Загрузка...

ilhamiyye7

Neçə gündür Batumidə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun iclasında baş verənlər ətrafında müzakirələr gedir. Müzakirə olsaydı nə vardı ki? Sağlam müzakirə çoxdandır bu ölkənin iqtidarlı müxalifətli, bütün cəbhələrindən qeybə çəkilib. Müzakirədən çox monoloq janrında söylənən ittihamlar baş alıb gedir.

Məsələ belədir ki, bir qrup nümayəndə heyəti adı çəkilən tədbirdə iştirak etmək üçün Batumidə gedir. Tədbirin ortasında gözlənilmədən Azərbaycanda siyasi məhbuslarla bağlı hazırlanmış sərgi -stendlə üzləşirlər. Kiçik bir qismi çıxmaq şərtilə, qalan nümayəndələrimizin bu, xoşuna gəlmir. Hesab edirlər ki, tədbirdə iştirak edən digər ölkələrdə də bu növ problemlər olduğu halda, nədən məhz Azərbaycan hədəfə alınıb? Odur ki, tədbiri boykot edirlər. Tədbirə qonaq statusunda qatılmış qəzetçi Rauf Arifoğlu da bütün bunlardan xəbər hazırlayır, sərginin qərəzli şəkildə hazırlanıb – hazırlanmamasını araşdırır, bəzi faktlar əsasında o qənaətə gəlir ki, həmin beynəlxalq təşkilat ermənipərəstdir. Nədən bu qənaətə gəldiyini də izah edir. Sən demə, bu təşkilat bir ildən çoxdur ki, Vətəndaş Cəmiyyəti Forumunda qondarma Dağlıq Qarabağ nümayəndələrini tam hüquqlu heyət kimi Foruma üzv etməkdə israrlıdır. Bununla bağlı dəfələrlə Azərbaycan heyəti ilə mübahisələri də olub. İndi belə bir təşkilat, Azərbaycanda demokratiyanın durumu ilə bağlı niyə sərgi keçirsin ki, bəlkə demək istəyir ki, düz edib ayrılıblar Azərbaycandan erməni separatçılar, çünki orda vəziyyət bu cürdür… Bəlkə, tam səmimi olaraq, vəziyyətdən narahatdırlar və xalqımızın təəssübünü çəkirlər? O zaman, təəssübünü çəkdikləri xalqın haqqına girmiş erməni separatçılarının ictimai vəkilliklərini nədən boyunlarına götürüb, onların təmsilçiliyində təkid edirlər?
Bu çox ciddi məqamdır. People in Need təşkilatını müdafiə edib, Rauf Arifoğlunu qeyri – səmimilikdə, satılmaqda, nə bilim daha nələrdə ittiham edənlərin fikirlərini bir – bir oxudum; bəlkə gözümdən qaçıb, amma heç kim, bu faktın həqiqətə uyğun olmadığı barədə bir söz yazmayıb. Mənə maraqlıdır, niyə bu məsələnin üstündən sükutla keçilir? Sizcə bu, prinsipial deyil? Qondarma separatçı dövlətin nümayəndələrinin tam hüquqlu təmsilçiliyini israr edən bir təşkilatın Azərbaycanda siyasi məhbus probleminə həsr olunmuş stend hazırlamasının motivləri nə dərəcədə səmimidir?
…Bir müddət əvvəl, “Yeni Müsavat” qəzetinin redaksiyasına getmişdik, qəzetin yubileyini təbrik etmək üçün; baş redaktorla görüşümüz əsnasında, İntiqam Əliyevlə bağlı yazı müsabiqəsinə gəlmiş yazıların yerləşdirilməsini xahiş etdik. Cavab belə oldu: ” Sizin xahişiniz olmasa belə, biz, bunu edirik və edəcəyik. Hətta iki il öncə İstanbulda, hava limanında baş verən olaylar zamanı da, “Yeni Müsavat” olaraq, onun yanında idik…”

Bundan sonra, biz də yazıları dalbadal göndərdik qəzetə. Sağ olsunlar, bu söhbətdən sonra mövzuya tam dəstək verdilər, yazılar yerləşdirildi. İndi deyin görüm, hakimiyyətə “yarınan” mətbuat orqanı, siyasi məhbuslara dəstək verərmi?