Azərbaycanın dövlət rəsmilərinin olduğu helikopterin vurulması ilə bağlı müəmmalar hələ də qalır
Bu gün içərisində Azərbaycanın dövlət və hökumət rəsmilərinin, siyasi xadimlərin olduğu vertolyotun ermənilər tərəfindən vurulmasından 22 il ötür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri Xankəndinə gedən Mİ-8 N72 helikopterini vurublar.
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün bu hadisə barədə saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu məlumat yayıb.
Əvvəl yayılan rəsmi variantda helikopterin dumanlı havada qayalara çırpıldığı iddia edilsə də bir neçə gün sonra onun vurulduğu etiraf olunmuşdu. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin indiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə helikopteri müşayiət etmirdi? Niyə onların hamısı bir helikopterdə idi-sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir. Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi helikopterinə Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu U-238 var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həm də kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqları mərkəzdən 500-600 metr kənara atılır.
Qeyd edək ki, Azərbaycana qarşı həyata keçirilən bu terror hadisəsi nəticəsində 22 nəfər həlak olub. Onların sırasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, prezidentin mətbuat katibi Osman Mirzəyev və digər ictimai, siyasi xadimlər var idi.
Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı “qara qutu”nu Rusiyaya göndərdilər. Ancaq “qara qutu”dan heç bir səs-soraq çıxmadı.