrastrukturunun nəzərə çarpacaq dərəcədə inkişafını, ali təhsil müəssisələrinin adambaşına maliyyələşmə sisteminə keçirilməsini, Boloniya prosesinin əsasən başa çatdırılmasını, təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını və s. göstərmək olar. Artıq ölkədə möhtərəm prezidentimizin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən çox ciddi bir sənəd – “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” mövcuddur və bu strategiya çərçivəsində Təhsil Nazirliyi tərəfindən sistemli və ardıcıl islahatlar həyata keçirilir. Əminəm ki, bu islahatlar öz pozitiv nəticələrini verəcək və Azərbaycan nəinki MDB-də, hətta onun hüdudlarından kənarda da öz layiqli mövqeyini tutacaqdır. Lakin bütün bunlarla yanaşı, təhsil sahəsində problemlər və öz həllini gözləyən məsələlər də az deyildir.
– Universitetlər arasında rəqabətin olması ən azından savadlı kadrların yetişdirilməsinə gətirib çıxarır. Amma hər il ən aşağı balla universitetlərə qəbul olunan abituriyentlərin sayının çoxalması komitə sədri kimi sizi narahat edirmi?
– Öncə, onu qeyd edim ki, 500-600 və daha yüksək balla universitetlərə qəbul olan abituriyentlərin sayı da əvvəlki illərlə müqayisədə heç də az deyil. O ki, qaldı aşağı bal toplayan abituriyentlərin universitetlərə qəbul olunmasına, onu deyə bilərəm ki, bu, hər şeydən əvvəl ali təhsil müəssisələrinin qəbul planının tam yerinə yetirilməməsi ilə əlaqədardır. Bir anlıq təsəvvür edin ki, aşağı bal toplayan minlərlə abituriyent ali məktəblərə qəbul ola bilmir və onların sonrakı taleyi qeyri-müəyyən olaraq qalır. Bu halda nə baş verə bilər? …
Şübhəsiz ki, bir tərəfdən, onların bir qismi üz tutacaqlar MDB və uzaq xaric ölkələrin ali təhsil müəssisələrinə. Hətta qeyd edim ki, həmin universitetlərin çoxu abituriyentləri nəinki aşağı balla, hətta imtahansız belə qəbul edirlər. Bu da minlərlə abituriyentimizin və onlarla birlikdə küllü miqdarda maliyyə vəsaitlərinin həmin xarici universitetlərə axınını gücləndirəcəkdir.
Digər tərəfdən, hər hansı bir peşə ixtisası olmayan minlərlə abituriyent gələcəkdə işsizliklə üzləşə və ölkədə sosial gərginlik yarada bilərlər. Bu vəziyyət onların kənar xarici qüvvələrin, xüsusilə böyük məbləğdə maliyyə vəsaitləri ilə gəncləri şirnikləndirən radikal qüvvələrin təsiri altına düşməsinə, müxtəlif cinayətlər törətməsinə, bir sözlə cəmiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilməsinə şərait yarada bilər.
Bunları nəzərə alaraq keçid ballarının bir qədər aşağı salınması ilə razılaşmaq olar. Bir şərtlə ki, sonradan həmin tələbələri universitetlərdə keyfiyyətli təhsillə obyektiv və şəffaf şəkildə “süzgəc”dən keçirmək mümkün olsun. Bu məsələyə həm də ona görə haqq qazandırmaq olar ki, Azərbaycanda ilk peşə-ixtisas və orta ixtisas təhsili yetərli səviyyədə deyil. Lakin keçid ballarının həddindən çox aşağı salınması yolverilməzdir və hesab edirəm ki, bu bir sıra neqativ halların yaranmasının əsas mənbəyinə çevrilə bilər.
– Bəzi həmkarlarınız orta məktəblərdə kurrikulum və ali məktəblərdə tətbiq olunan Boloniya sistemindən razı deyil…
– Bu, təbii qəbul olunmalıdır, çünki təhsil bütün cəmiyyətin diqqət mərkəzində olan sahədir. Mən deputat həmkarlarımın fikirlərinə böyük hörmətlə yanaşıram. Təhsil o sahələrdən hesab edilir ki, burada inqilabi dəyişikliklər etmək mümkün deyil. Onun nəticəsini də bir ilin ərzində görə bilmərik. Məsələn, birinci siniflərə tətbiq etdiyimiz kurrikulumun nəticələrini ən azı 4 ildən sonra, bütövlükdə isə10 ildən sonra görmək mümkündür. Hesab edirəm ki, təhsilin bütün pillə və səviyyələrində tətbiq olunan kurrikulum, təhsil proqramları və tədris planları bütövlükdə təhsilimizin inkişafına xidmət edir və öz müsbət töhfələrini verəcək. Ona görə siz jurnalistlər də bir qədər səbirli olmalısınız. Təhsilin inkişafı inqilabi yolla deyil, təkamül yolu ilə baş verməlidir. Boloniya sisteminə gəldikdə, Avropanın 45 ölkəsinin qoşulduğu və təhsil sahəsində ən qabaqcıl ölkələrin təcrübəsində özünü doğruldan Boloniya prosesinin Azərbaycanda tətbiq olunmasının heç bir mənfi fəsadları ola bilməz. Lakin yalnız bu prosesə deyil, istənilən bir təcrübədən istifadə edilərkən milli maraqlar və milli xüsusiyyətlər mütləq surətdə nəzərə alınmalıdır, xüsusilə təhsil sferasında.
– Biz jurnalistlər səbirsiz deyilik. Sadəcə, birinci sinfə qəbul olan uşaqların repetitor yanına göndərilməsi arzuedilməz haldır. Buna ehtiyac varmı? Uşaqları kiçik yaşlarında bu dərəcədə yükləmək doğrudurmu?
– Dediyiniz faktı bağlı ilk dəfədir sizdən eşidirəm. Əgər belə bir fakt varsa, bu yəqin ki, həmin uşaqların məktəbəqədər hazırlığının yetəri səviyyədə olmaması və ya birinci sinifdə tədris proqramının mürəkkəbliyi ilə izah oluna bilər. Ümumiyyətlə, birinci sinif şagirdini, daha dəqiq desək 6 yaşlı uşağı həm fiziki, həm də zehni cəhətdən artıq yükləmək olmaz. Düzdür, informasiya əsrində yaşayırıq, hər şey sürətlə inkişaf edir, dəyişir, amma bu sürətin axarına qoşulub uşaqları hədsiz dərəcədə yükləmək yolverilməzdir.
– Bir müddət öncə prezident tərəfindən müəllim və həkimlərə xüsusi dövlət qulluğunun verilməsi haqqında sərəncam imzalandı. Amma bu sərəncam hələ də qüvvədə deyil?
– Öncə qeyd edim ki, prezidentin 20 aprel 2011-ci il tarixli bu sərəncamı dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair konsepsiya layihəsinin hazırlanması barəsindədir. Sərəncamda da qeyd edildiyi kimi, bu işin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu barədə ətraflı məlumat almaq üçün suallarınızı bilavasitə sərəncamın icrası ilə məşğul olan aidiyyəti qurumlara ünvanlasanız daha məqsədə müvafiq olar. Bununla belə, qeyd edim ki, apardığımız araşdırmalara görə, dövlət qulluğunun iki-üç komponentinin müəllimlərə şamil edilməsi mümkündür, qalan məsələlər isə xüsusi statusların müəyyən edilməsi ilə öz həllini tapa bilər.
– Qarşıdan 2015-ci il parlament seçkiləri gəlir. Yenidən namizədliyinizi irəli sürmək fikriniz varmı?
– Yeni Azərbaycan Partiyasının üzvüyəm və onun namizədi olaraq millət vəkili seçilmişəm. Özümü bu partiyadan, onun siyasətindən, liderindən bir millimetr də olsa, kənarda təsəvvür etmirəm. Mən bu siyasətə tam bağlı olan bir insanam.
– Göyçay-Ağdaş rayonundan seçilən deputatsınız. İşiniz çoxdur, seçicilərinizlə görüşməyə vaxt tapırsınızmı? Əsasən şikayətlər nə ilə bağlı olur?
– Tam səmimi etiraf edim ki, əvvəllər şikayətlər daha çox idi. Əksəriyyəti də iş və məişət problemləri ilə bağlı idi. İnsanlar qaz, elektrik, su problemləri ilə bağlı şikayətlər edirdilər. İndi isə bu cür şikayətlərin sayı demək olar sıfıra enib. Bu da hər şeydən əvvəl, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində rayonlarda iqtisadi inkişafın sürətlənməsi ilə əlaqədardır. Bu sürətli, hərtərəfli və dayanıqlı inkişafı Azərbaycanın makroiqtisadi göstəricilərinin dinamikasından da müşahidə etmək olar. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə böyüyüb və bu böyümədə qeyri-neft sektorunun rolu artıb. Dövlət proqramları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər 1milyon 200 min yeni iş yerlərinin yaradılmasına, əhalinin gəlirlərinin 6,5 dəfə artmasına, işsizliyin və yoxsulluğun müvafiq olaraq 5 və 5,3 faiz səviyyəsinə qədər azalmasına, kommunal xidmətlərin və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına imkan yaradıb. Ölkəmiz artıq yeni inkişaf mərhələsinə – postindustrial cəmiyyətə, bilik cəmiyyətinə, bilik iqtisadiyyatına doğru inamla və uğurla addımlayır.
Təbii ki, regionlarda aparılan irimiqyaslı islahatların uğurlu nəticələri seçicilərim tərəfindən də daima alqışlanır və yüksək qiymətləndirilir. Bunu keçirdiyim görüşlərdə, fikir mübadiləsində hər zaman hiss edirəm. Ümumiyyətlə, mən seçicilərimlə həm Milli Məclisdə qəbul zamanı, həm də seçildiyim 89 saylı Göyçay-Ağdaş dairəsinə daxil olan şəhər, kənd və qəsəbələrə müntəzəm səfərlərim zamanı görüşürəm və onların problemləri ilə yaxından tanış olmaq, bu problemləri mümkün dərəcədə həll etmək üçün heç zaman vaxtımı əsirgəmirəm.
– Uzun illər İqtisad Universitetində rektor çalışmısınız. Bu vəzifədən azad olunandan sonra sizin üçün boşluq yaranmadı ki?
– Universitetdən ayrılmamışam. Fəaliyyətimi kafedra müdiri olaraq davam etdirirəm. Amma rektorluqdan azad olunmağımı da çox normal qəbul edirəm. Mən bu universitetin tarixində 10 ilə qədər çalışan 2 rektordan biri olmuşam. Kafedrada da görüləcək işlərimiz kifayət qədərdir.
– Maraqlıdır, rektor vəzifəsindən azad olunandan sonra ətrafdakıların sizə münasibəti dəyişdimi?
– Bir-iki istisnalar olmaqla ümumilikdə hiss etməmişəm. Bunu da təbii qəbul edirəm.
– İstirahətə vaxtınız qalırmı?
– İstirahət üçün vaxtım həmişə olduğu kimi yenə də çox azdır.
– Amma insan özünə az da olsa vaxt ayırmalıdır…
– Sizinlə tam razıyam. Hər bir insanın yaş dövrünə uyğun olaraq istirahətə ehtiyacı olur və onun təmin olunması sağlamlıq üçün mühüm şərtdir.
– Nə zamansa nəyəsə görə peşimanlıq keçirmisiniz?
– Xeyr, amma təəssüfləndiyim anlar olub.
– O zaman ailənizə də zaman ayırmamısınız
– Niyə elə fikirləşirsiniz. Mən hər zaman ailəmə vaxt ayırmışam, indi də ayırıram.
– Allah saxlasın, bir qız övladınız var. Müəyyən sahədə öz yerini tutub. Ata kimi qızınızla dərdləşə bilirsiniz?
– Biz həmişə ailə-məişət məsələlərindən tutmuş ölkəmizdə və dünyada gedən müasir proseslərə və məsələlərə qədər çox şeylər haqqında fikir mübadiləsi edirik. Onu da deyim ki, qızım mənim çox səmimi həmfikrim və geniş mənada opponentimdir.
– Deməli, qızınız həm də sizin ən yaxın dostunuzdur.
– Elədir.
– Bəs deputat həmkarlarınızla necə zaman keçirirsiniz?
– Deputatlarla ə gözəl münasibətlərimiz var. Təbii ki, hamı ilə yaxın təmasda olmaq mümkün deyil, ümumiyyətlə, parlamentimizdə təmsil olunanlar çox dəyərli insanlardır.