samir sari kose 1

Şair Səməd Vurğun hələ 60 il bundan əvvəl deyib ki, nemətsə də gözəl şeir, şair olan da qəm yeyir…

Doğru söhbətdir. İndi mən durub gözəl poema yazan, amma qonorarı verilməyən Firdovsinin, təqaüdü kəsilən Füzulinin, dərisi soyulan Nəsiminin, repressiyaya məruz qalan və çoxlu qəm yeyən digər şairlərin adlarını yazaraq siyahı təqdim edə bilərəm. Amma buna lüzum yoxdur.
Zatən, şairlərin Yessentukidə, Peredelkinoda, Yaltada, Karlovı-Varıda “doktorski” kolbasa yeyən vaxtları, türkün sözü, mazidə qalıb, indi onlar əksəriyyət etibarı ilə qəm, kədər, bir sözlə, əllərinə nə düşdü, yeyirlər.
Amma son vaxtlarda parlayan iki şair var ki, onların problemi başqa cürdür.
Şairlərdən biri tanınmış müğənni-bəstəçi Elza Seyidcahandır. Xanım poeziya aləminə yeni qədəm basıb və açığı, ədəbiyyat düşərgəsini əməlli-başlı silkələyib. Düzdür, bəzi yoldaşlar, qardaşlar hesab edirlər ki, Elza xanımın şeirlərində, Nekrasov demişkən, poeziya gecələməyib, guya ki, o şeirlərdə poeziyanın “p”si, şeirin “ş”si yoxdur, amma bunlar subyektiv fikirlərdir.
Yəqin ki, xanım özü başqa fikirdədir, onu bu misraları yazmağa vadar edən səbəblər var, yoxsa ağıllı-başlı adama nə düşüb ki, o cür şeirlər yazsın və hələ bunu da sosial şəbəkələrdə paylaşsın.
İndinin şeirləri də belədir, arkadaşlar. Getdi əruz dövrü. Əruz zamanın korroziyasına məruz qaldı. Gəraylı, müxəmməs, qoşma dövrü də bitib. İndi heç kəs özünə əziyyət verib dodaqdəyməz yazmaz. Həm də nə mənası var axı. Qoy şeir oxuyanda dodaqlar bir-birinə dəysin, amma şeirin də mənası olsun. Əslində heç indilərdə qafiyə, vəzn, heca hərləyən də yoxdur, hamı guya ki, mənalı poetik misralar hayındadır. Hərçənd axtaranda dərin məna da tapa bilmirsən.
Bax, belə bir ortamda Seyidcahanın şeir yazması qəribə deyil, təbiidir. İmkan verin, yazsın, içini töksün, duyğularını dilə gətirsin, hisslərini camaata duyursun. Yoxsa hərə bir şey yazır, etiraz edir, qoymurlar hörmətli müğənni talantını cilalasın. Kim bilir, bəlkə o bir gün öz yazdığı şeirlərə gözəl musiqi bəstələyəcək – Sezen Aksu kimi… Yəqin ki, Sezen xanım da təzə başlayanda onun kimi el üzünə qoyulmayası şeirlər yazıb, amma zamanla püxtələşib və belə misralar qələmə alıb: “Şimdi bana kayb olan yıllarımı versələr”, “Sən də mənim hatalarımdan birisin, … sən ən gözəl duyğuların katilisin” -filan.
Şeir yazmağa başlayan ikinci şəxs də bəstəçidir. Onun populyar mahnılarını bilirsiniz, amma Hüseyn Abdullayev bugünlərdə sosial şəbəkələrdə və onların vəsiləsiylə mediada bir möhtəşəm şeir paylaşıb.
Düzü, həmin şeiri özüm dinləməmişəm, amma deyirlər, siyasi səciyyəli şeir olub, yəni misraların içində poeziya gecələsə də, gecələməsə də, onun müəllifi istəyib ki, nəzm əsəri üsyankar xarakterli olsun.
Yeri gəlmişkən, güman ki, Nəsimi “Ey bülbüli-qüdsi, nə giriftari qəfəssən, sındır qəfəsi, tazə gülüstan tələb eylə” misralarını yazanda bülbülü qanunsuz hərəkətlərə, ictimai əmlaka (qəfəsə) zərər yetirməyə təhrik etdiyini bilmədiyi üçün başına o işlər gəlib. Yəni şeirşünasların dediyinə görə, gərək şeirdə çağırış olmasın. Olanda adamın özünün əmlakını gəlib uçururlar, ya da elə edirlər ki, özü uçur.
İndi budur, xəbər yayılıb ki, hazırda Almaniyada mühacirətdə olan Hüseyn Abdullayevin şəhərin mərkəzindəki ofisini uçurublar. Fəhlələr isə deyirlər ki, bina qəfildən uçub. Özü. Dik durduğu yerdə.
Əslində inşaaat sektorunda belə fenomenal hadisələr olur. Bina qocalır, köhnəlir, zəifləyir, o hala çatır ki, onun damına hansısa quş (lap deyək ki, bülbüli-qüdsi) qonan kimi bina uçur. Amma bu o demək deyil ki, binanı quş uçurdu. Yox, bina özü uçmağa bənd idi, ona görə uçdu. Amma bir də var, Əlincə qalası kimi möhkəm bir binanı ekskavatorun çalovuşunun ağzına verib uçurasan.
Ehtimal olunur ki, həmin ofis, yəni “Əmrahbank”ın yerləşdiyi bina məhz bir şeirin güdazına gedib.
Sonra da deyirlər, indiki zamanda şeir oxuyan yoxdur. Yanlış! Hətta “indi güclü şeir yazan yoxdur” da deyirlər. Bu da yanlış. Təcrübə bir daha göstərdi ki, gözəl şeir nemətdir, bir şeirlə ev qurmaq mümkün deyilsə də, bir şeirlə ev yıxmaq olar.