Dünyanın ən şən şəhərlərini müəyyən eləmək üçün sorğu olub, birinci yeri guya Almaniyanın Berlin şəhəri tutubdur. Halbuki, biz AzTV reportajlarından bilirik ki, Almaniya dağılır, Berlin də içəridən çökür, hətta bu yaxınlarda şəhərin içindən keçən hasarın sökülməsinin 25-ci ildönümünü qeyd etdilər. Normal, şən yaşayan şəhər də içindəki hasarın sökülməsini qeyd edərdimi? Xəstədir bunlar. Hamısı ermənipərəstdir.
Şən şəhərlər arasında Bakımızın adına heç rast gəlinmir, ancaq ilahi ədalət deyir Bakı dünyanın ən şən şəhəridir. Hətta ölkənin ən ağır vaxtlarında Bakımız öz əyləncələrindən, kefindən qalmamışdır, elə düz də etmişdir. Dünya beş gündür onsuz da, dərd çəkməyə dəyərmi? Bayaq hasar misalını nahaq yerə yazmadım, Bakımızın içindən çoxlu sayda çalın-çarpaz hasarlar keçir. Biz onları sökmürük, niyə sökək? Şən yaşayırıq onsuz da. Camaat hambal tutub bu hasarların üzərindən adaxlıbazlığa gedir.
Bakımızın şən olması çoxlu sayda nəğmələrdə də əksini tapmışdır. Gəlin onlardan birini əziz oxucularla birgə oxuyaq:
“Sən ana Xəzərimin sahilində,
Şən Bakı, şöhrətin var el dilində.
Hər axşam işıqlar yanır,
Ürəyim səni anır
Harda olsan anam-gözüm, Bakı
Ey cavan Bakı.
Mehriban Bakı.
Bax necə göy Xəzərin ləpələri
Hər səhər sahilinə nur çiləyir.
Ey şirin nəğməli şəhər,
Bəxtəvər nəşəli şəhər,
Sən şəhərlər gözəlisən Bakı”.
Gördüyünüz kimi, bu mahnıda Bakının şən şəhər olması birbaşa vurğulanır, buna görə də cənab prezidentə dərin minnətdarlığımızı bildiririk. Çünki hal-hazırda Bakı bulvarı dünya bulvarları arasında uzunluğuna görə birinci də olmasa, eşitdiyimə görə ikinci yerdədir. Düzdür, mahnının axırındakı “nəşəli şəhər” ifadəsinin bir az pis yozulması mümkündür, ancaq nəyə lazımdır? Xəbis niyyətli insanlar onsuz da hər şeydə qara-qura axtarırlar. Hamısını tutub zindana salsan da yenə narazılıq edirlər. Bilmirsən ta bunlara nə lazımdır. Naşükürlər… Hökumət yeyib doyub, camaat isə ac qalıb ölmür. Belə paradokslar vardır. Mövlanə Cəlaləddin Ruminin bu mövzudakı gözəl aforizmini də yazaq, uca millətimiz daha şən olsun: “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!”.
Oxuculardan bəzisi müəllifi sərsəmlikdə qınaya bilər, ancaq heç bir haqqınız yoxdur. Səyavuş və Fəzail 20 ildir sizin deputatdır, mənim yox. Mən ümumiyyətlə buralı deyiləm, bilmirəm göydəki Aydır, yoxsa Günəş. Noyabrın 19-21-i arası Bakıda elə bir təşkilatın iclası keçiriləcək ki, bu xəbəri oxuyan sərsəmləyər, gəl gör o iclasda oturasan… Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyası Bakıda keçiriləcək! İclaslara xaricdən nazirlər, məmurlar, qonaqlar çağırılıb.
Əlbəttə, Bakıda elm yoxdur, ancaq biz onun festivalını qayırdıq, bu mənada korrupsiya reytinqlərində həmişə pis yer tutan ölkəmizdə belə tədbirlər də olar. Misal üçün, iki-üç gün qabaq açıqlanan Qlobal Rüşvət İndeksinə görə Azərbaycan dünya dövlətləri arasında 140-cı yerdədir; qonşularımız Gürcüstan – 11-ci yerdə, Ermənistan isə 87-cidir – bunun qısa mənası odur ki, Azərbaycanda rüşvətsiz biznes qurmaq imkanları Gürcüstandan təxminən 14 dəfə azdır. Biz rüşvət ala-ala antirüşvət akademiyası qurmağımızı da elə şən yaşayışımızın bir isbatı kimi qəbul etməliyik. Düşmənlərin gözü çıxsın! Şən olmalıyıq hər zaman. Bir üzümüz ağlayanda, o biri üzümüz gülməlidir. Bu ikiüzlülük deyil, səmimi həyat tərzidir. Artistlik eləmək nəyə lazım? Guya biz indi burda şivən qoparıb rüşvətə nifrət elədiyimizi yazsaq, buna inanan neçə nəfər olacaq? Neçə nəfərimiz hansısa fırıq işini aşırtmaq üçün rüşvət verib, ya da verməyə hazırlaşır?
Yazını isə yenə başqa bir şən nəğmə ilə bitirirəm:
“Sən, ey doğma Bakımız,
Döyünən ürək,
Gəlmişik qucağına
Oynayaq, gülək.
Gəlin, dostlar, gəlin,
Yan-yana düzəlin”.