Belə lap BMT ermənipərəst təşkilatdır. Kimin etirazı var? Kim inanmırsa, gəlsin, oxuduğum kitabların bir neçəsinə, eləcə də bu təşkilatın ermənilər tərəfindən qoz yerinə qoyulmayan 4 qətnaməsinə əl basım, and içim. Ermənipərəst olmayan təşkilat indiyəcən öz qətnamələrini icra etdirərdi
ATƏT-in Minsk Qrupunun ermənipərəst olmasına kimin sözü var? Bal kimi ermənipərəstdirlər. Son 20 ildə həmsədrlərin yediyi işxan (forel) balığını Böyük Şor gölü boyda bir gölə buraxsaydılar, indi o göldə qızılbalıq qaynaşırdı, İrəvanda içdikləri zavod tut arağını “Azpetrol”un yanacaqdaşıyan maşınlarının sisterni tutmazdı. Amma belə görünür ki, işxan kababı bizim kürüdən, nərə balığının kababından dadlıdır, təsirlidir. Nədən ki, həmsədrlər əzəl gündən ermənilərin tərəfində durublar və dururlar. Hələ indi-indi amerikalı həmsədr Ceyms Uorlik bizim pitiyə dadanıb, amma onun da əlindən bir iş gəlmir, eləcə “Tvitter”də status yazır. Bəs ona Azərbaycanpərəst demək olarmı? Hələ olmaz. İndilikdə cənab Uorlik pitipərəst və gəbəpərəstdir, gələcəkdə baxarıq.
Amma onun və səfir Morninqstarın sələfi Metyu Brayza vardı, bax, o gerçək Azərbaycanpərəst idi. Sağ olsun, hələ də hərdən xeyrimizə danışır, söz-sözü gətirəndə, ehtiyac olanda qabağa çıxır, deyir ki, Azərbaycan tərəfi haqlıdır. Ağdamda vurulan helikopter məsələsində də cənab Brayza ortaya mərdi-mərdanə mövqe qoydu, dedi, təmas xəttini keçən helikopterin vurulması təbiidir.
Qədim Azərbaycanpərəst Stenli Eskuderodan isə səs çıxmadı. Neçə vaxtdır, sabiq səfir ümumiyyətlə ortalıqda görünmür. Heç onu da bilmirik ki, Eskuderonun Nardaran tərəflərdəki layihəsi başa gəldimi, gəlmədimi. Orda mübahisəli məsələ vardı. Kənd camaatı nəzərə almırdı ki, kişi gerçək bir Azərbaycanpərəstdir, ona beş-altı hektar torpaq vermək lazımdır. O da, kim bilir, bəlkə elə bu xoşagəlməz davranış üzündən Azərbaycanpərəstliyinə son qoyaraq ölkəmizdən küsüb gedib. Bəlkə də yenə ölkədədir, amma artıq o dərəcədə Azərbaycanpərəst deyil. Ya da biznesinə pəl vurulub deyə ser çönüb ermənipərəst olub, nə biləsən.
NATO-nun ermənipərəst olması haqqında əlimizdə səhih məlumatlar yoxdur, yoxsa yazardım.
Eyni şeyi AŞPA haqqında demək olmaz. Arada ordakı qətnamələr-filanlar, gündəliyə salınan məsələlər xoşumuza gəlməyən kimi Səməd Seyidov başda olmaqla digər iqtidar deputatları “ermənipərəst” möhürünü qoyurlar AŞPA-nın belinə. Bir dəfə hətta deputat Rəfael Hüseynov hörmətli həmməruzəçi Andreas Qrossu ermənipərəst çıxarmışdı, hətta onun barəsində “Andreas içində Andronik” başlıqlı bir yazı da yazmışdı. Amma hər kəs bilirdi ki, yazıq Qross nəinki ermənipərəst deyildi, hətta Azərbaycanpərəst idi.
Bununla belə, Avropada ermənipərəst təşkilatlar çoxdur və onlar bunu nəinki danmırlar, hətta qürur duyurlar, bu barədə orda-burda fəxrlə danışırlar.
Bir dəfə biz, məşhur ifadə ilə desək, Amerikada olanda Cənubi Karolina ştatının parlamentinin xarizmatik görünüşlü bir deputatı ilə görüşürdük. Adam danışığıyla, hazırlığı ilə bizi mat qoymuşdu. Söhbət dərinləşirdi, birdən o deputatın başı nə təhər çöndüsə, durub bizə ermənipərəst olmasından danışdı (deyəsən, bizi ermənilərlə səhv salmışdı), dedi, siz bilmirsiniz, biz burda “erməni genosidi” haqqında qətnamə qəbul etdirmək üçün nə qədər çalışırıq, daima Ermənistanın haqq işinin yanındayıq.
Belə olanda bizim də başımız çöndü, dedik, ser, buracan yaxşı gəlmişdin, amma burda qatıqladın (məhz belə dedik, vallahi). Tərcüməçilərmiz köməkləşərək bu ifadəni ingiliscəyə necə çevirdilər, hansı yaradıcılıq fəndləri işlətdilər, bilmirəm, amma cənab deputat pərt oldu və üzr istədi. Amma ta gec idi. Deputat gedəndən sonra təşkilatçılara gileyləndik ki, bu ermənipərəst deputatı hardan tapıb gətirmisiz. Onlardan biri təxminən dedi ki, ermənipərəst olanda, nə olarE Heç zad.
Sözümün canı odur ki, “pərəst” o qədər pis şəkilçi deyil, çox sevməyi nəzərdə tutur. Məsələn şöhrəti çox sevən adama “şöhrətpərəst” deyirlər, el dilində desək, baz adamları “şəhvətpərəst” adlandırırlar və s. Erməniləri çox istəyənlərə də “ermənipərəst” demək normaldır. Ona görə də bəziləri bu sözü nədən ana-bacı söyüşü kimi alqışlayıb, arı yuvasına çubuq uzatdılar, bilmirəm.